Dil, etnos və mədəni dəyərlərimizin formalaşması -Akif Nağıdan tariximizə fərqli baxış...
Elm və Təhsil
3096
06 Mar 2024 | 19:13

Dil, etnos və mədəni dəyərlərimizin formalaşması -Akif Nağıdan tariximizə fərqli baxış...

“Bu gün dilimizin türk dillərinin oğuz qrupuna aid olduğu hamı tərəfindən qəbul olunur. Lakin oğuz dillərinin tarixini həddindən artıq qısaldır, yeni eranın I minilliyinin ortaları ilə məhdudlaşdırırlar. Bu anlaşılmazlıq aradan qaldırılmalıdır...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
(Əvvəli burada: )
 
Azərbaycan tarixi AKİF NAĞININ təqdimatında... -V mövzu
 
Dil, etnos və mədəni dəyərlərimizin formalaşması
 
E.ə. III-II minilliklərin etnik mənzərəsi...
 
 
E.ə III-II minilliklərdə Azərbaycanda etnik, dil, dini-ideoloji proseslər sürətlə inkişaf edir, kifayət qədər aydın mənzərə yaranırdı. Əvvəlki dövrdə ulu dilin protodillərə bölünməsi özünü daha konkret şəkildə göstərdi. Bu dövrlə bağlı prototürk, protoazərbaycan reallığı birmənalı olaraq qəbul edilməlidir. Müxtəlif fikirlərin, bəzən təhriflərin yer aldığı məsələlərdən biri proto-Azərbaycan dili ilə şumer dili arasındakı əlaqələrlə bağlıdır. Bəzi alimlər iki fərqli dilin qonşuluqda fəaliyyət göstərdikləri və buradan da bir-birinə təsir etdikləri fikrini irəli sürür, şumer dilində türk sözlərinin olmasını bununla izah edirlər. Müxtəlif alimlərin tədqiqatları ilə şumer dilində 200-dən çox türk mənşəli söz aşkar edilib. Məsələn, ada-ata, ama-ana, bilga-bilgə (müdrik), bal-balta, dingir-tengir, de-demək, duru-duru, eren-ərən, en-ən, lu-ulu, ud-od, udun-odun və sair kimi sözləri göstərmək olar [6, s.136-141]. Bu faktlara söykənən alimlər “qonşuluq təsiri” variantına üstünlük verir.
Digər alimlər isə bu faktı hər iki dilin eyni kökdən olması, şumerlərin də türk mənşəli olmaları ilə izah edir. Bu mövqe reallığa uyğun və daha inandırıcıdır. Dünyanın bir çox tanınmış mütəxəsisləri şumer dilinin türk dilinə qohum olduğunu müdafiə edir, bildirirlər ki, “şumer dili əsas əlamətlərinə görə türk dillərinə uyğundur” [14, s.6-7], bu dildə “İran və sami dillərinə xas cizgilər yoxdur, əksinə, Turan, Ural-Altay dilləri ilə bir qohumluq var” [17, s.466], “öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər” [16, s.150], “əski türkcəyə bənzər bir dildir” [4, s.10,58-59], “təmiz Azəri türkcəsidir” [10, s.24,409].
 
Azərbaycanın ən qədim sakinlərindən biri proto-türklər olmuş, onlar ümumi danışıq dili olan türk dilindən istifadə etmişlər. Böyük ehtimalla proto-türklər bu zaman nəinki qədim Azərbaycanın, həmçinin Anadolu yarımadasının və Orta Asiyanın sakinləri olmuş və tədricən şimala doğru hərəkət etmişlər [2, s.78].
 
Dünya qəbul etmək istəmir ki, tarix türklərdən başlayır, qədimdə nə olubsa, hamısının kökündə türklər dayanıb. Buna əyani şahid olmaq üçün yunanlar, qədim italyanlarla bağlı hadisələrə qısa ekskurs edək. Türk tayfaları e.ə. III minillikdə, Azərbaycanda dövlətçiliyin əsasının qoyulduğu təxminən eyni tarix kəsiyində indiki yunan torpaqlarında yaşamış, yunanlar hələ oraya gəlməmişdən, e.ə. III-II minillikdə dövlət yaratmış, e.ə. II minilliyin əvvəllərində yunanlar gələn dövrdə həmin əraziləri tərk edərək, indiki İtaliya, Egey adaları və Qərbi Anadoluya keçmişlər [1, s.3]. İtaliya ərazisində təxminən e.ə. XX əsrdə iki türk tayfası- turlar (Turan sözü buradandır) və sakalar birləşərək tursakaları (etruskları) meydana gətirdilər və dövlətlərini qurdular [1, s.7]. Böyük ehtimalla, Azərbaycanın qədim tayfalarından turukkilərlə etrusklar qohum idilər [6, s.171]. 
 
Bu yerdə antik dövrün sirli xalqlarından sayılan troyalıların, trak və etruskların türk mənşəyi ilə bağlı kifayət qədər faktın olduğu qeyd edilməlidir. Yeni eranın XIII-XIV əsrlərinə aid Skandinaviya coğrafiya əsərlərində Kiçik Asiyadan şimala-Skandinaviya ölkələrinə gəlib məskunlaşmış türklərdən, onların rəhbəri Odin oğlu Tordan bəhs olunur. Skandinaviyanın bəzi mənbələrində Odin oğlu Torun rəhbərliyi altında gəlmiş bu xalq “troyalılar” adlandırılır. Etrusklarla bağlı xüsusi olaraq vurğulanmalıdır ki, onların işlətdikləri alp, alpan, tanra (ı) və sair dini, əfsanəvi ifadələr eyni formada bütün türklər tərəfindən də işlədilmişdir [7, s.182-183].
 
Obyektivlik naminə, qeyd edilməlidir ki, Şərqi Anadolu, Ön Qafqaz və Şimali İkiçayarası hindavropa tayfalarının da ilk vətəni olmuşdur. E.ə. V-IV minilliklərdə burada ümumi hindavropa (protohindavropa) dili mövcud olmuş, e.ə. IV-III minilliklərin hüdudlarında bu dil dialektlərə, ləhcələrə parçalanmış, təxminən həmin vaxtda qərbə, şimala, şərqə doğru hərəkət etmişlər [2, s.83]. Hindavropa, türk, sami, Qafqaz və başqa dil ailələrinin ilkin məkanı Ön Asiya olmuşdur, onlar burada bir-birinin qonşuluğunda yaşamış, bir-birinin dillərini zənginləşdirmişlər. Hindavropalılar oranı e.ə. IV minillikdə tərk etməyə başlamış və e.ə. VIII əsrdə qismən geriyə dönüş etmişlər [6, s.173].
 
Mövzu ilə bağlı bəzi etnonim və toponimləri də nəzərdən keçirək. Kuti, lullubi, kas (kassi) və digər tayfa və sülalələrin adları əsasən türkdillidir [9, s.50]. E.ə. III minilliyə aid “turukki” sözü “türk” etnoniminin qədim forması idi. Lullubi, kuti və digər adlar onlara əsasən qonşular və yaxud regiona yürüşlər edən xalqlar tərəfindən verilmişdi. Lakin bu kənar adların özləri də eynidilli tayfalar arasında yarana bilərdi [2, s.238]. Qədim dövrün tarixi, dilləri ilə məşğul olan alman alimi Benno Landsberger və türkiyəli mütəxəssis Kemal Balkan kutilərin türk olduqlarını, onların hökmdar adlarının türk mənşəli olduğu qənaətindədirlər [6, s.170]. Mütəxəssislər onu da vurğulayırlar ki, Azərbaycanın kas (kassi) tayfasının, sülaləsinin adı “sak” tayfa adının ilkin formasıdır. Skif, skolot, işquz, aşquz sözləri də sak sözünün tələffüz variantları və sakların tayfa bölümləridir. Kasların (kassilərin) çox qədim, bəlkə də bütün tayfalardan daha qədim olmaları ilə bağlı fikir mövcuddur. Hesab olunur ki, saklar onların sonrakı nəsillərindəndir [6, s.188]. Proto-türklərin bir qismi e.ə. IV minilliyin sonu- III minilliyin əvvəlində şumerlərlə yaxın ünsiyyətə girmiş və şumer dilinə təsir göstərmişdir. Bu, eyni kökdən olan dillərin qarşılıqlı təsiri kimi dəyərləndirilməlidir. İlk şumerlər Azərbaycan əhalisi, Aratta-“dağ” sözünü işlədən etnoslarla siyasi, iqtisadi, mədəni əlaqələr yaratmışlar. E.ə. III-II minilliklərdə Azərbaycanda türk tayfaları yaşayırdı. Bir daha qeyd edirik ki, bunu yer və şəxs adları aydın şəkildə göstərir [2, s.232]. Eyni zamanda türk dilinin şumer və hindavropa dillərindəki izləri ulu, kök dilin olması ilə, dünya dillərinin mənşə birliyi ilə əlaqədar idi.
 
Proto-türk və proto-Azərbaycan ifadələri eyni mənada işlədilir. Diqqəti Azərbaycan ərazisində gedən proseslərə, “Azərbaycan” adının bütün dövrlər üçün keçərli olduğuna yönəltmək məqsədi ilə e.ə. III minillikdən başlayaraq ərazilərimizdə yaşayan tayfaların, hakimiyyətdə olan sülalələrin dillərinin prototürk yox, protoazərbaycan adlandırılması daha məqsədəuyğundur. Çünki onlar eyni ərazidə, Azərbaycan ərazisində, dövlət halında yaşamış və bir xalq kimi birləşməyə, fərqlənməyə başlamışlar [6, s.194]. Bu dövrdə ərazilərimizdə yaşayan əhali Azərbaycan xalqı olaraq formalaşmışdı. Bu vaxtdan proto-Azərbaycan dilinin dövrü başlayır. Azərbaycanda yaşayan türk tayfalarının dili gələcək vahid Azərbaycan dilinin əcdadı kimi formalaşır, tədricən inkişaf edir. Bu proses e.ə. I minilliyin ortalarına qədər davam edir [6, s.194].
 
Bu gün dilimizin türk dillərinin oğuz qrupuna aid olduğu hamı tərəfindən qəbul olunur. Lakin oğuz dillərinin tarixini həddindən artıq qısaldır, yeni eranın I minilliyinin ortaları ilə məhdudlaşdırırlar. Bu anlaşılmazlıq aradan qaldırılmalıdır. Məlumdur ki, Azərbaycan dili oğuz və qıpçaq ləhcələri əsasında təşəkkül tapmışdır [5, s.3-14]. T. Qamkrelidze, V. İvanov, Y. Yusifov kimi tanınmış alimlər hesab edirlər ki, oğuzlar çox qədimdən Azərbaycan ərazilərində yaşayıb, e.ə. III minillikdə Ön Asiya, o cümlədən Azərbaycanın cənub torpaqlarından ayrılaraq Mərkəzi Asiyaya hərəkət edən toxar/tükər tayfalarının bir hissəsi türkdilli oğuzlar olub [2, s.81-82]. Aşquzay, işquzay, skif, skolot deyilən türk tayfaları oğuzlardır [6, s.422]. Azərbaycan dilinin təməlində dayanan oğuz və qıpçaq ləhcələrinin arasında da elə ciddi fərq olmayıb, onlar bir-birini tamamlayaraq Azərbaycan dilini meydana gətiriblər. Türk dilinin oğuz və qıpçaq ləhcələri bir-birindən ciddi fərqlənməmişdir [11, s.156-157].
 
Azərbaycanın qədim əhalisi ilə bağlı ərəb mənbələrindəki bəzi məqamları qeyd etmək faydalı olardı. Yeni eranın VIII-IX əsrlərində yaşamış ərəb müəllifi Əbdülməlik ibn Hişam “Himyər hökmdarları barədə taclar kitabı” adlı əsərində xəlifə I Müaviyyə (661-680-ci illər) ilə onun müasiri Übeyd ibn Şəriyyə əl-Curhumi arasında bir söhbəti qələmə almışdır. Həmin söhbətin məzmunu belədir: Übeyd ibn Şəriyyə nəql edir ki, Yəmən padşahı ər-Raiş zamanında onun sərkərdələrindən biri türklərlə döyüşə-döyüşə Azərbaycana daxil oldu. Döyüş nəticəsində türklər məğlub oldular... Həmin sərkərdə döyüş və keçdiyi yolla bağlı məlumatı (Azərbaycanda.- A.N) iki daş üzərinə yazdırdı... Bu yerdə Müaviyyə Übeyd ibn Şəriyyədən Azərbaycan haqqında soruşur: Azərbaycan haqqında əlaqəniz, təlaşınız və xatirəniz nədir? Übeyd ibn Şəriyyə belə cavab verir: Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər [3, s.56-57]. XII əsrin əvvəllərinə aid başqa bir anonim fars mənbəyində də qeyd olunur ki, “Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir” [13, s.183].
 
Tədqiqatçılar Yəmən hökmdarı ər-Raişin Musa peyğəmbər və Firdovsinin təsvir etdiyi əfsanəvi hökmdar Mənuçöhrlə eyni vaxtda yaşadığını göstərir. Onların yaşadığı dövr isə təxminən e.ə. XIV-XIII əsrlərə aid edilir. Deyilənlər həmin vaxtlarda Azərbaycanda türklərin əksəriyyət təşkil etdiyini göstərir [8].
 
Bu dövrdə artıq müəyyən mədəniyyət nümunələrini də qeyd etmək olar. Bu nümunələr qədim əcdadlarımızın yaradıcılıq bacarığı, düşüncələrini müəyyən formalarda təsvir etmək qabiliyyətlərini göstərirdi. Qobustan qədim yaşayış məskənində mezolit dövrünə aid 6 mindən artıq qayaüstü rəsm vardır. Bunlar daha çox ilkin incəsənətin çiçəklənmə dövrü hesab edilən eneolit mərhələsinə aid idi. Bu rəsmlərdə dini və bədii görüşlər əks etdirilmişdir. Burada kişi və qadın, balıqtutma səhnəsi, vəhşi heyvanlar, xalq rəqsi “Yallı”nı xatırladan səhnə və sair əks etdirilib [12].
 
E.ə. IV minilliyin ortalarında Leylatəpə (Ağdam) mədəniyyəti mövcud olmuşdur. Keramik qablarda dəfn bu mədəniyyət üçün xarakterikdir. E.ə. IV-III minilliklərdə Kür-Araz mədəniyyəti yer almışdır. Bu mədəniyyət yerli filiz yataqlarının geniş istifadəsi, metalişləmə sənətinin inkişafı ilə səciyyəvidir. Bu dövrdə həmçinin dulusçuluq inkişaf etmişdir [2, s.59-60]. Son tunc dövründə Muğan düzünü əhatə edən Muğan mədəniyyəti mövcud olmuşdur. Bu mədəniyyət üçün tunc qılınclar, xəncərlər, həmçinin ornamentsiz boz rəngli qablar xarakterikdir [15]. Naxçıvan ərazisində son tunc dövrünə aid boyalı qablar mədəniyyəti olmuşdur. Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi də bu dövrü əhatə edir.
 
Azərbaycan əhalisi bu dövrdə artıq yazı mədəniyyəti ilə də tanış idi. İnsanlar neolit dövründə primitiv yazı-piktoqramlardan (şəkil yazılar) istifadə etməyə başlamışdılar. Ondan sonra e.ə. IV-III minilliklərdə mixi yazılar meydana gəlmişdir. Mixi yazılardan ilk dəfə şumerlər istifadə etmiş, sonralar onlardan yazını akkadlar, elamlar, urartlar və digərləri mənimsəmişlər [6, s.174]. Azərbaycan əhalisi bu tayfalarla qonşuluqda yaşamış, mixi yazılardan istifadə etmişlər. Təəssüf ki, Lullubi və Kuti sülalələrinin bəzi təmsilçilərinə aid epizodik faktlardan başqa mixi yazılarından geniş istifadə ilə bağlı hələlik məlumatlar yoxdur. E.ə. II minilliyin sonunda isə ilk əlifbalı yazı meydana gəldi. Finikiyada (indiki Livan ərazisi) ilk əlifba yarandı, onun əsasında sonradan arami, latın, yunan, ərəb və sair əlifbalar meydana gəldi.
 
Beləliklə, e.ə. III-II minilliklər ərzində Azərbaycanda etnik və dil proseslərinin növbəti mərhələsi davam etdi. Ümumi danışıq dili formalaşdı, etnik mənsubiyyət məsələləri kifayət qədər aydınlaşdı. Azərbaycanda türk, hindavropa, Qafqaz mənşəli etnoslar, böyük ehtimalla əsasən qonşuluqda məskunlaşmış sami tayfalarının da nümayəndələri yaşayırdı. Ümumi ünsiyyət vasitəsi isə protoazərbaycan, prototürk dili əsasında formalaşmışdı. Ölkənin aparıcı etnosu prototürklər, protoazərbaycanlılar idi. Məhz bu dövrdə türklərin dominant rolu ilə türk, hind-avropa, Qafqaz mənşəli etnosların bir-birlərinə qaynayıb-qarışması, bir-birlərini zənginləşdirməsi, qohumlaşması, cəmləşməsi ilə vahid Azərbaycan xalqının formalaşmasının ilk mərhələsi başlandı, ilk dini-ideoloji, mədəni, mənəvi birlik ünsürləri, xüsusiyyətləri yarandı.
 
Ədəbiyyat:
 
1. Ayda A. Etrusklar (Tursakalar) türk idiler. Ankara, 1992.
2. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
3. Azərbaycan tarixi üzrə qaynaqlar. İkinci nəşr. Bakı, “Çıraq”, 2007.
4. Cevat A. Alfabenin menşei en eski türk yazısıdır. İstanbul, “Marifet”, 1933.
5. Dəmirçizadə Ə. Azərbaycan dilindəki oğuz-qıpçaq lisani ünsürləri. Bakı, Azərbaycan SSR EA Dilçilik İnstitutunun Əsərləri, I cild, 1947.
6. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
7. Qaraşarlı Ç. Troyalılar kimi idi? Məqalələr toplusu, IV. Azərbaycan Dillər İnstitutu. Bakı, 2000.
8. Qasımova A. Bakı Dövlət Universitetinin professoru. “Türklər-Azərbaycanın qədim sakinləri”.- “525-ci qəzet”, 2009, 25 iyun, s.7.
9. Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
10. Nüvədili T.V. Əcdad. Sietl, BA, ABŞ, 1997.
11. Баскаков Н.А. Введение в изучении тюркских языков. Москва, «Высшая школа», 1969.
12. Бретаницкий Л.С., Веймарн Б.В. Очерки истории и теории изобразительных искусств. Искусство Азербайджана. Москва, «Искусство», 1976.
13. Буниятов З. Азербайджан в VII-IX вв. Баку, Изд-во АН Азерб. ССР, 1965.
14. Винклер Г. Западная Азия в древние времена (перевод с немецкого). В кн.: История человечества, т. 3. Санкт-Петербург, 1904.
15. Муганская культура.- archaeotourism.az/index.php?hang=ru§ionid= 1§=15&action=full.
16. Редер Д.Г. Мифы и легенды Древнего Двуречья. Москва, «Наука», 1965.
17. Реклю Э. Человек и земля, т. 1 (перевод с французского). Изд. Брокгауз-Ефрон, Санкт-Петербург, 1906.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər