Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdirlər.
Görüşdə dövlətlərarası münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın əsas yer tutduğu vurğulanıb, iqtisadiyyat, enerji, elm-təhsil, mədəni və humanitar sahələrdə də əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, yüksək səviyyəli ardıcıl siyasi təmaslar digər sahələrdə də əlaqələrin inkişafına zəmin yaradır. Həmçinin, Qara dəniz və Transxəzər nəqliyyat dəhlizlərinin əhəmiyyəti vurğulanaraq, bu sahədə əməkdaşlıq qeyd olunub.
Sahibə Qafarova ölkələr arasındakı əlaqələrin inkişafında qanunverici orqanların müsbət rolunu vurğulayaraq bildirib ki, sədrlər, həmçinin dostluq qrupları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, keçirilən görüşlər, onu deməyə əsas verir ki, bu gün parlamentlərimiz arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur.
Milli Məclisin sədri parlamentlərimiz arasında beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini qeyd edərək, təəssüflə vurğulayıb ki, bir sıra parlament təşkilatları Azərbaycana qarşı ikili standartlar nümayiş etdirirlər. O, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsinin ikili standartlardan başqa bir şey olmadığını qeyd edib.
Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən spiker Rosen Jelyazkov bu gün enerji sahəsində mövcud olan uğurlu əməkdaşlığa toxunub, bu əməkdaşlığın ölkəsini enerji istehlakçısından tranzit ölkəyə çevirdiyini bildirib. O, yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətində olduğunu qeyd edib.
R.Jelyazkov Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, həmçinin delimitasiya-demarkasiya işlərinin aparılması və bölgənin nəqliyyat infrastrukturunun bərpa olunması işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə bolqar şirkətləri də Qarabağda aparılan yenidənqurma və bərpa işlərində iştirak edə bilərlər.
Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, o cümlədən enerji məsələlərində Bolqarıstanın əsas tərəfdaşı olduğunu deyən Rosen Jelyazkov, ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi üçün seçilməsi münasibətilə təbrik edib, bunu Azərbaycanın ekologiya sahəsinə göstərdiyi diqqət və qayğının təzahürü adlandırıb. O, Bolqarıstanın COP29 kimi mötəbər tədbirin həyata keçirilməsində Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
Xalq Məclisinin sədri AŞPA-da təmsil olunan parlament nümayəndə heyətimizin quruma geri qayıtması məsələsinə toxunaraq qeyd edib ki, Bolqarıstan qurumda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin yenidən ratifikasiya olunmasını dəstəkləyir. O deyib ki, beynəlxalq parlament təşkilatlarında məcburedici addımların atılması qəbul olunan deyil, məsələ yalnız dialoq yolu həll olunmalıdır.
Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.