“Bir milyon insanın faciəsini “görməyən” AŞPA-nın bir ovuc erməniyə görə ayağa qalxması riyakarlıqdır”
Müsahibə
1846
26 Jan 2024 | 12:24

“Bir milyon insanın faciəsini “görməyən” AŞPA-nın bir ovuc erməniyə görə ayağa qalxması riyakarlıqdır”

Səmyar Abdullayev: “Bu qurum öz prinsiplərinə açıq-aşkar xəyanət yolunu tutub”

 

“AŞPA iri güclərin əlində təzyiq alətinə çevrilib ki, bu da ona olan inamı sarsıdır”

 

“Azərbaycanla təzyiq dilində danışmaq heç kimə fayda verməyib və bundan sonra da verməyəcək”

 

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib və bir il müddətinə qurumdan uzaqlaşdırıldığını bildirib.

 

Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə ölkə gündəmi ilə bağlı bu və digər məsələləri şərh etməyə çalışdıq:

 

-Səmyar bəy, öncə AŞPA-nın ölkəmizlə bağlı məlum qərarı ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə baş verənlər hansı mətləblərdən xəbər verir və nədən qaynaqlanır?

 

-AŞPA-nın ölkəmizlə bağlı bu addımı hər şeydən öncə adıçəkilən təsisatın Azərbaycana olan qərəzli münasibətindən xəbər verir. Bu fakt bir daha sübut edir ki, AŞPA bu gün bəzi dünya güclərinin, Fransa, Almaniya kimi iri dövlətlərin maraqlarının təminatçısı qismində çıxış edir. Onlar beynəlxalq təşkilatlar vasitəsi ilə öz maraqlarını, arzu və istəklərini diktə edir. Onlar AŞPA vasitəsilə bu istəklərə boyun əyməyən, azad və müstəqil siyasət yürüdən dövlətlərə təzyiq göstərməyə çalışırlar. Əgər belə olmasaydı, o zaman Azərbaycana münasibətdə belə bir haqsızlığa yol verilməzdi.

 

Hesab edirəm ki, baş verənlər AŞPA-nın öz təməl dəyərlərindən uzaqlaşdığını, öz prinsiplərinə açıq-aşkar xəyanət etdiyini göstərir.

 

-Azərbaycana qarşı tarixi ədalətsizlik AŞPA-nın özünə, onun beynəlxalq aləmdəki imicinə necə təsir göstərəcək?

 

-Ölkəmizlə bağlı bu qərar təbii ki, ilk növbədə AŞPA-nın özü üçün ağır nəticələrə səbəb olacaq.

 

Birincisi, bu, beynəlxalq arenada AŞPA-ya, onun ədalətinə olan inamı sarsıdacaq, ona olan etimada mənfi təsir göstərəcək. Çünki baş verənlərdən sonra hər bir dövlət aydın başa düşür ki, AŞPA-nın ədalətinə inanmaq olmaz və istənilən an iri güclərin diktəsi ilə bu qurum onları da hədəf ala bilər. Bu baxımdan, AŞPA-nın Azərbaycanla bağlı qərarının bu qurum üçün mənfi nəticələrinin yaxın gələcəkdə özünü daha çox hiss etdirəcəyi şübhəsizdir.

 

-AŞPA ölkəmizə qarşı bir sıra ittihamlar səsləndirib ki, bunlardan biri 2023-cü ilin lokal antiterror tədbirləri ilə bağlıdır. İttihamlarda dövlətimizin öz suverenliyini təmin etməsi “işğal” kimi xarakterizə olunub, habelə mülki ermənilərə qarşı zorakılığa yol verildiyi bildirilib. Sizcə Azərbaycanı öz suverenliyini təmin etdiyinə görə ittiham etmək nə dərəcədə məntiqlidir?

 

-Təbii ki, bu ittihamların heç birində məntiq və obyektivlik yoxdur.

 

Birincisi, Azərbaycan 2020-ci ilin Vətən müharibəsində olduğu kimi, 2023-cü ilin 19-20 sentyabr lokal antiterror tədbirlərini də öz sərhədləri daxilində həyata keçirib. Yəni bütün döyüşlər Azərbaycan ərazisi daxilində gerçəkləşib. Ermənistandan fərqli olaraq, Azərbaycan hər hansı dövlətin ərazisinə müdaxilə etməyib. Ölkəmiz beynəlxalq hüquqla təsbit olunan təməl haqqını – suverenliyini bərpa edib ki, onu buna görə ittiham etmək gülüncdür.

 

Mülki ermənilərin zorakılığa məruz qalması yalanına gəlincə, AŞPA özü də yaxşı bilir ki, nə Vətən müharibəsində, nə də lokal antiterror tədbirlərində bir nəfər də olsun mülki erməniyə qarşı zorakılıq göstərilməyib. Bunu Ermənistanın siyasi hakimiyyəti də dəfələrlə etiraf edib. Belə olan halda AŞPA-nın lokal antiterror tədbirlərində mülki ermənilərə qarşı zorakılığın sərgilənməsi ilə bağlı dedikləri, bu qurumun ermənidən daha çox ermənilik etdiyini göstərir. Onların “qurban” kimi təqdim etdiyi şəxslər Azərbaycana qarşı heç bir etirazlarının olmadıqlarını, onlarla humanist şəkildə davranıldığını iddia etsə də, AŞPA israrla bildirir ki, ermənilərə qarşı zorakılıq olub. Halbuki, Azərbaycan Qarabağı könüllü şəkildə tərk edən ermənilərlə bağlı 2023-cü ildə  demək olar ki, hər gün mütəmadi fotolar və videolar paylaşıb. Erməniəlrin Qarabağı könüllü şəkildə tərk etməsi prosesində şəffaflığı təmin etmək məqsədiylə ölkəmiz hər cür imkandan istifadə edib.

 

Vaxtiylə Ermənistanda qətlə yetirililən, didərgin salınan, döyülən, təhqir edilən soydaşlarımızdan fərqli olaraq ermənilər Qarabağdan heç bir təhdid və təzyiq olmadan, heç bir zorakılıqla üzləşmədən, ən əsası könüllü şəkildə gediblər. Azərbaycan onların bu ərazini tərk etməsi üçün hər hansı təzyiq göstərməyib. Əksinə, onların Qarabağda qalması, ölkəmizin sosial-iqtisadi uğurlarından faydalanması üçün hər şeyi edib. Bu gün də Qarabağı könüllü tərk edən ermənilərə müraciət edərək bildiririk ki, əgər onlar geri qayıtmaq istəyirlərsə, bizim qapımız onların üzünə açıqdır. Onlar Azərbaycan dövlətinə bununla bağlı müvafiq müraciət ünvanlayaraq, Azərbayacn vətəndaşlığını qəbul edərək bu imkandan faydalana bilərlər. Ancaq təəssüflər olsun ki, bütün bunlara rəğmən AŞPA Azərbaycanı ermənilərə qarşı zorakılıqda ittiham edir ki, bu iddiaların əsassız olduğu bütün dünyaya məlumdur.

 

-Maraqlı məqamlardan biri də 30 il erməni işğalı səbəbi ilə ağır məhrumiyyətlərlə üzləşən yüz minlələrlə azərbaycanlının taleyinə biganə qalan AŞPA-nın, Qarabağı könüllü tərk edən bir ovuc erməniyə görə ayağa qalxmasıdır...

 

-Tamamilə doğrudur. AŞPA, eləcə də digər beynəlxalq təsisiatlar 30 il ərzində ərazisi işğal edilən, minlərlə vətəndaşı amansızcasına qətlə yetirilən, bir milyondan çox qaçqın və məcburi köçkünə malik olan Azərbaycana bir dəfə də olsun ciddi dəstək nümayiş etdirmədi. Yalnız BMT-nin Təhlükəsizlik Şurası tərəfindən işğal faktı ilə bağlı 4 qətnamə qəbul edildi ki, bu qətnamələr də icra olunmadı. Halbuki, AŞPA bu müddət ərzində BMT-nin məlum qətnamələrini əldə rəhbər tutaraq Ermənistana qarşı ciddi addımlar ata bilərdi. Lakin biz bunların heç birinə şahid olmadıq. Əksinə, bu müddət ərzində də AŞPA və digər qurumlar insan hüquq və azadlıqları ilə bağlı ölkəmizə iradlar tutdular, ittihamalr səsləndirdilər. Ancaq nə sirdirsə, AŞPA 30 il ərzində bir milyondna çox azərbaycanlının pozulan hüquqlarını heç cür “görə bilmədi”. Məhz bu faktın özü AŞPA-nın Azərbaycana qarşı münasibətdə nə qədər riyakar, qərəzli və qeyri-obyektiv olduğunu görmək üçün kifayətdir.

 

-Səmyar bəy, Azərbaycana təzyiq kimi ölkəmizə qarşı sanksiyaların tətbiqinə çağırış edən AŞPA üzvləri də mövcuddur. Sizcə bu ehtimal nə dərəcədə ciddidir və sanksiyalar nəyi dəyişə bilər?

 

-Bəzi AŞPA nümayəndələrinin sanksiyalarla bağlı çağırışı absurddur və hesab edirəm ki, reallıqdan kifayət qədər uzaqdır. Sadəcə, bu kimi çağırışlarla ölkəmizə siyasi-psixololji baxımdan təzyiq göstərməyə çalışırlar. Hansı ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanlıa təzyiq və təhdid dili ilə danışmaq mümkün deyil. Bu siyasət heç vaxt fayda verməyib və bundan sonra da nəticəsiz qalacaq.

 

Onu da qeyd edim ki, bu gün müqayisədə Avropa dövlətlərinin Azərbaycana ehtiyacı daha çoxdur. Azərbaycan Qərbin enerji təhlükəsizliyinin təminində həlledici rol oynayır. Doğrudur, Azərbaycan heç vaxt iqtisadi amildən, xüsusilə də enerji faktorundan siyasi təzyiq aləti kimi istifadə etməyib. Lakin əgər Avropa dövlətləri Azərbaycanı əsassız olaraq ittiham edib ona qarşı təzyiq siyasətini davam etdirəcəksə, o zaman bizim də haqqımız var ki, bu məsələyə yenidən baxaq.

 

İkincisi, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycanın öz yolu var və bu yol Ümummilli Heydər Əliyevin bizə miras qoyduğu sülh, tərəqqi və demokratiya yoludur. Bizim üçün qürurvericidir ki, bu yol Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, ölkəmizə böyük uğurlar, tarixi qələbələr qazandırır.

 

Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də öz liderinin, Müzəffər Ali baş Komandanının yanındadır və onun hər bir çağırışını dəstəkləyir. Əminəm ki, biz 7 fevral 2024-cü il tarixindəki prezident seçkilərində xalqın bu iradəsinə bir daha şahid olacağıq!

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər