Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
Cəmiyyət
1856
24 Jan 2024 | 10:36

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb

 

2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki prosesi iştirakçılarını əhatə edən layihələri ardıcıl və sistemli şəkildə davam edir.

 

Moderator.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində yanvarın 24-dən etibarən daha bir layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara start verib.

 

Layihənin həyata keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) yenilənərək daha da təkmilləşdirilən imkanları barədə məlumatlandırmaq, Sistemin proqram təminatları ilə birbaşa və praktiki istifadəni təmin etmək, habelə iştirakçıları maraqlandıran məsələləri əyani şəkildə izah etməkdir.

 

Seminarlarda informasiya texnologiyaları üzrə mütəxəssislər Prezident seçkiləri günü seçicilərin fəallığı və səsvermənin nəticələrinə dair protokol məlumatlarının birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün xüsusi proqram təminatından istifadə etməklə, praktiki məşğələlərlə test rejimində işləyəcəklər. Bu, həm onların praktiki biliklərinin daha da artırılmasına, peşəkar vərdişlərinin və təcrübələrinin yüksəlməsinə, həm də seçki günü DAİS sistemindən dəqiq, operativ və rahat istifadə olunmasına imkan yaradacaq.

 

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və yanvarın 26-da yekunlaşması nəzərdə tutulur.


 

Link kopyalandı!
Son xəbərlər