“Azərbaycanda istənilən adamdan soruşun ki, Zəngəzur kimin torpağıdır. Sizə necə cavab verəcək?..”
Sabiq baş diplomatımız Tofiq Zülfüqarovla Moderator.az üçün bu dəfəki söhbətimizdə 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur yolunun açılması üçün Azərbaycanın guya hərbi əməliyyatlar keçirəcəyi ilə bağlı yayılan söz-söhbətləri, bu addımın beynəlxalq qanunlar baxımından mümkünlüyü və bunun dünya birliyi, beynəlxalq qurumlar tərəfindən necə qiymətləndiriləcəyi, ümumiyyətlə, Azərbaycanın hazırda de-yure Ermənistan ərazisinə aid olan və XX əsrin əvvəlində, xüsusən də sovet dövründə heç bir hüquqi əsas olmadan həmin ölkəyə birləşdirilmiş tarixi torpaqlarının gələcəkdə qaytarılması məsələsi və s. haqda danışdıq.
-Tofiq müəllim, son bir neçə ayda bəzi yerli və xarici media vasitələrində guya 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Meğri ərazisindən Naxçıvana “FSB”-nin sərhəd qoşunlarının nəzarətində olacaq yol açılmasında təkid edən Rusiyanın təhriki ilə Azərbaycanın Zəngəzuru işğal edəcəyi haqda informasiyalar dövriyyəyə buraxılır. Bunlar nə ilə əlaqədardır?
-Hazırda Azərbaycanın guya Zəngəzuru işğal edəcəyi haqda xəbərlərin yayılmasında Ermənistan özü maraqlıdır. Çünki onlar bizim mövqeyimizi təhrif etməyə çalışırlar. Axı Azərbaycan tərəfindən səslənən Zəngəzur yolu mövzusu ilk növbədə humanitar və tarixi aspektlərlə, eyni zamanda sərhədlərin müəyyən olunması mövzusuyla bağlıdır. Yəni bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Çünki Ermənistanın ərazi bütövlüyü o zaman yaranacaq ki, Azərbaycanla sərhəd məsələsi həll olunsun...
Ötən söhbətlərimizdən birində dedik ki, Ermənistanın ərazi bütövlüyündən o zaman danışmaq mümkün olacaq ki, bu ölkənin Azərbaycanla sərhəd məsələsi həll olunsun. Yəni delimitasiya, demarkasiya məsələləri yekunlaşsın. Amma biz görürük ki, erməni tərəfi danışıqları önləməyə çalışaraq öz müxtəlif istəklərini irəli sürür.
Əslinə qalsa, Ermənistan sovet dövründə müəyyən olunmuş inzibati sərhədləri 1989-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin öz ərazisinə birləşdirilməsi ilə bağlı qərar verməklə və rəsmi olaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürməklə həmin sərhədlərini özü ləğv edib. Yəni bu o deməkdir ki, Ermənistan əvvəlki sərhəd bölgüsünü ləğv edib. Axı bir ölkənin eyni zamanda iki növ sərhədi ola bilməz. Ərazi bütövlüyü iki variantda ola bilməz. Və belə bir durumda biz görürük ki, Qərbin müəyyən dairələri, xüsusən də Fransanın təsiri altında olan mətbu orqanları iddia edirlər ki, ay-haray, Azərbaycan müharibəyə başlayır, yaxud Azərbaycanın Ermənistana ərazi iddiaları var. Ərazi iddiaları o vaxt ola bilər ki, qarşı tərəfin ərazi bütövlüyü məfhumu müəyyən olunsun. Yəni köhnə sərhəd yoxdursa, Ermənistan özü üçün onu ləğv edibsə, yaxşı yeni sərhəd haradan keçməlidir? Bu, yalnız ermənilərin istəyi ilə həll olunan məsələ deyil. Paşinyan deyir ki, mən istəyirəm ki, sərhədlər 1975-ci il xəritələri ilə müəyyən olunsun, onda biz də deyək ki, 1920-ci ilin xəritələrini istəyirik...
1991-ci ildə keçmiş müttəfiq respublikalar kimi Ermənistanla aramızda da inzibati sərhədlər var idi. Lakin Ermənistan onu faktiki olaraq onu qəbul etmədi və rəsmən bildirdi ki, Ermənistan keçmiş Ermənistan SSR və Dağlıq Qarabağdan ibarətdir. Ermənistanın Konstitusiyasında Türkiyəyə də qarşı rəsmən ərazi iddiaları var. Hazırda Azərbaycanda və xarcidəki bəzi şərhçilər iddia edir ki, guya Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürür. Olmayan ərazi bütövlüyünə qarşı ərazi iddiaları necə ola bilər. Paşinyan da deyir ki, mən Ermənistan üçün kadastr almaq istəyirəm. Lakin o da yaxşı başa düşür ki, Ermənistanın siyasəti nəticəsində əllərində olanı itiriblər... Daha doğrusu, özləri ləğv ediblər. İndi, yeni ərazi bütövlüyü məfhumu yaranması üçün danışıqlar yenidən aparılmalıdır. Amma bizim bəzi dırnaqarası siyasi “mütəxəssis”lər deyirlər ki, guya Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürsə, onda bütün dünya bizi tənqid edəcək. Hansı ərazi iddiasından söhbət gedir. Vaxtilə Paşinyan hakimiyyətdə olduğu dövrdə Ermənistan ərazisi haqda 4 variant irəli sürüb. Sizinlə bu haqda danışmışıq. Həmin variantlardan birində iddia edirdi ki, “Artsax- Ermənistandır və nöqtə...” Bu baxımdan götürsək, biz çoxdan Ermənistanın “ərazi bütövlüyü”nü pozmuşuq... Ona görə bu, mübahisəli məsələdir və öz həllini tapmayıb. Mübahisəli məsələ olduğuna görə də, Fransa da deyir ki, mən Ermənistanı filan sərhədlərdə tanıyıram. Onda biz də deyək ki, Korsika Fransa ərazisi kimi tanımırıq. Sonra... Yəni bu baxımdan, bizimlə oyun oynayırlar və bəziləri ermənilərin istəklərini Ermənistanın sərhədi kimi qələmə verirlər. Söhbət bundan gedir. Amma əslində sərhədlərin əmələ gəlməsinin yeganə yolu qonşu ölkələr arasında sazişin bağlanmasıdır. Digər yolu yoxdur...
-Bəs axı həmişə deyirik ki, 1992-ci ildə BMT Azərbaycanı da, Ermənistanı da 1991-ci ildə SSRİ təkibində olana qədər malik olduqları inzibati sərhədlər çərçivəsində tanıyıb?
-Bilirsiz, BMT Azərbaycanı da, Ermənistanı da, başqa ölkələri də üzv qəbul edəndə sadəcə dövlət kimi tanıyıb. Amma sərhədlərin müəyyən olunması bizim və digər ölkələrin öz işləridir. Ölkələr öz sərhədlərini bəziləri danışıqlar, digərləri də müharibə yoluyla müəyyən edirlər. Axı, dünyada bunun ayrı yolu yoxdur... BMT sərhədləri tanıyıb. Belə qayda var? İndi, kimlərsə deyir ki, BMT-də xəritələr var, onun əsasında müəyyən olunmalıdır. BMT-də xəritələr var? Bu nağılları kim danışır? BMT-nin Nyu-Yorkdakı binasının 37-ci mərtəbəsində bu qurumun katibliyi yerləşir. İndi, kimsə getsin oradan xəritələri, sənədləri tapsın gətirsin.....
Qranadada Fransa prezidenti Makron təklif edir ki, gəlin Azərbaycan-Ermənistan sərhədlərini sovet dövrünün xəritələri əsasında müəyyən edək. Bu, onun təklifidir. Onda bizim də təklifimiz 1920-ci ilin noyabrınadək olan xəritələr ola bilməz?..
Əgər erməənilər 1991-ci ildə bizim ərazi bütövlüyümüzü tanıyıblarsa, ondan sonra düz 1994-cü ilədək Azərbaycan ərazisinin işğallarını nəyin əsasında ediblər? Belə ərazi bütövlüyü tanımaq olar? İndi, hamı deyir delimitasiya, demarkasiya prosesi... Bunlar texniki proseslərdir. Amma axı, hələ həmin proseslərin hansı əsaslar üzərində aparılması müəyyən olunmalıdır. Hansı sərhəd əsas kimi götürüləcək? Ermənistan əgər ondan imtina edibsə, biz niyə 1991-ci ilin sərhədlərini əsas götürməliyik?.. Məntiq hardadır?..
-Onda belə çıxır ki, Azərbaycanla Ermənistan arasındakı sülh sazişi məsələsi on illərlə həllini tapmayacaq. Çünki Qərb bir yana çəkir, Rusiya digər bir yana... Bəlkə bizim Ermənistanla vasitəçisiz danışıq aparmağımız daha məqbuldur? Bu yolla dayanıqlı sülh əldə etmək mümkün olarmı sizcə?
- Yox, bir dəqiqə... Qərb belə istəyir, Rusiya belə istəyir... Bəs bizdən söhbət gedirmi, yoxsa yox?
-Elə məhz ona görə deyirik ki, vasitəçisiz danışıqlar olsun və Azərbaycan da öz maraqlarını heç kəsin diqtəsi olmadan irəli sürsün...
-Cənab Prezident də deyir ki, Zəngəzur bizim dədə-baba torpaqlarımızdır, biz ora qayıdacağıq... Azərbaycanda istənilən adamdan soruşun ki, Zəngəzur kimin torpağıdır. Sizə necə cavab verəcək?..
-Sözsüz ki, böyük əksəriyyət deyəcək ki, Zəngəzur da, Göyçə də, Basarkeçər də və s. qədim Azərbaycan torpaqlarıdır. Amma söhbət ondan gedir ki, bunu dünyaya sübut etmək, yəni beynəlxalq hüquq baxımından əsaslandırmaq lazımdır...
-Dünyaya niyə sübut edirik ki,? Biz danışıqlar aparırırıq hələ?.. Ermənilər “sübut” edirlər ki, Zəngəzur da, Göyçə də və s. bizimdir. Guya ki, vaxtilə 1920-ci ildə Stalinin, Orjonikidzenin iştirakıyla qərarını Azərbaycan xalqı qəbul edib? Konstitusiya orqanı deyildi, partiya orqanı qəbul edib bu qərarı... Bizdən, Azərbaycan xalqından soruşan olub o boyda torpaqları Ermənistana verirsiz, ya yox. Həmçinin Göyçə mahalının xeyli hissəsi, eləcə də Meğri 1929-cu ildə Azərbaycan SSR-in 1-ci katibi erməni Mirzoyan olanda verilib Ermənistana. Azərbaycan xalqı buna razılıq veribmi?..
-Onda belə çıxır ki, biz Qərbi Azərbaycan torpaqlarının Azərbaycandan qanunsuz olaraq qoparıldığını hüquqi baxımdan dünyaya sübut etmək üçün 2020-ci ildə Ermənistanla birgə üçtərəfli bəyanata imza atmış, 2022-ci ildə müttəfiqlik barədə bəyannamə imzaladığımız indiki Rusiya dövlətinə qarşı iddia qaldırmalıyıq...
-Nəyə görə Rusiyaya qarşı?
-Ona görə ki, 1920-ci ilin aprelində həmin Zəngəzurun da, Göyçənin də, Basarkeçərin də, Dərələyəzin də və s. daxil olduğu 114 min kvadrat kilometrlik əraziyə malik müstəqil Azərbaycan Xalq Cümhuriyyətini işğal edən də, sonradan da həmin və digər əraziləri də Ermənistana və digərlərinə pay-püş edən də bolşevik Rusiyası və onun qurduğu Sovet İttifaqı dövlətləri olub. Bu gün isə həmin dövlətlərin varisi məhz Rusiyadır...
(Davamı var)
Sultan Laçın