Tanınmış aparıcı, telejurnalist Jalə Həsənli: “Bu şanlı tarixin bir parçası olmaq möhtəşəm duyğudur!” – EKSKLÜZİV 
Ekskluziv
2263
08 Nov 2023 | 15:43

Tanınmış aparıcı, telejurnalist Jalə Həsənli: “Bu şanlı tarixin bir parçası olmaq möhtəşəm duyğudur!” – EKSKLÜZİV 

Moderator.az saytı üç il öncə xalqa ilk Zəfər xəbərini kövrələrək çatdıran, tanınmış telejurnalist, aparıcı Jalə Həsənli ilə müsahibəni təqdim edir:
 
İki gün öncə Televiziya və Radio işçilərinin peşə bayramı idi. Bu gün isə xalq olaraq Zəfər bayramını qeyd edirik. Hər iki tarixə birbaşa bağlılığınız var. Bu tarixin bir parçası olmaq necə hissdir? 
 
Əvvəla, bütün oxucularınızı, xalqımızı böyük zəfərimiz münasibətilə təbrik edirəm. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə şəfa versin. O oğulların sayəsində, Ali Baş Komandanımızın əzmi, qətiyyəti sayəsində bu gün bayrağımız Xankəndimizdə dalğalanır. Bu gün xalqımızın birliyi sayəsində Zəfər Günümüzü qeyd edirik. Şanlı qələbəmiz qutlu olsun! Nə xoş biz jurnalistlərə ki, zəfər xəbərləri çatdırır, işğaldan azad edilmiş ərazilərimizdən reportajlar hazırlayırıq. Bu anlara şahidlik etmək, bu şanlı tarixin bir parçası olmaq möhtəşəm duyğudur. 
 
 
Bu yaxınlarda sağlamlığınızla bağlı problem yaşadınız. Ziyarətinizə şəhid anaları da gəlmişdi. Görünür, bu hörmət, sevgi qarşılıqlıdır. Sizcə, sizi doğmalaşdıran nədir? 
 
Onların oğluna, mənim isə qardaşlarıma olan sevgim. Biz evdə iki bacı olmuşuq, qardaşımız olmayıb. Həmişə arzulayırdım ki, kaş mənim də qardaşım olardı, əsgər gedəydi. Əsgər uniformasına qarşı uşaqlıqdan xüsusi sevgim olub. Bəlkə uşaqlıq illərimiz müharibə illərinə təsadüf etdiyindən televiziyada ancaq əsgərlərimizlə bağlı xəbərlər izləyirdik deyə, o geyimi çox sevirdim. Böyüdükcə, o geyimə olan sevgim, o geyimi geyinən qardaşlarıma olan hörmətim də böyüdü. Sonra o geyimdə şəhid olan hər oğulu doğmam bildim. 2020-ci ildə mən anamı itirmişdim, onlar isə övladlarını. Birlikdə yaralarımızı sarıdıq, dərdimizi paylaşdıq. Bu duyğular da bizi doğmalaşdırdı, əziz etdi. Allah o analardan razı olsun. Sağ olsunlar, yenə məni tək qoymadılar. 
 
 
Yeni mövsümdən tamaşaçılar sizi ARB 24 telekanalında yayımlanan "Nə baş verir?" verilişində izləyir. Baş verənləri hər kəsdən fərqli çatdırmağı necə bacarırsınız? 
 
Deməzdim ki, hamıdan fərqli çatdırıram. Sadəcə Jalə olmaqdan çıxmıram, heç kimi yamsılamıram, öz cığırımı açıb, orada addımlamağa çalışıram, xəbəri duyaraq, hiss edərək çatdırıram. Bu, kənardan məni fərqli göstərirsə, nə xoş mənə. 
 
 
Tamaşaçı ilə sevgi və səmimiyyət üzərində münasibət qurmağın sirri nədədir? 
 
Özün olmaq! Efirdə də, həyatda da bir olmaq. Tamaşaçılar səmimi olmayan münasibəti ekrandan anında hiss edir, sezir və belə simaları qəbul etmir. Bacardığım qədər mənə olan sevgi və hörmətə səmimiyyətimlə qarşılıq verirəm. 
 
Yaxın günlərdə Musiqi Forumu keçirildi. Zövqsüz musiqilərin təbliğində də bilavasitə telekanallar günahlandırıldı. Sizcə, zövqlü və baxımlı olmağı eyni zamanda bacarmaq çox çətindir? Ya tamaşaçı həqiqətən bunu istəmir?
 
Tamaşaçıları zövqsüzlükdə günahlandırmaq olmaz! Bəlkə bənzətməm doğru olmayacaq, amma gəlin bir misal çəkim. Evə qonaq gələndə sən hansı yeməyi qonağın qarşısına qoysan, o da onu yeyəcək. Yemək ləzzətlidirsə, tərifləyəcək. Hətta reseptini sizdən öyrənib gedib evində də hazırlayacaq. Televiziyada da belədir. Televiziya kanalları hansı verilişləri təqdim edəcəksə, tamaşaçı da onu izləyəcək və gördüklərini cəmiyyətdə təkrar etməyə başlayacaq. Keyfiyyətli veriliş təqim edəcəksən, maariflənəcək, cəmiyyətdə savadlı insanların sayı artacaq, bayağı verilişlər verəcəksən cəmiyyəti də bir o qədər məhv edəcəksən. Reytinq xətrinə dəyərləri xərcləmək olmaz. Eyni anda zövqlü və baxımlı olmaq mümkündür. Yetər ki, reytinq dalıyca qaçıb, mənəvi dəyərlərini itirməyəsən. Keyfiyyətli musiqi isə uşaqlıqdan aşılanmalıdır. Övladlarımız müəyyən yaşa qədər bizim zövqümüzlə böyüyür, ona görə də onların yanında nəyə qulaq asdığımıza diqqət etməliyik. Keyfiyyətsiz, zövqsüz musiqi insanın ruhunu da çirkləndirir. Çox gözəl bəstəkarlarımız, çox gözəl musiqilərimiz var. Sadəcə övladlarımıza o gözəlliyi göstərmək lazımdır. Bu gün “uşaqdır, eybi yox, qoy oynasın” deyib bayağı musiqi ilə oynatdığımız uşaqlar böyüyəndə də hər kəsin qınadığı o musiqilərin dinləyicisinə çevrilirlər. 
 
 
Oğul anasısınız. Övladınızın tərbiyəsində xüsusi diqqət etdiyiniz məqamlar nələrdir?
 
Mərhəmətli, sevgi dolu və savadlı böyüməsi mənim üçün əsas amildir. Bu xüsusiyyətlər varsa, düşünürəm ki, vətənimizə xeyirli bir övlad yetişdirirəm. Mərhəməti varsa, böyüyə, kiçiyə, bütün canlılara qarşı rəftarı gözəl olacaq. Onları incitməyəcək, kobudluq etməyəcək, qəlb qırmayacaq. Sevgisi varsa, həyata daha pozitiv baxacaq. Stəkanın dolu tərəfini görməyi bacaracaq, ilk uğursuzluqda məğlub olmayacaq. Ayağa qalxıb, mübarizəsinə sağlam şəkildə davam edəcək. Savadı varsa, boş mübahisələrdən qaçacaq, onu aşağı çəkən insanlara yox, onu ucaldacaq kitablara üz tutacaq, daha adekvat bir insan olacaq. Qız və ya oğlan fərq etməz, övladlarımızı vətənpərvər böyütmək bizim üçün prioritet olmalıdır. Elə bir regionda, elə bir ölkədə yaşayırıq ki, qanımız, canımızla torpaqlarımızı geri qaytarmışıq. İndi bu torpaqlarda möhkəmlənməli və göz bəbəyimiz kimi qorumalıyıq. Bunu bizdən sonraki nəsillər dərk etməli, şəhidlərin ruhunu şad etmək üçün layiqli vətəndaş olmalıdırlar. Bunu isə yenə də biz aşılamalıyıq! 
 
 
Acun Ilıcalı ilə görüşdə moderator siz idiniz. Deyilənlər belə qənaətə gəlmək olar ki, görüşə gedənlər təcrübə qazana bilməyib. Daha doğrusu, Acun təcrübə bölüşməkdə xəsislik edib. Bəs sizin təcrübənizə nə ilə əlavə olundu bu görüş? 
 
Tədbirin adı fərqli olsaydı, Acundan gözləntilər bu qədər böyük olmazdı. Tədbirdə Acun Ilıcalı televiziyada keçirdiyi ən maraqlı, ən əyləncəli anlarını paylaşdı, salonda əyləşənlərin üzünü güldürdü. Bəlkə də onun təcrübə hesab etdiyi və bölüşmək istədiyi elə bu qədər idi. Televiziyada çalışdığımız üçün biz o çətinliyə də, o əyləncəli anlarla yadda qalan çəkilişlərə də yaxşı bələdik. Bəlkə də izləyicilər onun müxbirlikdən necə kanal rəhbərinə çevrilməsinin sirrini öyrənmək istəyirdilər. O da bunu açıqlamadı. Hər kəsin uğurunun bir sirri var. Görünür, o bu sirri bölüşmək istəmədi.
Mənim üçün isə maraqlı təcrübə idi. Tədbir başlayana qədər Acun bəylə kulisdə söhbət etmək imkanımız oldu. Çox səmimi və mehriban bir insan kimi yadımda qaldı. Adamın uğurunun sirri də məncə, elə bunlardır: səmimiyyəti, dayanmadan çalışması, yorulmaması və çətinliklərə rəğmən yoluna davam etməsi!
 
 
Gözəlsiniz və xüsusi qeyd edək ki, bu, sizin təbii gözəlliyinizdir. Estetik əməliyyatlara yaxşı baxmırsınız, yoxsa ehtiyac duymursunuz? 
 
Məni gözəl gördüyünüz üçün təşəkkür edirəm. Hələ ki, estetik əməliyyata ehtiyacım olduğunu düşünmürəm. Bəlkə qarşıdaki illərdə ehtiyac duyacam, pis baxmıram. Amma fikirləşirəm ki, estetik əməliyyatlar mimikamızı, jestlərimizi dəyişir, bizi fərqli biri kimi göstərir. Özümüz olmaqdan çıxarır. Mən isə bu cür dəyişikliyi sevmirəm. Allah nəsib edərsə, təbii şəkildə qocalmaq istəyərəm. 
 
 
Karyeranızla bağlı ən böyük arzunuz və ən yaxın planınız...? 
Planlarla yaşayan insan deyiləm. Fürsətləri zamanında dəyərləndirməyi sevirəm. Arzularım isə təbii ki var. Onlar da reallaşarsa, birlikdə şahidlik edəcəyik. 
 
Sizə və oxucularınıza təşəkkür edirəm. Bir daha Zəfər Günümüz və sabahki Bayraq Günümüz mübarək olsun! Bayrağımız daim ucalarda dalğalansın!
 
Link kopyalandı!
Son xəbərlər