Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Təhlükəsizlik Şurası Rusiyanın Gümrüdəki hərbi bazasının gələcək fəaliyyətini müzakirə edib.
Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, son yumşaldıcı mesajlara baxmayaraq, Ermənistan hökuməti Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir:
“Dünən Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Ermənistan MDB-dən heç yerə getmir. Eyni zamanda o, bunu da dedi ki, Bakı ilə İrəvan arasında danışıqların bərpasına şərait yaratmağa hazırdır. Rusiya prezidentinin sözçüsü də söylədi ki, Ermənistan müttəfiq olub və olacaq. Bütün bunlara Nikol Paşinyanın bu yaxınlarda Ermənistanın xarici siyasət vektorunu dəyişdirməməsi ilə bağlı bəyanatını əlavə etsək, maraqlı mənzərə alınır. O vurğuladı ki, Rusiya ilə münasibətləri qırmır.
Digər tərəfdən, bütün bunlar hakimiyyətin, xüsusən də qərbyönlü peykləri vasitəsilə başlatdığı total anti-Rusiya kampaniyası fonunda xüsusilə maraqlıdır. Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, ötən günlərdə İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının üzvlərinin iştirak etdiyi qapalı müzakirə olub. Müzakirənin əsas mövzuları Ermənistan-Rusiya münasibətləri, qarşılıqlı atışmalar, Azərbaycanla danışıqlar prosesində Rusiyanın rolu, həmçinin 102-ci hərbi bazanın taleyi ilə bağlı olub”. /Teleqraf.com/