“Rusiya Zəngəzur dəhlizinə qarşı gedən ölkəni cəzalandırıb və cəzalandıracaq...”
Aktual
2684
14 Oct 2023 | 12:20

“Rusiya Zəngəzur dəhlizinə qarşı gedən ölkəni cəzalandırıb və cəzalandıracaq...”

“Əgər İsrail qalib gəlsə, Qarabağ presedentini, Qəzzada həyata keçirə bilər...”
 
“Yaxın Şərqdə alovlanan savaşın  Azərbaycana təsiri olacağı məsələsinə yanaşsaq, görərik ki, regionda Azərbaycanın mövqeyi daha da güclənəcək, Zəngəzur dəhlizinin işləməsi məsələsini aktuallaşdıracaq. Buna səbəbkar Rusiya və Türkiyə olacaq”. 
 
Bu fikri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli ifadə edib.
 
“Başqa ölkələrin Azərbaycan-Ermənistan münasibətlərinə qarışmasına da Rusiya qısqanclıqla yanaşacaq. Əlbəttə ki, Azərbaycan bu münasibətləri ancaq  10 noyabr üçtərəfli sazişi çərçivəsi əsasında hərəkət etməlidir və orada nəzərdə tutulan bütün müddəaların həyata keçirilməsini  Ermənistandan tələb etməlidir. Belə olduqda Rusiya da Ermənistanı güzəştlərə getməyə vadar edəcək. Bu, Rusiyanın  geo-siyasi marağındadır ki, Zəngəzur dəhlizi işləsin. Bu dəhliz  Rusiyanın iqtisadi və siyasi məsələlərinin həllinə yönəldilmiş bir layihədir və  buna qarşı gedən ölkəni Rusiya cəzalandırır və cəzalandıracaq. Fikir verin, Türkiyə də bu məsələdə susur, çünki onun görə bilmədiyi  işi Rusiya  görür. Odur ki, 10 noyabr sazişindən kənara çıxmaq olmaz. Yalnız beləliklə balansı saxlamaq olar”,- deyə davamında həmsöhbətimiz bildirib.
 
Şərhçi Azərbaycan-İsrail münasibətlərinə də toxunub.
 
“Azərbaycan-İsrail münasibətlərinə gəldik də isə, Azərbaycanın mövqeyi orada baş verən hadisələrə kənardan baxan , loyal bir ölkə kimi görsənir. Bizə elə gəlir ki, bu, Prezidentin balanslaşdırılmış siyasətindən irəli gəlir.
 
Qəzzada hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, Azərbaycan neytral mövqe tutmalıdır. Buna xeyli mənada Azərbaycanın mənəvi haqqı vardır, çünki Fələstin liderləri ömür boyu  Ermənistan tərəfindən torpaqlarımızın işğalını dəstəkləyib və Qarabağın Ermənistana verilməsi tələbi ilə mötəbər qurumlarda çıxış ediblər.
 
Azərbaycanın Qarabağında baş verən son hadisələr, yəni ermənilərin Qarabağı tamlığı ilə tərk etməsi dünya siyasətində olmayan presedentdir.  Əgər İsrail qalib gəlsə, Qarabağ presedentini, Qəzzada həyata keçirə bilər. Aydındır ki, Qarabağı tərk edəndən sonra ermənilər orada heç bir  təcavüzə, təxribata əl ata bilmirlər. Eyni ilə İsrail Qəzzada bir nəfər belə,  fələstinlin qalmasına imkan verməyəcək”,- deyə analitik vurğulayıb. 
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər