Ermənistan üçün sonuncu şans - Ya bundan yararlanaraq konstruktiv sülh imzalayacaq, ya da...
Siyasət
1982
13 Oct 2023 | 16:05

Ermənistan üçün sonuncu şans - Ya bundan yararlanaraq konstruktiv sülh imzalayacaq, ya da...

Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü Azərbaycanın geosiyasi mövqeyini tam şəkildə bir daha göstərdi. Alışılmış dostluq və qardaşlıq ritorikası eyni zamanda sülhə və sabitliyə köklənmiş uğurlu xarici siyasətimizin növbəti təzahürü idi.
 
Artan informasiya fonunda fikir mübadiləsinin aparılması mühüm amillərdən biri idi. Nəinki keçmiş postsovet məkanında, qürurla demək olar ki son 100 ildə ərazisində separatizmə son qoyan yeganə ölkə olan Azərbaycan bütün bunlara uğurlu daxili və xarici siyasətin nəticəsində son qoyub. Dəfərlərlə cənab Prezidentin bəyan etdiyi kimi Azərbaycanla heç kim hədə qorxu dilində danışa bilməyəcəyinin əyani sübutunu yaşadığımız tarixi günlərdəyik. Həyata keçirilən son antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyi tam bərpa edib. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Görüş zamanı Cənab Prezident hələ də müxtəlif aventüralar yaşayan düşmənlərimizin tarix yaddaşlarını bir daha təzələdi, sözün əsil mənasında tarix dərsi verdi. Münhen Təhlükəsizlik Konfransındakı tarixi çıxışının bütün aspektlərdən qəbul edilən olduğunu hər kəs üçün aydınlaşdırdı. Eyni zamanda hələ 80 – ci illərdə atılmış ekstremist addımların o vaxtkı sovet rəhbərliyi tərəfindən lazımi səviyyədə qiymətləndirilməməsini də nəzərə çatdıran Cənab Prezident bununla ölkəmizin eyni səhvi təkrarlamayacağını bir daha qeyd etmiş oldu. Qafqaz bölgəsində toqquşan maraqlar fonunda düşmənin hələ də bölgəyə tamamilə əlaqəsi olmayan dövlətləri cəlb etmək niyyətinin puç olacağı hər kəsə gün kimi aydındır. Cənab Prezident çıxışında bildirdi ki "Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Birləşmiş Millətlər Təşkilatı öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilmədi. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi" təkcə bu faktla Azərbaycan beynəlxalq təşkilatların həyata keçirməyi bacara bilmədiyi qətnamələri Ermənistana qəbul etdirdi.
 
Ermənistanın məkirli siyasətinin iç üzünü açan cənab Prezident bildirdi ki, "Ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin, Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi" Bütün bunlar Ermənistanın apardığı ikiüzlü siyasətin bir təzahürü idi. Ermənistan Baş Nazirinin separatçılara təbrik məktubu onların ikiüzlü siyasətinin heç şübhəsiz kuliminasiya nöqtəsi idi. Bütün bunların yekun nəticəsi olaraq antiterror əməliyyatı baş tutdu. Bir sutkadan da az davam edən əməliyyatda düşmən tam təslim oldu, ərazimizdəki seperatçı ünsürlər silahsızlaşdırıldı. Bununla da tarixi torpaqlarımızda tam nəzarətimizi bərpa etdik.
 
Baş verən hadisələrdən hələ də nəticə çıxara bilməyən Ermənistan rəhbərliyi müxtəlif oyunlar oynamaqda davam edir. Ermənistan Qafqaz regionunun etnik və siyasi amillərini nəzərə almadan regiona yeni aktorlar cəlb etmək sevdasına düşüb. Təhlükəli eyni zamanda regionun sabitliyinə qəsdən başqa bir nəticə verməyəcək bu addımın qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınacaq. Uzun illər ATƏT – in Minks qrupunda yer almış Fransa bu məsələdə xüsusi canfəşanlıq edir. Ancaq bundan öncəki cəhdlərində də, uğursuz olan Fransa yenə də məsələyə "Fransız qalacaqlar".
 
Yekun olaraq bildirim ki, torpaqlarında seperatizmi tamamilə silib atmış Azərbaycanla sülh bağlamaq ən çox Ermənistana xeyir gətirəcək. Bloklanmış nəqliyyat dəhlizlərinin açılması onsuz da iqtisadi burulğanda olan Ermənistana nəfəslik havası yox, əsil pəncərə olacaq. Süni tənəffüs aparatına qoşulmuş Ermənistan iqtisadiyyatının bu oksigendən imtina etməsi onun çöküşünü çox ləngitməyəcək. Qarabağda yaşamış erməni əsilli vətəndaşlara reinteqrasiya imkanlarının yaradılması da dövlətimizin humanizm prinsiplərinə, beynəlxalq hüquq və normalara sadiqliyinin göstərgəsidir. Azərbaycan artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc edib, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər.
 
Tarix Ermənistana sonuncu şansı verib, ya bu şansdan yararlanaraq konstruktiv sülh imzalayacaq, ya da...
 
Elçin Cəfərli,
Bərdə rayonu A.Tağıyev adına Məmmədli kənd tam orta məktəbin direktoru
 
Link kopyalandı!
Son xəbərlər