3 ton qadın saçının tapıldığı ölüm düşərgəsi – bu mənzərə generalın saçlarını bir sutkaya ağardıb
Dünya
4333
27 Sep 2023 | 13:40

3 ton qadın saçının tapıldığı ölüm düşərgəsi – bu mənzərə generalın saçlarını bir sutkaya ağardıb

Bütün müharibələrdə əsirlərin taleyi, onların dəyişdirilməsi, yaxud da azad edilməsi tərəflər üçün vacib məsələlərdən biri sayılıb.

Elə sovet-alman müharibəsi zamanı da Almaniyanın yaratdığı ölüm düşərgələrindəki milyonlarla əsirlərin taleyi Moskvanı ciddi narahat edib, Dövlət Müdafiə Komitəsində keçirilən müşavirələrdə bu məsələ müzakirə mövzusuna çevrilib. Xüsusilə, 1943-cü ildən sonra əsirlərin azad edilməsi ilə bağlı müzakirələr daha tez-tez gündəmə gəlib.

1944-cü ilin dekabr ayında keçirilən müşavirədə isə İosif Stalin baş qərargah qarşısında Osvensim düşərgəsinin ələ keçirilməsi tapşırığını qoyub. Bu tapşırıqdan sonra baş qərargah hərbi əməliyyat hazırlayıb.

Qeyd edək ki, Osvensim ölüm düşərgəsi tarixə əsirlərin kütləvi şəkildə məhv edildiyi yer kimi düşüb. Bu kütləvilik o qədər böyük olub ki, düşərgədə öldürülənlərin sayını tam dəqiqləşdirmək mümkün olmayıb. Ayrı-ayrı mənbələrdə öldürülən əsirlərin sayı 1-4 milyon arasında dəyişir.

DUSERGE.jpg (122 KB)

Baş qərargahın Osvensimi ələ keçirməklə bağlı hazırladıqları birinci əməliyyat uğursuz olub. Bu uğursuzluq heç də sovet ordusunun əsgər və zabitlərinin qeyri-peşəkarlığından irəli gəlməyib. Sadəcə, əməliyyat hazırlanarkən əməliyyatda iştirak edəcək hərbi hissələrin komandirlərinə tapşırıq verilib ki, əsirlərin sağ qalması üçün düşərgəni azad edərkən artilleriyadan istifadə etmək olmaz.

İkinci əməliyyat planı hazırlanarkən düşərgədən 50-70 kilometr aralıda dislokasiya olunan 100-cü motoatıcı diviziyanın komandiri general-mayor Fyodor Krasivin də Moskvaya müşavirəyə dəvət olunub. Dörd saatdan artıq davam edən əməliyyat müşavirəsində general Krasivin əməliyyatı keçirməyi öz üzərinə götürüb.

Əməliyyatdan əvvəl Krasivin Osvensim düşərgəsi ilə bağlı əsas məlumatları əldə edib. Generala məlum olub ki, düşərgə ərazisində Vermaxtın iki piyada diviziyası dislokasiya olunub. Bundan başqa, düşərgənin mühafizəsinə SS qüvvələri də cəlb edilib. Krasivin onu da yaxşı anlayıb ki, artilleriyadan istifadə etmədən alman qüvvələrini məhv etmək çətin olacaq.

GENERAL ESAS.jpg (106 KB)

27 yanvar 1945-ci ildə səhər saat 7-də Krasivinin başçılığı ilə əməliyyat başlanıb. Alman qoşunları ciddi müqavimət göstəriblər. Gün ərzində davam edən əməliyyat sonda əlbəyaxa döyüşlərlə başa çatıb. Artıq axşam saatlarında düşərgənin inzibati binasının üstündə SSRİ-nin bayrağı dalğalanıb. Əməliyyat zamanı Krasivinin diviziyasından 67 nəfər həlak olub, 119 nəfər yaralanıb.

DUSERGE 1.jpg (164 KB)

Əməliyyat keçirilən zaman almanlar cinayət əməllərini gizlətmək üçün düşərgənin ərazisində olan 3 “ölüm sobası”nı və 35 anbardan 29-nu yandırmağa imkan tapıblar. Qalan 4 anbarda əsirlərdən alınmış və Almaniyaya göndərilməli olan on minlərlə qadın və kişi geyimləri, ayaqqabılar aşkar olunub. Anbarların birindən isə 3 ton qadın saçı tapılıb. Həmin saçlar xüsusi bağlamalara yığılaraq Almaniyaya göndərilməyə hazırlanıb.

Əməliyyatda iştirak edənlər sonralar Fyodor Krasivin haqqında danışarkən bildiriblər ki, general bir sutkanın ərzində sanki 10 il qocalmışdı. Polkovnik Yefim Kapulov öz xatirələrində həmin anları belə xatırlayıb:

“Osvensim səhnələri olduqca dəhşətli idi. Əməliyyatda əsirlərin sağ qalması üçün biz silahlardan istədiyimiz kimi istifadə edə bilmirdik. General Krasivin hücum əməliyyatının önündə gedirdi. Biz düşərgəni ələ keçirdikdən sonra oradakı saxlama şəraitini görəndə gözümüzə inana bilmirdik. Qaz kameraları, “ölüm sobalar”ı, işgəncə üçün xüsusi alətlər əsl cəhənnəmi xatırladırdı. Bir günün içində Krasivinin saçları ağarmışdı. O, xaraktercə ciddi və sərt idi, amma buna baxmayaraq, düşərgədə gördükləri ona mənəvi cəhətdən çox pis təsir etmişdi. Həmin anlarda onun nə qədər həssas olduğunu birinci dəfə müşahidə edirdim. Hamı kimi Krasivin də əsirlərin çıxarılmasına kömək edirdi, onlara qayğı göstərirdi, yaralı əsirlərə tibbi yardım edirdi…”

General-mayor Fyodor Krasivinin bu cür həssaslığı səbəbsiz olmayıb.

Qeyd edək ki, Krasivin 1896-cı ildə Yaroslavlda anadan olub. I Dünya müharibəsində iştirak edib. Sovet hökuməti qurulduqdan sonra ordu sıralarına yazılıb. Frunze adına hərbi akademiyada ali təhsil alıb. Akademiyanı bitirdikdən sonra alay komandiri vəzifəsinə qədər yüksəlib. 1937-ci ilin repressiya dalğaları Krasivindən də yan keçməyib. 1938-ci ilin aprel ayında o, antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib və sürgünə göndərilib. O, elə həmin vaxtlardan düşərgə həyatının nə olduğunu yaxşı anlayıb. Osvensimdəki həssaslığı, əsirlərə göstərdiyi qayğı da məhz bundan irəli gəlib.

1941-ci ildə müharibə başlananda, SSRİ-də təhsilli və peşəkar zabitlərə ehtiyac duyulanda Fyodr Krasivini həbsdən azad edərək cəbhəyə göndəriblər. Az bir müddətdə o, özünü qorxmaz hərbçi kimi tanıdıb və Krasivin diviziya komandiri vəzifəsinə təyin olunub, general rütbəsi alıb. Müharibə zamanı bir neçə dəfə yaralanıb.

Müharibədən sonra Krasivin hərbi kollegiyaya müraciət edərək məhkumluğu ilə bağlı bəraət alıb və xidmətini diviziya komandiri kimi davam etdirib. Müharibədə aldığı yaralar Krasivinin səhhətində ciddi fəsadlar qoyub. O, 1948-ci ildə 52 yaşında vəfat edib. /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər