Ekskluziv
4958
25 Sep 2023 | 09:20

"Türkiyənin bu addımları Rusiyanın Güney Qafqazdan əl çəkməsini tezləşdirə bilər...” 

Türkiyənin bu addımları Rusiyanın Güney Qafqazdan uzaqlaşmasını tezləşdirə bilər...”
 
“Bu məqamdan, bu fürsətdən yararlanmaq gərəkdir. Sadəcə, bir az daha çox pul verib Ermənistanın iqtisadi resurslarını rusların əlindən almaq lazımdır...”
 
“Mən Ermənistanı, demək olar ki, qarış-qarış gəzmişəm; əksəriyyət ərazisi bomboz, bomboş dağlar, yaylalardır, yalnız şimal, Qarakilsə, Dilican tərəfdə meşələr, çəmənlər çoxdur. Yəni bir neçə əlvan metal yatağı istisna, bu ölkənin, torpağı o qədər də zəngin və məhsuldar deyil. Rusiya, Qərb əlini çəksə, ermənilər bu gün acından öləcəklər.  Düzdü, tarixi, keçmişi, istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı ermənilərin başqa güclərin əlində alət olmaqla etdiklərini yaddan çıxarmaq olmaz. Ancaq onu da unutmaq olmaz ki, dünyanı iqtisadiyyat, pul idarə edir...”
 
Moderator.az-a açıqlamasında müdafiə nazirinin sabiq müavini, sovet dövründə xeyli müddət Ermənistandakı qoşunların tərkibində yüksək hərbi vəzifələrdə çalışdığından həm həmin respublikanın yaşayış tərzinə, həm də hayların  etnopsixoloji xarakterinə yaxşı bələd olan polkovnik Mehman Səlimov Qarabağdakı son antiterror əməliyyatından sonra regionda yaranmış situasiyadan sonra Türkiyə dövlətinin Ermənistan iqtisadiyyatını nəzarətə almasının vaxtının çatmasından danışarkən belə deyib.
 
“Hesab edirəm ki, Qarabağın dağlıq hissəsindəki Azərbaycan məntəqələrinin dövlətimizin yurisdikisyasına keçməsi və o torpaqlarımızda qalacaq ermənilərin cəmiyyətimizə reinteqrasiyası proseslərinə dəstək durmaqla yanaşı, qardaş Türkiyənin qarşısında duran növbəti vəzifələrdən biri də qısa müddətdə, amma sezilməz addımlarla Ermənistanın iqtisadiyyatına sərmayə qoyaraq bu ölkəni Rusiyanın, İranın və digər güclərin təsiri altından çıxarmağa nail olmaqdır. Yəni Ermənistanın iqtisadiyyatını almaq lazımdır”- deyə davamında sabiq nazir müavini qeyd edib. 
 
“Bu gün İrəvanın, mövcud Paşinyan hökumətinin Moskva ilə siyasi sahədə xeyli ziddiyyətləri olsa da, Ermənistan Rusiyadan iqtisadi-sosial baxımdan hələ də çox asılıdır. Amma bəlkə də bu gün Ukrayna savaşı fonunda bu Cənubi Qafqaz ölkəsinə para yatırmaq Rusiyanın marağında deyil. Odur ki, bu məqamdan, bu fürsətdən yararlanmaq gərəkdir. Sadəcə, bir az daha çox pul verib Ermənistanın iqtisadi resurslarını rusların əlindən almaq lazımdır. Mən Ermənistanı, demək olar ki, qarış-qarış gəzmişəm; əksəriyyət ərazisi bomboz, bomboş dağlar, yaylalardır, yalnız şimal, Qarakilsə, Dilican tərəfdə meşələr, çəmənlər çoxdur. Yəni bir neçə əlvan metal yatağı istisna, bu ölkənin, torpağı o qədər də zəngin və məhsuldar deyil. Rusiya, Qərb əlini çəksə, ermənilər bu gün acından öləcəklər”.  
 
Polkovnik hesab edir ki, Azərbaycan və Türkiyənin erməni toplumu ilə yaxın və uzaq keçmişdəki acı faciələrlə yadda qalan ziddiyyətlərə rəğmən Güney Qafqazda Rusiya hökmranlığına son qoyulması üçün Türkiyənin Ermənistanla siyasi-diplomatik münasibətlərlə yanaşı, geniş iqtisadi əlaqələrin də qurması vacibdir.
 
“Düzdü, tarixi, keçmişi, istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı ermənilərin başqa güclərin əlində alət olmaqla etdiklərini yaddan çıxarmaq olmaz. Ancaq onu da unutmaq olmaz ki, dünyanı iqtisadiyyat, pul idarə edir. Bir neçə ildir, Türkiyə demək olar ki, bu prosesə start verib, Ermənistanla sərhəddə hər iki tərəf gömrük məntəqələrinin qurulmasına başlayıb. Artıq tezliklə üçüncü ölkə vətəndaşları qarşılıqlı olaraq Türkiyə və Ermənistan ərazilərindən keçməklə gedib-gələ biləcəklər. Paşinyanın da Ərdoğanın andiçmə mərasiminə qatılması bu prosesləri sürətləndirdi. Və hesab edirəm ki,  yeri gələndə Azərbaycanın da dəstəyi ilə Türkiyənin Ermənistan iqtisadiyyatına inteqrasiya prosesinin başlanması və sürətlənməsi addımları Rusiyanın da Qarabağ və Ermənistandan, həmçinin bütöv Güney Qafqazdan uzaqlaşmasını, əl çəkməsini tezləşdirə bilər”,- deyə Mehman Səlimov vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər