"Sovet İttifaqının iflasından sonra Rusiyanın gücü olmayıb, lakin çıxış yolu güclü diplomatik, mədəni və iqtisadi mövqelərini saxlamaqla hamı üçün dost qalaraq getmək olardı, amma Moskva güc mövqeyini, çox vaxt birbaşa gücdən istifadəni seçdi..."
"Azərbaycan aşkar qalibdir və regional miqyaslı hegemona çevrilir..."
"Türklərin bir üstünlüyü var, onlar öz müttəfiqlərinə heç vaxt xəyanət etməyib..."
Ermənistanın gələcəyi keçmişin səhvlərini anlamasındadır..."
"Gürcüstan iki dəfə Azərbaycanın hücumunu görüb və anlayıb ki, Moskvanın yaratdığı və qoruduğu konstruksiyaları dağıtmaq mümkündür..."
Dünən Rusiya istehza və təm-təraqla Cənubi Qafqazda özünün məğlubiyyətini və mövqelərinin tamamilə itirilməsini qeyd edib.
Moderator.az xəbər verir ki, bu barədə "kasparov.ru" nəşrində dərc edilmiş müəllif məqaləsində deyilir.
Baş verənlərin qızğın şəkildə, ləzzətlə təbliği yalnız özlərini "düşüncələrin hakimi" hesab edənlərin gerçəklikdən ayrı düşdüyünü və heç olmasa bir-iki ay öncəni görmək bacarığının olmadığını nümayiş etdirir.
Azərbaycan aşkar qalibdir və regional miqyaslı hegemona çevrilir, özünün hərbi, iqtisadi və insani potensialına görə dəfələrlə qonşuları Gürcüstan və Ermənistandan üstündür.
Bakı bunu çox gözəl anlayır, orada kimə, nə zamansa və hansı vədlər verilməsi vacib deyil, lakin Qarabağ regionunun son inteqrasiyasına və Naxçıvanla logistik məsələlərin həllinə daha bir il sərf edərək bu Xəzər dənizi respublikası, nəhayət, ilk dəfə olaraq öz ərazisində münaqişələr, xarici hərbi bazalar və təsirlərlə məhdudlaşdırılmayan tam suverenlik əldə edəcək.
Rusiya "sülhməramlı" kontingenti qısa müddətdə respublikanın hüdudlarından sıxışdırlılıb çıxarılacaq, zəifləyən Moskvadan asılılıqdan söhbət gedə bilməz, bu asılılıq hazırda azalır və Rusiyanın tədricən zəifləməsi ilə büsbütün yoxa çıxacaqdır.
Buna həmçinin Əliyevin Ermənistandan mütləq qoparacağı yeni logistik dəhliz də kömək edəcək,
Qərbin münasib olmayan Moskva, Tehran və Pekindən yan keçərək Mərkəzi Asiyaya yeganə qapısı olan Azərbaycanın mövqeyi güclüdür, iki dəfə sınaqdan keçmiş müzəffər hərbi gücdür.
Ermənistanın orada hakimiyyətdə indiki hökumətin qalması və ya başqası ilə əvəz edilməsindən asılı olmayaraq, öz keçmişini və əvvəllər cəhd etdiyi ittifaq və stavkaların səmərəliliyini anlamağa və lazımi nəticələr çıxarmağa məcbur olacağı labüddür.
Qarabağın itirilməsi və iki hərbi məğlubiyyətin günahı və məsuliyyətinin bir hissəsinin Paşinyanın və ondan öncəki elitaların üzərinə düşəcəyi qaçılmazdır, lakin Moskvanın da mövqelərinin, xüsusilə ölkə təbliğatçıları, diplomatları və sabiq prezidentlərinin son replikalarından sonra zərər çəkməsi labüddür.
Bu rusiyalılara nəyi istəsən izah etmək olar, ermənilər isə başqa informasiya mühitində yaşayır və nəticələr çıxarmağı bacarır. Həm də məsuliyyətin bir hissəsinin başqasının üzərinə qoyulması kimi təbii insani istəyin də burada öz çəkisi olacaq.
Deməli, İrəvanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxması və bazaların çıxarılması tələbi, münasibətlərin kəskin şəkildə pisləşməsi yaxın gələcəyin işidir.
Həm də Rusiyada duel əlcəyi artıq sevinclə çıxarılır, son zamanlar sistem və təbliğatın yeni düşmənlərə ehtiyacı var, şərti "daşnaklar" isə "banderaçılar" və digər "rusofoblarla" bir sırada dayanacaq. Burada keşmiş dostlardan tez bir zamanda və ustalıqla düşmən düzəltməyi bacarırlar.
Ermənistanın gələcəyi keçmişin səhvlərini anlamaq və öz tarixini yenidən yazmaq, çox zaman bu gün görmək mümkün olmayan yeni alyans və ittifaqlarda axtarmaq cəhdindədir.
Deyək ki, Rusiya ilə münasibətlərin soyuqlaşmasından sonra az-çox alternativ və potensial iqtisadi tərəfdaş kimi görünən Türkiyə ilə münasibətlərin yaxşılaşması ola bilərdi.
Keçmişin böyük problemlərinə rəğmən, türklərin bir üstünlüyü var-onlar öz müttəfiqlərinə heç vaxt xəyanət etməyib.
Aşkar və optimal olanlar isə Qərb ittifaqları və təsisatlarına tərəf hərəkət, bir sıra ölkələrdə güclü erməni lobbisi burada kömək edə bilər.
Gürcüstan indi öz gücünü və mötəbərliyini sübut etmiş Bakı və Ankaranın fikrinə daha böyük diqqətlə yanaşacaq. Hətta indiki hökymət belə əsasən onların maraqlarını nəzərə alacaq, siyasi vəziyyət dəyişəndə və Qərbə inteqrasiya və itirilmiş ərazilərin bərpasına köklənən milli elitaların geriyə dönəcəyi təqdirdə isə Tbilisinin siyasəti indiki neytral və bir çox cəhətdən Rusiyayönümlü çalarlarını itirəcək.
Gürcüstan paytaxtı iki dəfə Azərbaycanın hücumunu görüb. Orada həm də anlayıblar ki, heç nə əbədi deyil və Moskvanın köməyilə yaradılan və ya qorunan konstruksiyaları dağıtmaq mümkündür. Sən də bu zaman qalib gələ bilərsən.
Bu o demək deyil ki, dərhal revanş götürə bilərsən, lakin həm Kiyevlə qarşılıqlı əlaqə, həm də "ərazilərin birləşdirilməsinə" yönələn fəallıq güclənəcək.
Rusiyanın Cənubi Qafqazda iki əsrlik mövcudluğu sona çatır. Onun Sovet İttifaqı iflasa uğrayandan sonra artıq gücü olmayıb, lakin çıxış yolu güclü diplomatik, mədəni və iqtisadi mövqelərinin saxlanılması ilə mümkün ola bilərdi. Hamı üçün dost qalmaqla və ciddi əlaqələri saxlamaqla getmək olardı.
Lakin Moskva güc mövqeyini, özü də çox vaxt birbaşa gücdən istifadəni seçdi. Bu mövqe ondan ibarət olub ki, münaqişələri saxlamaqla bütün tərəflər Ağ Carın arbitr rolu ilə hesablaşmağa məcbur olacaq və dövrü olaraq onun qarşısında baş əyəcək.
Hansısa müddətdə belə taktika işlək olub, amma tərəflərdən biri türklərin dəstəyilə bir zərbə ilə şimal imperiyasının qurduğu konstruksiyaların səbatsız olduğunu nümayiş etdirib. O məqamdan region sakinlərinin qəlbində ağır miras saxlayacaq birdəfəlik gediş yalnız zaman məsələsi olub.
Həm də bu gediş hər bir ölkədə məkrlilik və xəyanət tarixçəsi kimi qalacaq. Azərbaycanda Moskvanın 90-cı illərdə ermənilərə dəstək verməsi, Ermənistanda isə 20-ci illərdə azərbaycanlılara müqavimət göstərməməsi, Gürcüstanda Rusiyanın "sülhməramlı missiyası" ilə və onun 08.08.08 taruxdə bitməsi ilə yadda qalacaq.
Bütün bunlar rusiyalıların öz xeyirxah adını və mehriban münasibətləri bərpa etməyə cəhd edən gələcək nəsillərə qalan ağır mirasdır və onu aradan qaldırmaq üçün uzun zaman tələb olunacaq. Bunlar olmaya da bilərdi, əgər üzdəniraq korluq, təkəbbür və gerçəyi adekvat dəyərləndirməmək istəyi olmasaydı...
Müəllif: Andrey Nikulin, politoloq