Şüvəlanda təmizlik aksiyası keçirilib - FOTO
Cəmiyyət
2861
16 Sep 2023 | 17:54

Şüvəlanda təmizlik aksiyası keçirilib - FOTO

Sentyabrın 16-da çimərlik mövsümünün yekunlaşması ilə əlaqədar növbəti sahilyanı təmizlik aksiyası təşkil olunub.
 
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Təmiz Şəhər” ASC, PADI dalğıc mərkəzinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi “Baku scuba”, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şüvəlan çimərliyində baş tutan təmizlik aksiyasının əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Həmçinin, bu il ilk dəfə olaraq dalğıcların iştirakı ilə Xəzər dənizinin sahilyanı ərazisi ilə yanaşı, sualtı hissəsi də tullantılardan təmizlənib.
 
“Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlik ərazisindən topladıqları tullantıları Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil veriblər.
 
IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Bununla yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və yüzlərlə könüllünün iştirakı ilə baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənir və vətəndaşların istifadəsinə verilir.
 
IDEA İctimai Birliyi bir daha hər kəsi Xəzər dənizinin sərvətlərinin davamlı gələcəyini təmin etmək, biomüxtəlifliklə zəngin olan bu sahillərin çirklənmədən qorunması və insanların istifadəsi üçün yararlı saxlanılması naminə bir olmağa səsləyir.

 

Link kopyalandı!
Son xəbərlər