Dostunu satan, düşmənini alan ABŞ – Onu idarə edənlər dünyanın yerdə qalanını kölə sayırlar
3301
16 Sep 2023 | 17:26

Dostunu satan, düşmənini alan ABŞ – Onu idarə edənlər dünyanın yerdə qalanını kölə sayırlar

Ərəblərin ingilislər haqqında dediyi bir kəlamı yenidən təkrar etmək lazım gələcək. 100 il əvvəl müstəqillik sevdasına tutulan və İngiltərədən dəstək gözləyən, zaman-zaman umsuq vəziyyətdə qalan ərəb ölkələrinin liderlərindən biri deyib: “İngilislərlə dost olmaqdansa, düşmən olmaq yaxşıdır. Çünki onlar həmişə dostlarını satır, düşmənlərini alırlar”.

Eyni fikri yüzdəyüz uğurla yaranışından bəri ingilis siyasəti yeridən, dünya hegemonluğa can atan və buna böyük ölçüdə nail olan ABŞ haqqında da demək olar. Əslində çağdaş dövrdə bu fikir elə daha çox ABŞ dövlətinə yaraşır.

Məhz bu dövlət dost-düşmən siyasəti yeridərkən bir qayda olaraq yalnız və yalnız öz çıxarlarını düşünür, dostunu satmaqdan, düşməni ilə anlaşmaqdan çəkinmir.

Son günlərin gəlişməsinə dair iki fakt göstərək, sonra şərhə keçərik.

e3f1ef9f567c1d4168eb7e1cb8256013.jpg (49 KB)

Birinci fakt: Bu günlərdə xəbər yayıldı ki, ABŞ dövlət katibi Entoni Blinken İranın Cənubi Koreyadan Qətərə 6 milyard dollarlıq aktivlərinin köçürülməsinə icazə verən sərəncam imzalayıb.
ABŞ və İran məhbusların mübadiləsi barədə də razılığa gəliblər. İran həbsxanasında olan beş Amerika vətəndaşı hazırda ev dustaqlığına köçürülüb. Razılaşma çərçivəsində Vaşinqton ABŞ-da saxlanılan 5 İran vətəndaşını azad etməyə razılaşıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Çafi deyib ki, İran və ABŞ arasında məhbus mübadiləsi yaxın gələcəkdə baş verə bilər.

Xəbərin qısa şərhi: Bu, göstərir ki, ABŞ 1979-cu ildən bəri şiddətli şəkildə intriqa apardığı, zaman-zaman açıq müharibə vəziyyətinə çatdığı, ən qatı düşmənlərindən biri hesab etdiyi İranla anlaşmaq, İranın öz pulunu özünə qaytarmaqla mollakratiya rejimi ilə yaxınlaşmaq xətti götürüb.

1619253171_0001.jpg (163 KB)

İkinci fakt: ABŞ Dövlət Departamenti hesabat yayaraq Türkiyəni uşaq alveri işlərində iştirakda, uşaqları silahlı münaqişələrə cəlb etməkdə ittiham edib. Türkiyə ABŞ Dövlət Departamentinin 2023-cü il üçün yenilənmiş “İnsan alveri hesabatı”nda uşaq əsgərləri işə götürən ölkələr siyahısına daxil edilib.

Buna cavab olaraq Türkiyə XİN ittihamları qətiyyətlə rədd edib və ABŞ-ın özünə qarşı əks-ittiham irəli sürüb: “Türkiyəyə qarşı bu cür ittihamlar irəli sürməzdən əvvəl PKK terror təşkilatına və onun qolu olan qüvvələrə hərbi və maliyyə dəstəyi verən ABŞ başlanğıc üçün Suriyada və İraqda uşaqları terror fəaliyyətinə zorla cəlb etməsi gerçəkliyinə baxmalıdır. ABŞ hakimiyyətinin öz qənaətlərini əsaslandırdığı informasiya mənbələrinin obyektivliyi ilə bağlı ciddi suallar var”.

Xəbərin qısa şərhi: Bu fakt da göstərir ki, ABŞ II dünya müharibəsindən sonra SSRİ-yə qarşı möhkəm durmaq üçün qazandığı ən etibarlı müttəfiqini ya artıq satıb, ya da satmağa hazırlaşır.

ABŞ budur. Bu dövlətin ipiylə quyuya düşən quyuda qurda-quşa yem olar.

269CE2B8-75E4-4D58-947D-64F3D5BEADDD_w408_r1_s.jpg (30 KB)

Əslində onun İranla 44 ildir apardığı düşmənçilik heç də bu ölkədəki demokratiya və insan haqları sahəsində olan problemlər, ölkənin şəriət qaydaları ilə idarə olunması, beynəlxalq terrorizmə dəstək verməsi üzündən deyil, daha sadə səbəblər var. Əsas məsələ odur ki, ABŞ İrandan çox rüsvayçılıqla, həm də əliboş şəkildə qovulub. 1979-cu ildə baş verən islam inqilabı nəticəsində ABŞ İrandakı investisiyalarından gələn milyardlardan məhrum olub, bu ölkədəki hegemonluğunu itirib, üstəlik, ilyarım ərzində Tehrandakı səfirlikdə girov saxlanan diplomatlarını xilas edə bilməyib və reputasiyası, izzət-nəfsi zədələnib. O vaxtdan bəridir ABŞ İranla intriqa içindədir və qarşı tərəfdən də heç bir yumşalma görmədiyindən düşmənçiliyini sürdürür. Ancaq indi belə görünür ki, Vaşinqton İrana 6 milyard dollarlıq jest edərək anlaşma yolunda ilk addımını atır və gözləyir ki, İran da ona doğru bir addım atsın.
Bu da ondan xəbər verir ki, ABŞ İranla necəsə yaxınlaşa bilsə, Türkiyənin qələmini qıracaq, bölgədəki düşmənini dost, dostunu düşmənə çevirəcək.

E299F0AD-8945-4EB1-AF17-8667D9C49FD8_w1200_r1.jpg (215 KB)

Məsələ ondadır ki, artıq on il olar Türkiyənin yeni rəhbərliyi ABŞ-ın regiondakı “əl-ayaq işlərinə baxan buyruqçu” statusundan imtina edib və özünə sərf etməyən hallarda ABŞ-ın iradəsinə boyun əymir, hətta ona qarşı çıxır, arabasının təkərinə çomaq soxur. Əvvəlki illərdə ABŞ rəhbərliyi bunun keçici olduğunu düşünür, növbəti seçkilərdə Rəcəb Tayyib Ərdoğanın yerinə gələn başqa biriylə, daha sözəbaxan liderlə işləyəcəyini, münasibətlərin əskisi kimi davam edəcəyini güman edirdi. Lakin sonradan bütün seçkilərdə qalib gələn Ərdoğanın özünün və partiyasının hakimiyyətdə nə qədər qalacağı proqnozlaşdırılmaz hala gəldi və ABŞ 2016-cı ilin iyulunda onu hərbi çevriliş yoluyla devirmək, yerinə Gülən camaatını gətirmək qərarı verdi. Bu avantürist plan iflsa uğrayınca ABŞ-la Türkiyənin arası açıldı.

İndi ABŞ Dövlət Departamenti müsəlman şərqində ən dürüst, qanuni, azad seçki keçirən Türkiyəni avtoritarizm yuvası kimi təqdim edir, vaxtaşırı adını hansısa bədnam hesabatlara salır, bir sözlə, var gücü ilə Türkiyəyə qarşı intriqa aparır.

Bu ölkə ilə ABŞ-ın problemi Ankaranın sözəbaxan olmaması, Qərbin Rusiyaya qarşı apardığı müharibədə bacardığı qədər neytral mövqe tutması, Yaxın Şərq kimi dünyanın mərkəzi sayılacaq bir regionda Ağ Evin maraqlarının təminatçısı olmaqdan imtina etməsinə görədir.

Bu baxımdan ABŞ-ın dövlətin demokratiya və insan haqları barədə dedikləri bəlağətli çıxışlardan başqa bir şey deyil. Elə olmasaydı, ABŞ seçki, insan haqları, qadın hüquqları bilməyən, konsulluqda jurnalist doğratdıran bir rejimlə, Səudiyyə Ərəbistanının kral ailəsi ilə bu qədər mehriban olmaz, vəhşicəsinə öldürülmüş vətəndaşının qanını batırmazdı.

777f18ea702401f7daf28b054cecfe0f.jpg (113 KB)

Yer üzündə ABŞ qədər kiçik dövlətlərdən maşa kimi istifadə edən ikinci bir dövlət yoxdur. O, heç vaxt qaraladığı, hədəfə götürdüyü bir ölkəyə özü təkbaşına hücum etmir, mütləq bir koalisiya qurur, 10-15 dövlətin hərbi qüvvələrinin, siyasi dairələrin iştirakı ilə öz düşmənini məhv edir. 1991 və 2002-ci ildə ABŞ İraqa qarşı məhz elə etdi. Əfqanıstana “Taliban” rejimini bu cür beynəlxalq koalisiyanın gücü ilə Tora-Boraya sıxışdırıb, yerində Həmid Kərzayın rəhbərliyi ilə yeni hökumət qurdu. Yuqoslaviyada Slabodan Miloşeviçi beynəlxalq koalisiyanın iştirakı ilə devirdi. Hazırda Ukraynada Rusiyaya qarşı da beynəlxalq koalisiya qurub. Bu işi uğurla başa çadrısa, Çinin dizini yerə gətirmək üçün başqa bir koalisiya quracaq.

ABŞ-ın bəxti onda gətirib ki, anqlo-saksların hegemon olduğu dövlətlər onun potensial koalisiyalarının daimi üzvləridir. Bunlar İngiltərə, Kanada. Avstraliya və Yeni Zelandiyadır. Bu dövlətlər ABŞ-ın ayaq qoyduğu yerə baş qoyurlar.

004.jpg (118 KB)

İndi ABŞ hərbçiləri okeanın o tayından uça-uça gəlib Ermənistanda hərbi təlim keçirirlər. Bu, Rusiya, İran, Türkiyə və Azərbaycana meydan oxumaq, ABŞ-ın Qafqaza yerləşmək niyyətinin bariz göstəricisidir. Hələ bunun ardı da gələcək. Bir zamanlar qonşu Gürcüstanı ABŞ-ın Corciya ştatının adaşı (Gürcüstanın və Corciyanın adı ingiliscə eyni cür yazılır - GEORGİA) sayaraq az qala onu özünün 51-ci ştatı elan edən ABŞ axırda onu yarıyolda qoydu. ABŞ-dan aldığı qazla reallıq hissini aşan prezident Saakaşvili Rusiyanın hansı aqressiv hərəkətlər edə biləcəyini hesablamadı, nəticədə rus qoşunları Gürcüstan paytaxtının 50 kilometrliyinə qədər gəldilər. Fransa və Almaniya işə qarışmasa, daha pis olacaqdı. ABŞ isə bəyanat verməklə kifayətləndi, real olaraq əlini daşın altına qoymadı. Nəticədə ABŞ Gürcüstana da, Saakaşvilyə də xəyanət etdi. İndi Gürcüstan öz məcrasına qayıdıb, Saakaşvili isə həbsxanada ölüm-dirim savaşı verir.

ABŞ-ın iki il öncə öz qoşunlarını Əfqanıstandan çıxararaq milyonlarla əfqanı “Taliban”ın açıq terroru və istibdadı ilə üz-üzə qoymasını da bu xalqa qarşı xəyanəti, “dostu satıb, düşməni almaq” hərəkəti hesab etmək olar. Çünki ABŞ öz işinə cəlb etdiyi on minlərlə əfqanı “Taliban”a satsa da, bu təşkilatın özünü alıb, hər həftə 80 milyon dollar pul verməklə, özünə işlədir, Çinlə İranın arasında paz kimi istfadə edir, eyni zamanda onu Orta Asiya respublikaları üzərində jandarma çevirməyə çalışır. Fakt budur ki, o regionda “Taliban”dan çəkinməyən ölkə yoxdur. Onun arxasında isə ABŞ durur.

talinab.JPG (44 KB)

Bir sözlə, dünyada yaranan əksər gərginlik nöqtələrində, qaynar bölgələrdə mütləq ABŞ-ın barmağı var. Onun məqsədi gerçəkdən də dünya ağalığına nail olmaq, Yer üzündə ölkələr arasında bütün giriş-çıxış nöqtələrinə nəzarət etmək, bu zaman heç bir dövlətin ona mane ola bilməməsini təmin etməkdir. ABŞ-ın Rusiya və Çini də xor görməsi bu üzdəndir.

Əgər o, dünya ağalığına can atarkən ədalətli ağa olacağına inam olsaydı, bəlkə də bir çox dövlətlər ona müqavimət göstərməzdi. Ancaq ABŞ heç də nə ədalətli ağadır, nə ədalətli arbitrdir. Biz bunu praktikada görmüşük. 28 il erməni işğalından əziyyət çəkdik, ABŞ bir dəfə işğalçıya üz bozardıb, “qoşunlarını müstəqil dövlətin ərazisindən çıxart” demədi. Amma 1990-cı ildə Küveyti işğal etmiş İraqda 4-5 ayın içində səhrada tifan qopartdı.

Quldarlıq quruluşunun sonuncu ləğv olunduğu ölkənin indiki sahibləri Tom dayının, Soloman Nortapın ağalarının züryətləridir, onlar özlərindən başqa hamını kölə saymaqda davam edirlər.

P.S. Tom dayı Harriyet Biçer Stonun romanının, Solomon Nortap isə “12 il köləlikdə” romanının personajlarıdır. /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər