Soyad – öz köklərini insanın ümumi nəsil şəcərəsindən götürərək, onun mənsubluğunu ifadə edən irsi ata adıdır. Bu məsələ, xüsusən ailə tarixi, onların soykökünün haradan qaynaqlandığı çox insanlar üçün maraqlı olmuşdur.
Ölkəmiz müstəqillik qazandıqdan sonra bu sahədə bir çox yeni qanunvericilik aktları qəbul olunub və dəyişikliklər edilib. Belə ki, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2 fevral 1993-cü il 495 saylı qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hazırda da vətəndaşlar yeni doğulmuş uşaqlarına bu soyad sonluqlarından birini seçib verə bilər. Sоyаdın sоnluğunun dəyişdirilməsi hər bir vətəndаşın ərizəsinə əsаsən həyаtа kеçirilir. Ərizəni 18 yаşınа çаtmış vətəndаşlаrın özü, 18 yаşınа çаtmаyаn vətəndаşlаrın isə vаlidеynləri və digər qаnuni nümаyəndələri (övladlığa götürənlər, qəyyum və ya himayəçilər) təqdim еdirlər.
İlk növbədə bilmək lazımdır ki, yeni dünyaya gələn körpənin düzgün ad seçimi çox vacıbdir. Uşağa qoyulan ad onun xarakterinə, gələcək həyatına, şəxsi inkişafına təsir edirsə demək ki, bu məsələ həssas bir məsələdir. Düşünsək ki, insan doğulandan ta dünyadan köçənə qədər özünün, öz uşaqlarının və hətta nəvələrinin də hüquq müəyyənedici sənədlərində onların adı keçəcək demək ki, bu məsələdə daha diqqətli olmaq lazımdır. Uşağa ad seçərkən onun mənasını araşdırmaq lazımdır. Uşağın mənafeyinə xələl gətirən, gülünc və cinsinə uyğun gəlməyən adların verilməsinə qanunvericilik də yol vermir. Uşağa ad seçərkən “Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti” və “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”ndə nəzərdə tutulmuş adlardan seçim edə bilərlər. Bu nəşrlər qeydiyyat şöbələrinə və ASAN xidmət mərkəzinin qeydiyyat şöbələrinə və yerli icra hakimiyyəti nümayəndəliklərinə paylanıb. Eyni zamanda vətəndaşlar nazirliyin elektron xidmətləri vasitəsilə də adlarla bağlı ətraflı məlumat ala bilərlər. Qeydiyyat şöbələrində doğum qeydə alınarkən valideynlərə övladlarına əcnəbi, mənasını bilmədikləri, səsləndirməkdə çətinlik çəkdikləri adları verməmələri mütəmadi tövsiyə olunur. Qeydiyyat şöbələrinin ən vacib vəzifələrindən biri bununla bağlı vətəndaşlar arasında maarifləndirmə işinin genişləndirilməsidir. Uşağa ad valideynlərin razılığı ilə, ata adı isə atasının adına görə verilir.
Şəxsin ad hüququ Mülki Məcəllənin 26-cı maddəsində öz əksini tapmışdır. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.
Ailə Məcəlləsinin 53-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın müvafiq bəndinə əsasən tələbinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir: “Uşağın soyadı, bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Məsələn, əgər valideynlərin soyadları “Əliyev” və “Mehdiyev”-dirsə, bu zaman valideynlərin razılığı ilə uşağın soyadını ya “Əliyev”, ya da “Mehdiyev” qoya bilərlər. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Lakin ər-arvaddan birinin soyadının dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur.
Qanunvericilikdə uşağa fərqli soyadın verilməsi nəzərdə tutulmayıb. Uşağa ata və baba adına uyğun, eləcə də valideynlərin soyadından fərqli soyadın verilməsi nə Ailə Məcəlləsində nə də Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nda da öz əksini tapıb. Bəzən də valideynlər dünyaya yeni gəlmiş övladlarına öz soyadlarını deyil, uşağın ata və baba adını soyad kimi vermək istədiklərini, soyadlarının onların ulu baba və nənələrinin soyadlarının daşımaq istəkləri ilə bağlı dəyişdirilməsi arzusunu bildirirlər və onların bu sahədəki qanunvericilikdən məlumatsız olması səbəbindən müəyyən problemlərlə üzləşməli olurlar. Vətəndaş bu barədə müraciət etdikdə Qeydiyyat şöbəsi tərəfindən yazılı imtina edilir və onlar inzibati qaydada ərazi üzrə inzibati məhkəmələrə müraciət edə bilərlər.
İnsanın adını, soyadını və ya atasının adını dəyişdirmək istəyinin səbəbləri müxtəlif ola bilər. Cütlüklər yeni nikaha daxil olduqda biri digərinin soyadını qəbul edir. Atanın adı övladlığa götürmə ilə əlaqədar və ya valideynlərin fərdi məlumatlarına dəyişiklik edildikdə yetkinlik yaşına çatmayan uşaqlar üçün dəyişdirilir. Adın gülünc səslənməsi, çətin tələffüzü, mənasız olması, milliyyətə uyğunsuzluğu səbəbindən dəyişdirilməsi mümkündür.
Ailə Məcəlləsinə görə isə 18 yaşına çatmamış şəxsin adının dəyişdirilməsi yalnız o halda mümkündür ki, buna yerli icra hakimiyyətlərin tərkibindəki qəyyumluq və himayə orqanları validyenlərin birgə xahişi əsasında icazə versin. 10 yaşına çatmış uşağın adı dəyişdirilərkən onun özünün razılığı da tələb olunur. Azərbaycan Respublikası vətəndaşları öz adını 18 yaşına çatandan sonra dəyişə bilərlər. Qaydalara dəyişiklik edilənə qədər vətəndaşlar ərizə ilə yaşadıqları yerin qeydiyyat orqanlarına müraciət etməli idilər. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə; ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə; ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə; ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr; şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti; ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti; ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunaraq vətəndaşın seçdiyi yer üzrə və ya ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə verilə bilər.
Bu sənədlər qeydiyyat orqanları tərəfindən müvafiq rayonun polis şöbəsinə göndərilir. Polis idarəsində həmin şəxs barəsində hər hansı təqsirləndirici materialın olub-olmaması yoxlanılır. Sonra sənədlər qeydiyyat orqanına qaytarılır və qurum öz rəyini tərtib edib baxılması üçün Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə göndərir. Bu instansiyada qanunauyğunluğu yoxlanılır və ad, soyad və ata adını dəyişmiş vətəndaşa bununla bağlı yeni şəhadətnamə verilir.
Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxslə bağlı bəzi məlumatları əldə etmək məqsədilə qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu verir. Həmin akt qeydləri mövcud olduqda adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə baxılır. Lakin həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir.
Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən əldə edildikdən sonra baxılır. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edildikdə isə ad, ata adı, soyad dəyişdirilir və qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və ona yeni şəhadətnamə verir
Adın, аtа аdının və sоyаdın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi, nikahdan əvvəlki soyadına qayıtması, atanın öz adını dəyişdirməsi, hər iki valideynin və ya valideynlərdən birinin soyadı dəyişdirməsi hallarında yol verilir.
Əgər ata öz soyadını dəyişdirirsə və ya hər iki valideyn soyadını dəyişdirirsə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.
Lakin valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın soyadı və ata adının dəyişdirilməsi hər bir halda onların ərizəsinə əsasən həyata keçirilir. Eyni zamanda valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur.
Qanunvericiliyin tələblərinə uyğun olaraq ərizə verən şəxs cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilibsə, götürülməmiş və ya ödənilməmiş məhkumluğu varsa, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişsə və ya xarici ölkədən deportasiya olduqda аdın, аtа аdının və sоyаdın dəyişdirilməsinə icazə verilmir. Qüvvədə olan qanuna əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yeri üzrə qeydə alınır.
Teymur Mustafayev
Ağdaş rayon Qeydiyyat şöbəsinin rəisi