Ekskluziv
3664
23 Aug 2023 | 11:20

"Vəkilin internetdə olmaması onun heç olmamasına bərabərdir”

Ölkəmizdə vəkillik institunun sürətlə inkişaf etməsi və bu peşənin artıq ən nüfuzlu hüquq peşələrindən birinə çevrilməsi sirr deyil. Vətəndaşlarımızın keyfiyyətli hüquqi yardıma əlçatanlığının təmin edilməsi üçün vəkillərin sayı durmadan artırılır və bu gün vəkil olmaq istəyən hüquqşünasların sayı da kifayət qədər çoxdur. Bu şərəfli adı qazanan hər bir hüquqşünas, əlbəttə ki, bu peşədə tanınmaq seçilmək, necə deyərlər, brendləşmək istəyir. Bu işdə isə ictimailik,vəkilin öz fəaliyyətinin düzgün təbliği böyük rol oynayır.
 
Bəs vəkil kimi “brendləşmənin”əsas qaydaları hansılardır?
Bu gün vəkilin ictimai məkanda aktivliyinin zəruri olması, əslində, müzakirə mövzusu deyil. Bəzən internet məkanında, sosial mediada vəkilin aktivliyi ilə bağll belə bir fikirlər səslənir ki, “vəkilin internetdə olmaması onun heç olmamasına bərabərdir”. Lakin qəti şəkildə deyə bilərəm ki, bu fikri artıq tanınmış vəkillərə, bu peşənin magistrlərinə aid etmək olmaz.
Vəkilin öz peşə fəaliyyyətinin təbliğinin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Əgər vəkillər bunu etməsələr, ictimaiyyət bunu böyük reputasiya riskləri ilə dolu halda, məmnuniyyətlə edəcək. Üstəlik, əgər yüksək səviyyəli vəkil media məkanında fəal deyilsə, o zaman hədəf auditoriyası onu qeyri-peşəkar kimi qəbul edəcək. Odur ki, hüquqşünas kimi fəaliyyətə başladığı ilk gündən şəxsi brendin yaradılması üzərində işləmək arzuolunandır.
Hazırda heç kəsə sirr deyil ki, təcrübəsi az olan, lakin parlaq marketinq kampaniyasına malik olan vəkil, xidmətlər bazarında “qalib gələ”, yəni daha çox tanına və nəticədə daha çox müştəri əldə edə bilər. Eyni zamanda bu cür vəkilin yanına çoxlu sayda müştəri gələcək, lakin onların qalacağı fakt deyil. 
İctimai imic üzrə mütəxəssislərin fikrincə (imic maker, biznes və ictimai imic üzrə ekspert Elena Ashmarina) bir hüquqşünas xarici atributlara görə tez bir zamanda populyarlıq qazanmağa qərar verərək, bahalı ofis icarəyə götürə, məclislərə dəbdəbəli maşınlarla gələ, sırf brend geyinə, hətta özünə təxəllüs də götürə bilər. Bu, əvvəlcə müştəriləri cəlb edəcək, lakin peşəkarlığı olmadığı üçün bir neçə uğursuzluqdan sonra fəaliyyətini dayandırmalı olacaq.
Ona görə də marketinq kampaniyasının arxasında ilk növbədə peşəkarlıq dayanmalıdır. Artıq kiçik, lakin uğurlu təcrübəniz olduqda təşviqata başlamaq məsləhətdir. Ancaq  mütəxəssislər bundan əvvəl də şəxsi brendin auditini keçirməyi tövsiyə edirlər (xüsusən də vəkilin sahib olduğunu sistemləşdirmək - veb-saytın olması, abunəçilərin sayı, ixtisaslaşmış mediada nəşrlər və s.) .Vəkil öz öz imicini yaradır, imiclə işləyir, bu arada, ixtisasını, səlahiyyətlərini, təcrübəsini, təhsilini qeyd etməli və kariyerası haqqında danışmalıdır. Hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyası hər bir vəkilin imicinin yaradılması istiqamətində böyük işlər görüb və görməkdədir. Bura vəkillərin reyestrinin yaradılması və internet məkanında əlçatan olması, hər bir vəkil barədə məlumatların bu məkana yerləşdirilməsi, çox tez tez yerli və beynəlxalq tədbirlərin təşkili, bu tədbirlərdə iştirakın bütün vəkillər üçün əlçatan olması (elan verilməklə), hər bir vəkilin fəaliyyətinin işıqlandırılması və sairə yüzlərlə addımı aid etmək olar.
Vəkillərin iştirak etdiyi uğurlu təcrübələrdən də danışmağa dəyər. Aydındır ki, vəkil öz fəaliyyətini sosial şəbəkələrsiz təbliğ edə bilməz, onların vasitəsilə o auditoriyasnı toplaya, rəy ala və faydalı şeylər haqqında danışa bilər. Üstəlik, sosial şəbəkənin seçimi birbaşa hədəf auditoriyadan və ixtisasdan asılı ola bilər. Məsələn, potensial müştərilər boşanmaq qərarına gələn və biznesdə öz paylarını tələb edən iş adamlarının arvadları ola bilər. Onların əksəriyyəti “İnstagram”-da “oturur”, yəni bu sosial şəbəkə öyrənmək və aktiv istifadə üçün yaxşı bir vasitədir. Lakin unutmaq olmaz ki, vəkilin öz fəaliyyətinin təbliği reklam xarakteri daşımamalıdır. Vəkil fəaliyyətini təbliğ edərkən özünün hüquqi yardım göstərməsi ilə bağlı ibtidai araşdırmaya, məhkəmə proseslərinə və digər işlərə istinadlar edə, vəkilə müraciət etmiş şəxslərə hər hansı prosessual hərəkətlərin uğurla nəticələnəcəyi barədə fikir yaradacaq bəyanatlar verə bilməz. Vəkilin öz fəaliyyətinin təbliği ilə bağlı məlumatlar obyektiv, həqiqəti əks etdirən, aydın və başa düşülən olmalı və vəkil hüquqi yardım üçün potensial müraciət edənləri çaşdırmamalıdır. Vəkilin fəaliyyətinin təbliği ilə əlaqədar materiallar elə tərtib olunmalıdır ki, vəkilin və Vəkillər Kollegiyasının nüfuzuna xələl gətirməsin. Əgər vəkil özünün xəbəri olmadan bu Əsasnamənin tələbinə zidd şəkildə onun fəaliyyətinin təbliği hallarını görərsə, dərhal bu fəaliyyətin qarşısının alınmasına çalışmalı və görülmüş tədbir barədə Vəkillərin İntizam Komissiyasına məlumat verməlidir.
Vəkilin peşəkar kimi tanınmasında, həmçinin, media ilə iş qurmağın, ixtisaslaşmış məqalələrə şərhlər verməyin, peşəkar tədbirlərdə - konfrans və seminarlarda iştirak etməyin böyük rolu var.
Bununla yanaşı ekspertlərin əksəriyyətinin fikrincə, “yüksək səs-küylü” iş üzrə digər vəkillərlə bir komandada işləmək yeni başlayan vəkil üçün əvəzsiz təcrübə, mediada layiqli söz sahibi olmaq və faydalı əlaqələr qurmaq perspektividir. Ona görə də, imkan daxilində komandaya qoşulmaq lazımdır. Bəzən bu cür işlərə pulsuz və ya cüzi bir ödənişlə qoşulmaq vəziyyəti adi təcrübədir, bu, vaxt itkisi deyil, gələcək işgüzar nüfuza sərmayədir.
Vəkilin peşə fəaliyyətinin təbliğində konfranslarda, sosial şəbəkələrdə və şəxsi veb saytında uğurlu işlərdən danışmağı mümkündür, lakin bu peşə sirrinin məcburi qorunması ilə olmalıdır. Bu elə edilməlidir ki, həmin proses iştirakçılarını birmənalı şəkildə müəyyən etmək mümkün olmasın. Yəni, işin nömrəsini, qərarın verilmə tarixi qeyd edilməməlidir. Məhkəmənin adını və hakimin, yaxud işi aparan digər şəxsin adını qeyd edərkən də diqqətli olmaq lazımdır, çünki başqa məlumat varsa, məlumat konkret məhkəmə prosesini müəyyən etməyə imkan verəcək və bu, vəkil sirrinin pozulmasıdır. 
Eyni zamanda, vəkilin ilkin olaraq nəşrin mətnini və onun mümkünlüyünü həmin iş üzrə müvəkkili ilə müzakirə etməsi də məsləhətdir. Əgər vəkilin hüquqi yardım göstərdiyi şəxs bu iş üzrə media ilə ünsiyyətin əleyhinədirsə, o zaman vəkilin məsələ ilə bağlı şərh vermək hüququ yoxdur. Lakin o, həm susqunluğun, həm də media sahəsində aktiv hərəkətlərin fayda və risklərini müvəkkilinə izah edə bilər. Jurnalistlər fəal şəkildə məhkəmə proseslərini işıqlandırırlar və əgər söhbət “yüksək səs-küylü” cinayət işindən gedirsə, xəbərlərdə həm ittiham, həm də müdafiə tərəfinin mövqeləri yer alsa, daha yaxşı olar. Bəzən bu işin tərəfini açıq şəkildə söyləmək üçün şans kimi qiymətləndirilir. Lakin bu zaman vəkil “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.13-cü bəndinə əməl etməyə borcludur. Həmin normanın tələbinə əsasən vəkil zərurət yarandıqda konfidensiallıq və digər əsas peşə prinsiplərinə zidd olmayaraq göstərdiyi hüquqi yardımlarla əlaqədar ictimaiyyəti düzgün məlumatlandırmaq öhdəliyi daşıyır. Vəkil cinayət işləri üzrə istintaq sirri təşkil edən və ya qapalı keçirilən məhkəmə prosesləri barədə məlumatları ictimailəşdirməməlidir. Vəkil mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də, mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin, yetkinlik yaşına çatmayanların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları ictimailəşdirməməlidir. Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, Vəkillər Kollegiyasının orqanlarının qərarları barədə cəmiyyətdə yanlış təsəvvürlər yarada bilən hərəkətlərdən və ictimai çıxışlardan, təhqir və böhtan xarakterli məlumatların yayılmasından çəkinməlidir. Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və kütləvi çıxışlarda dövlət, qeyri-dövlət və onların vəzifəli şəxsləri barəsində əsassız, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli və davranışlara yol verməməlidir.
Həm də unutmaq olmaz ki, vəkil peşəsi bu peşə sahibinin yüksək standartlara cavab verməli olmasını, vicdanlılığını və təmkinini qorumalı olmasını tələb edir. İş qalmaqallı, səs-küylü ola bilər, lakin bu xüsusiyyətlər vəkillə uyğun gəlmir. Mütəxəsslərin fikrincə, (Arkadi Tolpegin) Vəkil üçün qalmaqallı şəxsi brend qəti şəkildə qəbuledilməzdir, çünki, peşənin fərdi nümayəndəsinin qalmaqallılığı ümumilikdə vəkillik peşəsi institutuna, xüsusən də, onun bütün nümayəndələrinə kölgə salır".
Dmitri Zatsarinsky isə ümumiyyətlə neqativliyə və hər hansı etik standartların pozulmasına əsaslanan şəxsi brendi çıxılmaz nöqtə hesab edir bildirir ki, bu cür obraz yalnız çatışmazlıqlardan ibarətdir. Unutmaq olmaz ki, peşə nüfuzunun işgüzar nüfuzun qurulmasına illər tələb olunur və o, bir gündə itirilə bilər. Güclü bir qalmaqal olanda, o, çox vaxt idarəolunmaz hala gəlir və siz heç vaxt əmin ola bilməzsiniz ki, bu cür vəziyyəti idarə edə biləcəksiniz. Ümumuyyətlə, peşəkar mühitdə mümkün riskləri diqqətdən qaçırmaq olmaz - hüquq ictimaiyyətində irəliləməyə belə bir yanaşma  adətən xoş qarşılanmır.
Bir vacib məsələni də unutmaq olmaz. Vəkil öz həyat tərzinin sosial şəbəkələrdə əksinə çox ehtiyatlı yanaşmalıdır. Vəkilin internetdə dərc etdiyi hər şey müştəriləri tərəfindən diqqətlə öyrənilir. Bu isə o deməkdir ki, vəkil internetdə yalnız hüquqi yardım göstərdiyi şəxslərin heç birinə göstərməkdən utanmayacağı şeyi yerləşdirməlidir. Məsələn, spirtli içki ilə, çimərlik paltarında, çılpaq və ya ədəbsiz, uyğun olmayan fotoların yerləşdirilməsi vəkilin imicinə müsbət təsir göstərə bilməz. Hesab edirəm ki, vəkil siyasi mövzulara, insanlar arasındakı münasibət mövzularına toxunanda da ehtiyatlı olmalıdır. Bu vəkilə olan inama kölgə sala bilər.
 
 
 
 
 
 
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova
 
Link kopyalandı!
Son xəbərlər