“1918-ci ildə Andronikin qoşunlarının o kənddə törətdiyi faciənin canlı şahidi ilə rastlaşdım...”
4307
10 Aug 2023 | 18:26

“1918-ci ildə Andronikin qoşunlarının o kənddə törətdiyi faciənin canlı şahidi ilə rastlaşdım...”

“Acından ürəyim gedirdi. Amma qorxumdan çölə çıxa bilmirdim. Əlacım kəsildi, it damının qarşısında daşdan it yalağı var idi, yaxınlaşıb onu yaladım, yaladım...”
 
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, sabiq deputat mərhum Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, hələ 1940-1950-ci illərdə  Qərbi Azərbaycanın soydaşlarımızla  ermənilərin yanaşı yaşadıqları bir sıra rayonlarda rəhbər vəzifələrdə, o cümlədən rayon partiya komitəsinin 1-ci kaibi işləmiş görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr edilən  “Ermənilər və faciələrimiz” kitabının “Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin 1918-ci il soyqırımı” yarımbaşlıqlı bölməsində Ermənistanın Qarabağlar rayonunda rayon partiya komitəsinin birinci katibi işlədiyi zaman bir sıra kəndlərdə daşnak ermənilərin 1918-ci ildə soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri təsdiqləyən insan qalıqlarının ermənilərin öz iştirakıyla aşkara çıxartması və həmin faciənin izinin itməməsi, o qətliamda həlak olan azərbaycanlıların xatirəsini yaşatmaq üçün abidələr qoydurmasından və s. olaylardan bəhs edir.  
Aktuallığını nəzərə alaraq həmin materialın vacib məqamlarını Moderator.az oxucularının diqqətinə çatdırırıq:
 
 
Qədirlidən sonra Qaraxaça getdik.  Orada işlərimizi görüb qayıtmaq istəyəndə Qaraxaçda sovet sədri (kəndin yerli hökuməti) Məhər kişi mənə yaxınlaşıb razılıq etdi ki, qətlə yetirilmiş azərbaycanlıların xatirəsini uca tutmuş və orada müvafiq iş görmüşük. O dedi ki, Qaraxaçda və Birəlidə də içərisi qətlə yetirilmiş azərbaycanlıların sümükləri ilə dolu olan iki kalafa var. Məhər kişi onların da xatirəsinin əbədiləşdirilməsini xahiş etdi və bildirdi ki, onun özü həmin faciənin canlı şahididir, bir dəfə vaxt olanda bu haqda danışa bilər... 
 
Əlbəttə, Qaraxaçda, Birəlidə də soydaşlarımızın diri-diri yandırılaraq öldürüldüyünü və bunu təsdiq edən xarabalıqların olduğunu bilirdim. Onların da xatirəsi üçün nə isə etmək fikrində idim. Ancaq fikirləşirdim ki, üç kənddə birdən bu işə başlamaq kampaniya təsiri bağışlayar və bəlkə də pis nəticə verə bilər. Yəni ermənilər bu məsələyə başqa don geydirə bilərlər. Bir az ara verib bu işi görmək fikrində idim. Ancaq sovet sədrinin təkidi və özünün  o faciələrin canlı şahidi olduğunu deməsi, mənim onu eşitmək istəməsi məni məcbur etdi ki, bu iki kənddə də elə indi azdan-çoxdan bir iş görüm. Lakin elə etməliydim ki, düşmənlər bundan əleyhimizə istifadə etməsin. Sovet sədrinə dedim ki, 5 gündən sonra raykoma gəlsin, işlə bağlı orada söhbət edək...
 
Şərtimizə əsasən 5 gündən sonra Qaraxaç kənd sovetinin sədri gəldi.  İşlə bağlı bir sıra vacib məsələlərdən  danışandan sonra rayonun İcraiyyə Komitəsinin sədri Musa Vəlibəyovu, rayon prokuroru Hüseyn Babayevi, raykomun şöbə müdirləri Ağamalı Məmmədovu, İsfəndiyar Hüseynovu çağırtdırdım. Onların iştirakıyla Məhərrəmi - Andronikin qoşunlarının Qaraxaç kəndinddə törətdiyi faciənin canlı şahidini eşitdik. O, danışmağa başladı:
 
“1918-ci ilin payızı idi...  Andronikin qoşunları bizim kəndimizə daxil oldular. Dro Qanyanın daşnakları Qədirlini qırıb-çatan günü bizlər dağılmayaq deyə, bir dəstə Qaraxaç kəndinə bir dəstə Birəliyə daxil oldular. Kəndlərin də arası heç 2 km deyildi. Ermənilər kəndə girən kimi mühasiərəyə alıb kişi, qadın, uşaq, böyük – kimi görürdülərsə, güllələyirdilər. Onda mən 20-22 yaşında oğlan idim... Dediklərimi görən kimi tez qaçıb qonşudakı yarısı yerdən qazılmış  bir it damına girdim. İti açıb buraxdım. Bəxtimdən atəş səslərini eşidən it qaçdı... 
 
Kənddə güllə səsindən, insan ah-naləsindən dünya qopurdu. Güllələr açıldıqca çığırtı-nalə səsləri göylərə ucalırdı. Çığırtılarla yanaşı, ermənilərin istehzalı gülüş səsləri də eşidilirdi.  Evlərə düşüb kişi, qadın, uşaq-böyük – hamını yığmağa başladılar. Ermənilər evlərə girəndə xoşlarına gələn yaxşı paltarları gtürüb, yerdə qalan başqa parça-paltarların üstünə neft töküb qadınların qucağına verirdilər. Düzdür, bu əməliyyatı gözümlə görmürdüm, ancaq ermənilərin qabaqlarına qatıb gətirdikləri adamlar bir-birlərinə qoşularkən ağlaya-ağlaya deyirdilər ki, evdə olan nefti paltarların üstünə töküb qucağıma verdilər... 
 
Beləliklə, bu dəhşətli vəziyyət axşama qədər davam etdi... Axşam tərəfi ah-nalə azaldı. Tüstü, alov, yanğın qoxusu kəndi bürümüşdü.  Alovun işığı mən gizləndiyim it damının ətrafını da işıqlandırırdı.  Hər dəqiqə tapılacağımı gözləyirdim.  İki gün alov davam etdi. İki gündən sonra isə sönməyə başladı. Hiss edirdim ki, evlərə girib qarət edirdilər. Beləcə üç gün kənddən səs-küy kəsilmədi. Nəhayət, ayaq tappıltısı da kəsildi. Bir az arxayınlaşdım. Sonra məni titrəmə, hıçqırma  tutdu... Acından ürəyim gedirdi. Amma qorxumdan çölə çıxa bilmirdim. Əlacım kəsildi, it damının qarşısında daşdan it yalağı var idi, yaxınlaşıb onu yaladım, yaladım...
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər