Sergiyev Posadda zavodda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 49 nəfərə çatıb.
Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, Sergiyev Posadda partlayış baş verən yerdə dağıntılar altından üç nəfər çıxarılıb, onların vəziyyəti ağırdır.
Hadisə yerində 23 təcili yardım maşını və bir helikopter işləyir.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, beş nəfər dağıntılar altında qalmış ola bilər.
Onun sözlərinə görə, zavodda baş verən partlayışın episentri pirotexniki məmulatların yığıldığı yerdir.
“Zavodun uzun müddətdir optika və mexanika ilə heç bir əlaqəsi yoxdur. Pirotexniki vasitələr, əsasən, burada istehsal olunur. Partlayış da pirotexniki vasitələrin yığıldığı yerdə olub”, - A.Vorobyov dedi.
Şəhər administrasiyasından bildirilib ki, partlayış yerində yanğın lokallaşdırılıb. Bundan əlavə, Sergiyev Posadda baş verən partlayış nəticəsində qazanxana zədələnib və isti suyun verilişi kəsilib.
14:52
Moskva vilayətinin Sergiyev Posad şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.
Bu barədə vilayət qubernatoru Andrey Vorobyov məlumat verib.
Onun sözlərinə görə, yaralılar xəstəxanaya çatdırılıblar və onlara lazımi köməklik göstərilir.
A.Vorobyov əlavə edib ki, Zaqorsk optik-mexanika zavodunun bütün binalarından və sexlərindən insanlar təxliyə ediliblər. Bundan əlavə, yaxınlıqdakı uşaq bağçası da boşaldılıb.
O qeyd edib ki, zavodun ərazisində partlayış pirotexniki vasitələrin yerləşdiyi anbarda baş verib. Anbar özəl şirkət tərəfindən icarəyə götürülüb.
A.Vorobyovun sözlərinə görə, “Luç” idman kompleksi də qismən zədələnib, Osipenko və Karl Libknext küçələrindəki yaşayış binalarının şüşələri sınıb. Qubernator partlayış nəticəsində mənzilləri zədələnən hər kəsə kömək ediləcəyinə söz verib.
Rusiyada, Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.
Məlumata görə, hadisə zamanı on bir nəfər xəsarət alıb.
Partlayışın səbəbinin texnoloji prosesin pozulması olduğu qeyd edilir. Ehtimallar sırasında dron hücumu da göstərilirdi.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Ura.ru