Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri Bakıda səfərdədilər
Cəmiyyət
1632
08 Aug 2023 | 12:08

Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri Bakıda səfərdədilər

Bakıda Özbəkistanın aparıcı analitik mərkəzlərindən ibarət nümayəndə heyəti Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (IITKM) direktoru Vüsal Qasımlı ilə görüşüb.

Tədbirdə Mərkəzi Asiya Beynəlxalq İnstitutunun, İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin , Strateji və Regionlararası Araşdırmalar İnstitutunun, habelə Özbəkistan Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq Əlaqələr üzrə İnformasiya və Analitik Mərkəzinin nümayəndələri iştirak ediblər.

Özbəkistan və Azərbaycan arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin Mərkəzi Asiya regionunda baş verən dəyişikliklər və regionlar arasında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Vüsal Qasımlı Özbəkistan Respublikasının vətəndaşların rifahının yaxşılaşdırılmasına, insan kapitalının inkişafına, iqtisadiyyatın sektorlarının transformasiyasına və liberallaşdırılmasına, rəqəmsallaşmaya, innovativ texnologiyaların tətbiqinə yönəlmiş yeni Strategiyasını yüksək qiymətləndirib.
Görüşün yekunu olaraq institutlar üçün prioritet istiqamətlər üzrə sıx elmi-tədqiqat işlərinin aparılmasına dair razılıq əldə olunub, birgə tədbirlərin keçirilməsi razılaşdırılıb.

Eyni zamanda, Özbəkistandan olan nümayəndə heyəti Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (ABMTM)ekspertləri ilə də görüşüb.

Görüş zamanı iştirakçılar Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın vəziyyəti və perspektivlərini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında qarşılıqlı əlaqələrin qurulmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanda aparılan islahatları, eləcə də Mərkəzi Asiyada gedən prosesləri yüksək qiymətləndirib. Azərbaycanın Özbəkistan və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın qurulmasında maraqlı olduğu vurğulanıb.

Hər iki ölkənin analitik strukturları arasında prioritet istiqamətlər üzrə sıx əlaqələrin qurulması, o cümlədən birgə tədbirlərin keçirilməsi barədə razılıq əldə olunub..

Bundan başqa, Mərkəzi Asiya Beynəlxalq İnstitutunun və Özbəkistan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Münasibətlər üzrə İnformasiya-Analitik Mərkəzinin nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi M. Qasımov ilə görüşüb.

Özbəkistan-Azərbaycan əməkdaşlığının aktual məsələləri, Mərkəzi Asiyada mövcud vəziyyət və onun

Cənubi Qafqazla qarşılıqlı fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, birgə səylər nəticəsində iki ölkə arasında strateji tərəfdaşlıq demək olar ki, bütün istiqamətlərdə ardıcıl olaraq genişlənir və hər iki dövlətin mənafeyinə xidmət edir.

M.Qasımov qeyd edib ki, Azərbaycan Özbəkistanla əlaqələrin inkişafına üstünlük verir. Prezident Şavkat Mirziyoyevin Bakıya gözlənilən dövlət səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyi vurğulanıb.

 

Link kopyalandı!
Son xəbərlər