“1918-ci ildə öldürdükləri soydaşlarımıza xatirə abidələrini ermənilərin özlərinə düzəltdirdim...”
Ekskluziv
4325
07 Aug 2023 | 13:21

“1918-ci ildə öldürdükləri soydaşlarımıza xatirə abidələrini ermənilərin özlərinə düzəltdirdim...”

“Aşot bir addım da irəli gedib yaltaqcasına dedi: “Yoldaş Musayev, mənim atamı da döyə-döyə bu qoşuna qatıbmışlar. Daşnakların nə etdiklərini  atam mənə söyləyib. Lazım bilsəniz, sizə söyləyərəm.”
 
“...Aşotlar, qabriyellər hər şeyə hazır idilər. Nə tapşırsan, “baş üstə” deyib yerinə yetirərdilər. O şərtlə ki, özlərinin yerini bərkitsinlər və sonra əgər yeri, məqamı gələrsə, zərbə endirsinlər...”
 
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, sabiq deputat mərhum Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, hələ 1940-1950-ci illərdə  Qərbi Azərbaycanın soydaşlarımızla  ermənilərin yanaşı yaşadıqları bir sıra rayonlarda rəhbər vəzifələrdə, o cümlədən rayon partiya komitəsinin 1-ci kaibi işləmiş görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr edilən  “Ermənilər və faciələrimiz” kitabının “Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin 1918-ci il soyqırımı” yarımbaşlıqlı bölməsində Ermənistanın Qarabağlar rayonunda rayon partiya komitəsinin birinci katibi işlədiyi zaman bir sıra kəndlərdə daşnak ermənilərin 1918-ci ildə soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri təsdiqləyən insan qalıqlarının ermənilərin öz iştirakıyla aşkara çıxartması və həmin faciənin izinin itməməsi, o qətliamda həlak olan azərbaycanlıların xatirəsini yaşatmaq üçün abidələr qoydurmasından və s. olaylardan bəhs edir.  
Aktuallığını nəzərə alaraq həmin materialı  Moderator.az oxucularının diqqətinə çatdırırıq:
 
“1942-1946-cı illərdə Qarabağlar rayonunda raykomun 1-ci katibi işləyirdim. Müharibənin çox ağır günləri idi... Bu ağır günlərin tələbinə uyğun olaraq kolxozlara tez-tez baş çəkirdim. Bir gün raykomun şöbə müdiri Ağamalı Məmmədovu da özümlə götürüb Çanaxçıdərə zonasına yollandım.  Şahablıdan keçərkən əyləndim. Orada tütünqurutma və düzmə binası var idi. Həmin  binaya baş çəkdim...
 
...Şahablıda əvvəllər azərbaycanlılar yaşamışdı. 1918-ci ildə Andronikin qoşun birləşmələrindən biri bu kəndi tamam dağıtmış, əhalini isə qırmışdı.  Çox az sayda qaçıb canını qurtaranlardan indi bir neçə ailə qayıdıb burada yaşayırdı. Kəndin yeni əhalisinin çoxu Türkiyədən gəlmiş ermənilər idi. Mən tütünqurutma binasında olarkən camaatın işindən razı qaldım...
 
Şahablıdan sonra Qədirli kəndinə getdik... Kolxozun əkin sahələrinə baxmaq istədim. Çöllükdə insan baş sümüyünə, qılça sümüklərinə rast gəldik... Maraqlanıb öyrəndim ki, 1918-ci ildə  Qədirli ilə yanaşı, qonşuluqdakı Qaraxaç, Birəli, Şahablı kəndlərinin əhalisini də daşnak qoşunları damlara dolduraraq yandırıb qırıblar.  Bu zaman kolxoz sədri Qabriyel və briqadir işləyən Aşot Mepslumyan yaltaqcasına dedilər ki, yoldaş Musayev, daşnakların əhalini doldurub yandırdıqları damın yerində yeni dam tikilməsinə qoymuruq. İndi kəndə çatanda o kalafaları sizə göstərərik... Aşot bir addım da irəli gedib yaltaqcasına dedi: “Yoldaş Musayev, mənim atamı da döyə-döyə bu qoşuna qatıbmışlar. Daşnakların nə etdiklərini  atam mənə söyləyib. Lazım bilsəniz, sizə söyləyərəm.”
Getdik kəndə... Kalafalıqları mənə göstərdilər.  Mən bel gətirib bir küncündən bir az qazdırdım. Topa-topa sümüklər, insan başları çıxdı. Bunların üstünü Ağamalıya və sürücüm Əbdüləzimə örtdürdüm. Və oradaca dedim ki, biz bu faciənin izinin itməməsi, gələcəkdə burada həlak olanların yad olunması üçün mütləq nə isə etməliyik. Düzünü deyim ki, gördüklərimin və Aşotun atasının dilindən eşidib sonradan mənə danışdıqlarının  yüzdə birini bu kitaba daxil edib yaza bilmirəm. Çöldə gördüyüm  insan sümükləri öz yerində, ancaq kalafanın küncündə qazdırdığım yerdən çıxan sümük qalaqları sanki az qalırdı dil açıb danışa... Gördüyüm bu vəziyyət məni o dərəcədə sarsıtdı ki, birbaşa iş yerinə qayıtsam da, o gün işləyə bilmədim. İki gün evdə qalıb işə çıxanda yenə də Çanaxçı dərəsinə yollandım. Qədirliyə getdim, düşünürdüm ki, o faciə zamanı vəhşicəsinə yandırılmış qardaş-bacılarımıza vaxtında  kömək etmək imkanımız olmayıbsa da, bu gün heç olmasa əlimdəki müəyyən səlahiyyətdən yararlanaraq onların xatirəsi üçün nəsə edə bilərəm və etməliyəm... Bu minvalla əlimdən gələn tədbirin hazırlığına başladım...
 
Qədirliyə çatan kimi erməni kolxoz sədri Qabriyeli çağırdım...  Qədirlilərin yarısı divar hörən, bənna, qəbir daşıya hazırlayan ustalar idi. Əlimdəki yazılı kağızı Qabriyelə verib tapşırdım ki, üzərinə göstərilən sözlər yazılmış iki ədəd daş  hazırlatsın, azərbaycanlılar yandırılmış o kalafa binanın heç yerinə əl vurmadan yerə tərəf hissəsini iki metr hündürlükdə hörüb bu yazılı daşı da qapı tərəfdən divarın içinə qoydursun.  Ona dedim ki, Ağamalı bu işə nəzarət edəcək, özüm də sonra gəlib baxacam. Qabriyel “baş üstə” deyib yazdığım kağız parçasını götürdü.  Orada yazılmışdı: 
 
“Qədirli kəndində yaşamış azərbaycanlıların - 1918-ci ildə daşnaklar tərəfindən bu dama doldurulub yandırılmış, həlak edilmiş ata-anaların, qardaş-bacıların, qız-gəlinlərin qəbiristanlığı”...
 
12 gündən sonra Ağamalı mənə xəbər verdi ki, tapşırıq bütünlüklə yerinə yetirilib. Rayonun rəhbər işçilərindən Musa Vəlibəyovu, Hüseyn Babayevi, İsfəndiyar Hüseynovu da götürüb getdim Qədirliyə. Ağamalı orada idi. O, görülən işlər barədə bizə məlumat verdi.  Əlavə tapşırıq verdim ki, yağışın-qarın döyüb sümüklərin üstünü açmış yerlərə yarım metr torpaq töküb sadə daşla üstünü örtsünlər. Ağamalı bunu da elətdirdikdən sonra mənə göstərdi...
 
Oxucu təəccüblənməsin ki, erməni Aşot nə əcəb bu faciəni olduğu kimi mənə danışıb və Qabriyel  mənim müvafiq tapşırıqlarımı qeyd-şərtsiz yerinə yetirib. Və mən ermənilərin özlərinə daşnakların həlak etdiyi soydaşlarımızın xatirəsinə abidə düzəltdirmişəm... Əvvəla, onu bilmək lazımdır ki, o vaxt iş-vəzifə almaq, partiya sıralarına keçmək istəyən ermənilər də ürəkdən olmasa da, üzdən daşnakların hərəkətlərini tənqid etməyə məcbur idilər. İkincisi, əgər kim isə daşnakları müdafiə edib onu tərifləsəydi, yəqin ki, həbs edilərdi.  Erməni də bicin biri idi, bunu etməzdi. Üçüncüsü, kim bilmir ki, erməni məqamını gözləyən, dövrə-zamana uyğun hərəkət edəndir. Fürsəti əldən vermədən hansı cildə girmək ona xeyir verirsə,  o saat həmin cildə girir.  Ona görə də özlərini yaxşı tanıtmaq üçün aşotlar, qabriyellər hər şeyə hazır idilər. Nə tapşırsan, “baş üstə” deyib yerinə yetirərdilər. O şərtlə ki, özlərinin yerini bərkitsinlər və sonra əgər yeri, məqamı gələrsə, zərbə endirsinlər...
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər