Almanlara əsir düşən 80 generalın taleyi – ŞOK DETALLAR
Dünya
2002
04 Aug 2023 | 14:06

Almanlara əsir düşən 80 generalın taleyi – ŞOK DETALLAR

16 avqust 1941-ci ildə Dövlət Müdafiə Komitəsində imzalanan 270 nömrəli əmr müharibə dövründə əsir düşən hərbçilərin karyerasında ciddi problemlər yaradıb. “Əsir düşmək və silahların təhvil verilməsi ilə bağlı hərbi qulluqçuların məsuliyyəti” başlıqlı əmri İosif Stalin, Vyaçeslav Molotov, Semyon Budyonnı, Kliment Voroşilov, Semyon Timoşenko, Boris Şapoşnikov və Georgi Jukov imzalayıblar.

Əmrə əsasən, komandirlərin sona qədər döyüşməsi onların vəzifə borcu sayılıb və düşmənə əsir düşmək “qadağan” edilib. Daha sonra qeyd olunub ki, əsir düşən komandirlər fərari sayılaraq heç bir məhkəmə olmadan yerində güllələnməyə məhkumdurlar.

gulle.jpg (125 KB)

Qeyd edək ki, II Dünya müharibəsi zamanı SSRİ tərəfindən 5 milyon 740 min nəfər hərbçi almanlara əsir düşüb. Onlardan təxminən 1 milyona yaxını əsir düşərgələrində saxlanılıb. Almanların statistikasına görə, müharibə ərəfəsində 2 milyondan artıq sovet əsiri müxtəlif səbəblərdən ölüblər. 818 min nəfər nasistlərlə əməkdaşlığa razılıq verib. Əsirlərdən 473 min nəfəri Almaniya və Polşada olan düşərgələrdə işgəncə və güllələnmə ilə məhv edilib. 67 min nəfər sovet hərbçisi əsirlikdən qaçmağa nail olub.

girov.jpg (143 KB)

Müharibə dövründə SSRİ üçün ən narahat məqamlardan biri generalların əsir düşməsi sayılıb. İosif Stalini və ümumilikdə Dövlət Müdafiə Komitəsini narahat edən məsələ generalların almanlara satılması, onlarla əməkdaşlığa razılıq verməsi olub. 2020-ci ilin son araşdırmalarına görə, sovet-alman müharibəsi zamanı 80 general almanlara əsir düşüb. Bəzi tarixçilərin qənaətlərinə görə, əsir düşən generallar SSRİ-yə qayıtdıqdan sonra, yaxud da yaşadıqları xarici dövlətlərdə Stalinin göstərişi ilə öldürülüb. Amma rəsmi statistikada bu cür faktlar özünü doğrultmayıb.

Əsir düşmüş 80 generaldan üçünün taleyi bu günə qədər məlum deyil. Generallardan 6 nəfəri əsir düşərgələrindən qaçmağa müvəffəq olub. 27 əsir general düşərgələrdə ölüb. Əsir düşən generallardan 22 nəfəri müharibə ərəfəsində və müharibədən sonrakı illərdə yenidən xidmətlərini davam etdiriblər, onların bütün hüquqları bərpa olunub.

22 nəfər əsir general isə SSRİ Hərbi Kollegiyasının qərarı ilə müxtəlif cəzalara məhkum ediliblər. Onlardan 5 nəfəri asılmaqla edam edilib, 13 nəfəri güllələnib, 2 nəfəri həbsxanada ölüb, 2 nəfəri isə cəzalarını başa vurduqdan sonra SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət edərək bəraət alıblar.

Faktlardan göründüyü kimi, Stalinin əsir düşmüş 80 general haqqında ümumi qərarı, yaxud da şifahi göstərişi olmayıb. Yalnız 22 nəfər sovet qanunlarına uyğun olaraq cəzalandırılıb.

Stalinin vəfatından sonra bir sıra yüksək rütbəli hərbçilər yuxarıda qeyd etdiyimiz 270 nömrəli əmr haqqında tənqidi fikirlər söyləyiblər. Onlar belə bir əmrin silahlı qüvvələrin bütün komandirlərinə və döyüş bölgələrinə tətbiq edilməsini düzgün saymayıblar, belə əsaslandırıblar ki, müharibə dövründə döyüş şəraiti istənilən anda dəyişə bilər, kəşfiyyatın qeyri-dəqiq məlumatı, yaxud da digər səbəblərdən bütöv bir hərbi hissə mühasirəyə düşə və əsir götürülə bilər.

xrus son.jpg (118 KB)

Bu haqda tənqidi fikirləri daha çox Nikita Xruşovun tərəfdarı olan və onun komandasında təmsil olunan yüksək vəzifəli hərbçilər söyləyiblər. N.Xruşov isə onlara böyük həvəslə dəstək verib, Stalini hədəf seçərək məsələyə münasibətini aşağıdakı kimi bildirib:

“Əlbəttə, yalnız Stalin belə bir əmr verə bilərdi. Döyüş taktikasından xəbəri olmayan, bir dəfə də olsun ayağı cəbhə bölgəsinə dəyməyən marşaldan daha nə gözləmək olardı. Biz bu məsələni dəfələrlə qaldırmışdıq. Çünki biz cəbhədəydik, real vəziyyəti bilirdik. O isə öz dediyindən dönmürdü. Son nəticə isə göz qabağındadır...”

jukov.jpg (103 KB)

270 nömrəli əmrə imza atanlardan biri Georgi Jukov isə bu tənqidləri çox ağır qəbul edib. O, 1956-cı ildə Mərkəzi Komitənin geniş tərkibli iclasında sözügedən məsələyə sərt və ciddi münasibət bildirib:

“Dəfələrlə 270 nömrəli əmr haqqında fikirlər söylənilir, tənqid olunur. Əsas səbəb isə o göstərilir ki, əmri imzalayan Stalin hərbi sahədə qeyri-peşəkar olub. Amma siz də yaxşı bilirsiniz ki, bu əmri təkcə Stalin imzalamayıb. Bir daha bəyan edirəm ki, həmin əmri imzalayanlardan biri də mən olmuşam. Həmin əmr imzalanmasaydı, fərari komandirlərin sayı-hesabı olmayacaqdı və biz məğlubiyyətə doğru gedəcəkdik. Bəli, məhz həmin əmrin hesabına indi siz Kremldəki kabinetlərinizdə qalib ölkənin məmurları kimi rahat əyləşirsiniz...”

Marşalın bu fikirləri əmr haqda tənqidlərə son qoysa da, sonralar, Jukov vəzifədən uzaqlaşdırıldıqda bu məsələ yenidən bir neçə dəfə gündəmə gəlib və əsir düşmüş hərbçilər qismən bəraət qazanıb. /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər