Ekskluziv
5123
22 Jul 2023 | 14:57

"Moderator.az bundan sonra da Azərbaycan mətbuatında layiqli yerini qoruyub saxlayacaq"

"Bir il qalmışdı universiteti bitirməyimə... İşə başlamağa hazır olsam da, onun yoxluğuna hazır deyildim...Ondan hələ öyrənəcəyim çox şey vardı..."
 
22 iyul...
 
Mətbuatı, medianı, jurnalistika peşəsini hələ uşaq ikən sevməyə başlamışdım. Axı gözümü açandan evimizdə atamı jurnalist görmüşdüm. Atamın yazdığı yazıları oxuya-oxuya böyüdüm. Peşəsini sevən, işinə məsuliyyətli və dəqiq olan atamın bu peşəyə bağlılığı gələcək həyatımı şəkilləndirən əsas amil oldu. Birlikdə qərar verdik BDU-nun jurnalistika fakultəsini seçərkən... 
 
Bir il qalmışdı universiteti bitirməyimə... İşə başlamağa hazır olsam da, onun yoxluğuna hazır deyildim...Ondan hələ öyrənəcəyim çox şey vardı...
 
Qaçqınçılığın məşəqqətli günlərində, içindəki vətən həsrətini, yurd yanğısını qələmə sarılaraq söndürməyə çalışırdı atam. Bu arayış onu zamanla peşəkar jurnalistə çevirdi. 30 il jurnalist fəaliyyətində bir-birindən maraqlı yazılarla oxucu sevgisi qazandı, öz dəsti-xətti ilə tanındı. Sonunda 2012-ci ildə öz saytını - Moderator.az -ı yaratdı. Çətinliklərlə, min bir əziyyətlə o saytı Azərbaycan mətbuatının sanballı media quruluşlarından birinə çevirməyi bacardı. Bacardı, amma ömrü daha çoxunu etməyə vəfa etmədi...
 
Bu ilə qədər 22 iyulu ailəmizdə bam-başqa qeyd edirdik. Doğum günümün bu günə təsadüf etməsi bu günü ailəm üçün daha əlamətdar edirdi, indi isə...
 
İndi isə çox ağırdır atasız...
 
Atamın yoxluğu məni nə qədər kədərə qərq etsə də, çiyinlərimdəki məsuliyyət yükü məni güclü, əzmli olmağa sövq edir. İnanıram ki, atamın açdığı bu cığırda yol almağım onun ruhunu şad edəcək. 
 
İnanıram ki, atamın ömrünü həsr etdiyi Moderator.az bundan sonra da Azərbaycan mətbuatında öz layiqli yerini qoruyub saxlayacaq... 
 
 
BAYRAMIMIZ MÜBARƏK, ATA!..
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər