“Deyirdilər ki, Hacıbaba televiziyaya yaraşmır, ona qarşı paxıllıqlar çox idi”
“Hamının başı qarışıq olanda atamın yanına gəlib deyirdim ki, mənim üçün Şah Abbasdan danış da. Söhbətləri gözəl idi. O qədər gözəl sözləri var idi ki. İnanın ki, hardan desəniz, ordan da danışırdı. Bəzən deyirəm ki, bu Allah vergisidir. Tarixi deyirdin tarixdən danışırdı, dindən deyirdin, dindən danışırdı, sənətdən deyirdin öz sənətindən danışırdı. 4 sinif qurtarmışdı. Amma buna baxmayaraq çox şey bilirdi. Kaş o vaxtı kamera, səs yazan olardı, bütün söhbətlərini bu günə saxlayardım. Çox yaxşı ata idi. Atanın, ananın pisi olmaz, amma o bir başqa idi”
Bunu Moderator.az-a açıqlamasında məşhur muğam ustası Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib.

“Atam çox maraqlı adam idi. Uşağlığım çox yaxşı keçib. O rəhmətə gedəndə mən balaca bir uşaq idim, amma qısa müddətdə mən ondan çox şeylər öyrəndim. Xasiyyəti çox ağır idi. Bir sözü bir dəfə deyirdi. Onun xasiyyətini hamımız bilirdik. Ona hamı hörmət edirdi. O mənim ürəyimdən keçən, ağzımdan keçən sözlərin hamısını həyata keçirirdi. Atamı daha çox istəyirdim, tək, ərköyün qız idim. Bir növ onunla dost idim. Onunla hər şeyi bölüşə bilirdim. Onunla danışanda yüngülləşirdim. Həm əzizləyirdi, həm də sıxırdı. Evdən bayıra tək gedə bilməzdim. Səsim pis deyildi, amma mən onun yanında incəsənətin adını belə çəkə bilməzdim. Hətta bir dəfə məktəbdəki tədbirdə oxumuşdum, anam gəlib evdə ona danışmışdı. Dedi ki, sən tədbirdə oxumusan? Bir də eşitməyim ki, oxumusan, birinci və axırıncı dəfə olsun. Deyirdi ki, mən məktəbin yanından keçəndə sənin səsini eşitsəm, gəlib səni öldürəcəm. Bu hadisədən sonra mən bir daha oxumadım. Onun sözünün qabağında nə mən, nə də anam söz deyə bilərdi” deyə sənətkarın qızı deyib.
Xalq artistinin qızı deyib ki, atasını sənətə xalası Sara Qədimova gətirib.
“Atam nağara ifaçısı kimi toylara gedirdi. Bir gün anam gəlib xalama deyir ki, ay Sara, Həcinin bilirsən nə qəşəng səsi var? Sara xala da deyir ki, nə danışırsan?! Xalam artıq sənətdə idi. Atam xalamın yanında oxumağa utanırdı. Xalam Sara Qədimova ona and verir ki, üzümü çevirəcəm o biri tərəfə, sən kimi çox istəyirsən oxu səsin eşidim. Atam kitabı üzünə tutub, bir ağız muğam oxuyur. Sara xalam görür ki, bu elə-belə sənət deyil. O dəqiqə gəlib Əhməd Bakıxanova, Cahangir Cahangirova deyir ki, belə bir səs var. Onlar atamı nağara ifaçısı kimi tanıyırdılar. Atamın sənətə gəlməyində bu 3 insanın böyük rolu olub. Hətta o vaxt bəziləri deyib ki, atam televiziyaya yaraşmır. Atama qarşı paxıllıqlar çox olub” deyə sənətkarın qızı deyir.