“Bu gün səhnədə öz yerimi tapmaqda onun mənə çox köməyi olub”
“Bu günlərə necə gəlmişəmsə, hər zaman onu nəzərdən keçirirəm. Əlbəttə ki, sənət yolu asanlıqla keçilmir. Bu yolda büdrəmə də, hamarlıq da, çətinlik də olur. Bütün o çətinliklər səni öz ayaqların üstündə daha möhkəm durmağa məcbur edir. Səni sabaha, gələcəyə ruhlandırır. Çox vaxt olur ki, qocaman sənətkarlarla danışırıq, amma onların ruhu cavan insanın ruhu kimidir. İnsanı yaşadan onun ruhudur. Biz çalışmalıyıq ki, ruhumuz yaşlanmasın, qocalmasın”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, “Şöhrət” ordenli sənətkar Səkinə İsmayılova deyib. O daha sonra əlavə edib.
“Düşünürəm ki, sənətə qarşı böyük eşqin olmalıdır. Sənəti sevib, özünün dəyərini bilməlisən, şəxs olaraq özünə qiymət verməyi bacarmalısan. Mən sənətimdə hansısa yenilikləri planlı şəkildə etməmişəm. Mən həmişə fikirləşmişəm ki, nə olar, nə olmaz?! Bu da sənət yolunda böyük şərtdir. Sənət adamının sənətdə fərqlənməyi onun fərqli düşüncələridir. Əgər sən fərqli düşünürsənsə, sənin fərqli tapıntıların, yanaşma tərzin varsa seçiləcəksən. O illərdə heç kim ağlına gətirmədiyi xanımlardan ibarət üçlük yaratdım. Xanım xanəndə olaraq özümü qavalla müşayiət etdim. O vaxt bunları qəbul etməyən, birmənalı qarşılamayanlar üçün bu gün rahat bir yol açdım. Sübut etdim ki, xanım qavalla da səhnəyə çıxar. Bu gün bizim muğamımız dünyaya səs salıb. Mən çox sevindim ki, illər öncə Hindistandan olan bir xanəndə gəlib mənə müraciət etdi ki, mən sizinlə rast oxumaq istəyirəm. Bu da mənim yaradıcılığımda bir şaxə, qol oldu. Muğam və Raqanın yaranmasından “Murağam” adlı bir layihə yarandı. Yeri gəlmişkən iyun ayının 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında Basimati ilə bu dəfə Bakıda konsert proqramım baş tutdu. Layihə 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirildi. Çox möhtəşəm gecə idi. Qeyd edim ki, layihənin rəhbəri musiqişünas Cahangir Səlimxanov idi”, - deyə xalq artisti bildirib.
Xalq artisti Səkinə İsmayılova uzun illər Opera və Balet teatrının səhnəsində çalışıb. O deyir ki, səhnəyə rol oynamaq xatirinə çıxmaq olmaz.
“Yaradıcılığımı izləyənlər, məni sevənlər yaxşı bilirlər ki, mən professional səhnəyə operadan gəlmişəm. O dövrdə Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova kimi sənətkarlar səhnədə idi. Əlbəttə ki, o vaxt indikindən fərqli idi. Bir ayın içərisində 20 muğam tamaşası olurdu. Bu gün Leyli, sabah Əsli, o biri gün Şahsənəm...Elə bir sistemlə gedirdi ki, onun ağırlığını, çətinliyini də hiss etmirdim. 30 il teatr səhnəsində öz sənətimi nümayiş etdirmişəm. Demək olar ki, dünyaya o səhnədən çıxmışam. Mənim üçün opera səhnəsi çox doğma olub. Amma o reallığı da qəbul edirəm ki, səhnə daimidir, ifaçılar dəyişir. Necə ki, o səhnədə Həqiqət Rzayeva, Gülxar Həsənova, kimlər-kimlər olub, bu gün də o ardıcıllıq davam edir. Əsas odur ki, hər gələn ifaçı öz dəst-xəttini yaratsın, yaddaqalan olsun. Siyahını, cədvəli doldurmaq üçün rol xatirinə rol oynamasınlar. Öz obrazları ilə yadda qalsınlar. Tamaşaçılar da desin ki, bu ifaçının Leylisindən, o birinin Əslisindən, Şahsənəmindən yox idi. Mənim bütün xəzinəm, varidatım, istər oxuduğum muğamlar, istər tamaşalarım Dövlət Televiziyamızda qorunub saxlanılır. Zamanında elə ağır dəstgah muğamlar olub ki, bu gün xanımlar onlara müraciət etmir. Yaxşı ki, vaxtilə onları lentə aldırmışam. Mən hər gün gənclərə deyirəm ki, zapislər yazdırın. Muğamı zamanında oxumaq, lentə aldırmaq lazımdır”, - deyə sənətkar bildirib.
Xalq artisti mərhum həyat yoldaşının ona hər zaman dəstək olduğunu deyib.
Həyat yoldaşımla bərabər 44 illik bir ömür keçirdim. 44 il az deyil. Bizim 44 illik evlilik həyatımız istər mənim nəsil yaşıdım olan xanımlara, istərsə də sənətə yeni gələn gənclərimizə örnək idi ki, bəli sənətkar xanımın həm sənəti ola bilir, həm də ailəsi. Biz 44 illik bərabərliyimizdə bunu sübuta yetirdik. Əlbəttə ki, övladım, nəvəm onun yoxluğunu mənə hiss etdirmir. Amma onun öz yeri var idi. Nümunəvi bir ailə başçısı, insan idi. Bununla təskinlik tapıram. Hər zaman mənim yanımda idi. Deyərdim ki, bu günki səhnədə öz yerimi tapmaqda o da mənə çox köməklik göstərib. Çünki hər zaman mənim yanımda olub”, - deyə xalq artisti bildirib.