“Sərhədlərimiz toxunulmazdır və onu pozan hər kəs qanun  qarşısında cavab verəcək”
Gündəm
2073
03 Jul 2023 | 12:48

“Sərhədlərimiz toxunulmazdır və onu pozan hər kəs qanun  qarşısında cavab verəcək”

Arzu Nağıyev: “Bu gün məhkəmə qarşısında dayanan  erməni hərbçilərinin aqibəti bu gerçəyin isbatıdır”

 

Bu gün Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bundan sonra da sərhədlərimizi pozan istənilən şəxsin qanunun bütün sərtliyi və ciddiyyəti ilə məsuliyyətə cəlb ediləcəyini bildirib:

 

“Sərhədlərimiz toxunulmazdır və onu pozan hər kəs qanun qarşısında cavab verəcək. Bu, birmənalıdır. Bu gün sərhədlərimizi pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni hərbçiləri Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə keçirilən məhkəmə prosesi bunun isbatıdır.

 

Əslində bu məhkəmə prosesi rəsmi irəvana, Ermənistanın hərbi-siyasi rəhbərliyinə dərs olmalı, onları növbəti təxribatlardan çəkindirməlidir. Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycan sərhədlərini pozmaq, dövlətimizə qarşı hansısa təxribat həyata keçirməyə səy göstərmək yolverilməzdir və bu cinayəti törədənlərin aqibəti bu gün məhkəmə önündə dayanan erməni hərbçiləri kimi olacaq.

 

Azərbaycan öz sərhədlərini, təhlükəsizliyini, ərazi bütövlüyünü qorumağa qadirdir və bu məsələdə kimsəyə güzəştə getməyəcək. Sərhədlərimiz hər zaman təxribatçılar üçün keçilməz olaraq qalacaqdır”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər