“Xalqı yox etmək istəyirsənsə, onu düşünməyə qoyma... -Əlifbamızda islahat gərək...”
Ekskluziv
6225
29 Jun 2023 | 12:31

“Xalqı yox etmək istəyirsənsə, onu düşünməyə qoyma... -Əlifbamızda islahat gərək...”

“Əgər bizim təşəbbüs və fikirlərimiz ona düzgün çatdırılsa və o, bunları nəzərə alsa, həmin islahatı yalnız  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev həyata keçirə bilər...”
 
Azərbaycan cəmiyyətini maraqlandıran əsas məsələlərdən biri də gənc nəslin xeyli hissəsinin savadsızlığa, mütaliəsizliyə və elmsizliyə meyillənməsidir. Aydındır ki, cəmiyyət, xüsusilə də pedaqoq və dilçilərimiz hər şeydən əvvəl bunun səbəblərini araşdırıb, nəticələr çıxarmalı və bu nəticələr  əsasında tədbirlər görməlidir. Bəzi mütəxxəssislər gənclərimizin, ümumiyyətlə, Azərbaycan insanının az mütaliə etməsinin səbəblərindən biri kimi çağdaş əlifba qrafikamızın oxunuş üçün yorucu olmasıyla izah edir... 
 
Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dilinin yaradılması məsələsinin  gündəmdə olduğu bir dövrdə bu aktual problemlə bağlı Moderator.az üçün söhbət etdiyimiz pedaqoq və psixo-linqvist alim,  "Dil və ədəbiyyat” elmi-nəzəri jurnalının (“Dil və ədəbiyyat” jurnalı 1993-cü ildən stabil şəkildə çıxan böyük həcimli,(45 çap vərəqəsi) məcmuədir. Onun səhifələrində minlərlə  tədqiqatçının elmi araşdırmaları çapdan çıxmışdır) baş redaktoru Tahir Cəfərli bir sıra maraqlı fikirlər səsləndirməklə yanaşı, Azərbaycan dilinin müasir latın qrafikası çatışmazlıqları haqda digər dilçi alimlərin etirazlarına səbəb ola biləcək rəylər irəli sürüb və həmin əlifbada islahatlar aparılması üçün təkliflər verib. Alimlə söhbətimizi ictimaiyyətin və elmi dairələrin müzakirəsinə buraxırıq...
 
 
-Tahir müəllim, əlifbamızda təsvir etdiyiniz cüzi islahat bizə nə verə bilər?
 
- Qarşımda L.N.Tolstoyun “Hərb və Sülh” romanının 1906-cı ildəçap olunmuş 3 cildliyi durub. Müasir nəşrlə müqayisədə qarşımda olan kitabların həcmi üç dəfə böyükdür... 
 
V.İ. Leninin əlifba islahatı nəticəsində çoxlu, rus dilinin fonetik qanunlarına uyğun gəlməyən və yazı sürətinə mane olan bütün həriflər ixtisara salındı. Əlifba islahatının Rusiyaya  verdiyi faydadan çox danışmaq olar, amma onun iqtisadi göstəriciləri haqqında bunu deyə bilərik ki, rusların kağıza, şriftlərə xərclədikləri pul üç-dörd dəfə azaltdı. İki səs ifadə edən hərflər saxlandı... 
 
50-сi illərin sonunda Mirzə İbrahimov tərəfindən böyük çətinliklə həyata keçirilən Əlifba islahatı  Azərbaycan qrafikasında lazımsız olan, dublet yaradan və yazı sürətini tormozlayan nöqtəli hərflərini kənarlaşdırdı... 
 
-Bir hərflə iki səsi ifadə etmək maraqlı məsələdir...
 
-Avropa  dillərində də  elə hərflər vardır ki, iki səs verir. Niyə türk dillərində olmasın? Avropa linqvistləri qeyd edirlər ki, birinci dəfə bu və ya başqa fərd bu və ya digər sözü hecalayıb oxuduqdan sonra onun yaddaşında sözün tam şəkli qalır və təkrar oxuyarkən hərfləri yox, bir başa şəkli ifadə edir. Psixolinqvistikanın banisi Lev Vıqotskiy “Düşüncə və nitq” monoqrafiyasında yazırdı ki,  bu və ya digər fərd təzə sözü görərkən mütləq hecalamağa başlayır, çünki yazı nitqi hərflərin ardıcıllığını tələb edir. Sonra bu sözün oxunuşu avtomatlaşır. Yenidən oxunarkən bu avtomatizm sözü dəqiq ifa edir. Bu nə deməkdir? Hər şeydən əvvəl hərflərin  fonetik qayda əsasında bu və ya digər səs verməsi. Yəni ikili yük daşıyan hərfin hərflər arasında vəhdəti. Biz əgər İ hərfinı ləğv eləsək, I onun funksiyasını öz üzərinə götürəcək, yəni iki səs ifadə edəcək. Beləliklə, avtomatizm nəticəsində I söz vəhdətində lazımı olan səsi verəcək...  
 
-Belə alınır ki, dərinə getsək, I-nı İ-yə bərabər etməklə biz heç nə itirmirik. Sadəcə olaraq I hərfi vasitəsi ilə iki səsi ifadə edirik...
 
-Biz əlifbanın tam dəyişilməsini istəmirik. Əksinə qalsa, İ hərfinin üzərinə qoyulmuş nöqtəni götürürük. Nəticəsi ağlagəlməz olacaq. Apardığımız tədqiqatların nəticələrini  ümumiləşdirsək, görərik ki, yazı sürəti 3-4 dəfə artacaq...  
Düşünmə qabiliyyətinin göstəricisi yazı dilidir. Yazının kamilliyi düşüncənin kamilliyindən xəbər  verir. Düşüncə sürəti yüksək olan xalqın ölkəsinə və dünyaya verdiyi töfhələr  böyükdür... 
 
Bu saat Azərbaycan alimlərinin əksəri birdillidir, yalnız Azərbaycan dilində yazır, Azərbaycan dilində düşünür. Deməli, yazı yazarkən beynində tormozlanma gedir. Bu isə zehni  yorğunluğa gətirir. Daha düzünü desək, fərd yazmaq istədiyindən uzaqlaşır... 
 
- İnsan hansı dildə düşünürsə, o dildə də danışır və yazır...  
 
- Fərqi yoxdur hansı dildə danışırsan. Bəziləri elə düşünürlər ki, xarici dildə danışanlar ana dilində düşünüb, xarici dildə öz fikrini tərcümə edərək ifadə edirlər.  Bu, düzgün fikir deyil. Psixolinqvistika isbat edir ki, insan hansı dildə danışırsa, o dildə də düşünür. Onun  nitqi daxili düşüncənin nəticəsidir. İnsan “daxili qrammatikaya” malikdir. Bu qrammatika düşüncə dilindən yaranır, yəni əgər sən iki, üç və s. dildə danışırsansa, yaddaşında bu və ya digər dillərin ocaqları yaranır. Ocaqlar arasında ziddiyyət hər şeydən əvvəl insan yaddaşının  həcmi olmasından irəli gəlir. Bu və digər ocağın genişlənməsi və ya həcminin azalması həmin dildə  düşünmə aktivliyindən asılıdır. Məsələn, əgər başqa dildə aktivsənsə, ana dili passivləşir, elə bir vəziyyət yaranır ki, ana dili ocağımızdakı sözlər yadımızdan çıxır... 
 
-Dediyiniz kimi, düşüncə prosesi hər şeydən əvvəl  yazıda özünü göstərir. Aydındır ki, bu ya digər millətin düşüncə qabiliyyətindən onun gələcəyi  asılıdır...
 
-Düşüncə nə qədər aktiv olsa, bir o qədər xalqın yaratdığı dəyərlər böyük olar. Bir xalqın evini yıxmaq istəyirsənsə, onu düşünməyə qoyma. Ermənilərin  əlifbamıza gətirdikləri nöqtələrin mahiyyəti də budur; yazımızın yüksək sürətli olması və düşünmə qabiliyyətimiz heçə ensin...
 
Yenidən  M.F. Axundova qayıdıram. O, latına keçməyin vacibliyini əski əlifbada nöqtələrin bolluğu ilə izah edirdi. Böyük  mütəfəkkir nöqtələrin  düşüncə  qabiliyyətinə  təsirinin mahiyyətini hiss edirdi. Biz  latına keçdik. Birinci Latın qrafikasında, demək olar ki, nöqtələrdən uzaq idi. 1991-ci ildə qəbul olan qərara görə biz ilk Latın qrafikasını bərpa etməli idik... 
Psevdo-millətçilər tələm-tələsik  Latın qrafikasını bərpa etmək adıyla Türkiyənin qəbul etdiyi qrafikanı ölkəmizə gətirdilər və Türkiyə əlifbası əsasında əlifba yaratdıq və həmin ölkənin buraxdığı səhvlərə fikir vermədik...
 
İndi Türk Birliyi Ölkələri təşkilatının ümumtürk əlifbasını yaratmaq ideyası ortaya çıxıb. Bu, türkdilli xalqların mədəni və mənəvi birliyini təmin edəcək  ciddi addımlardan biridir. Hamının ürəyincə olan fikirlərdəndir. Odur ki, ortaya elə əlifba çıxmalıdır ki, onun kamilliyinə söz belə olmasın. Bu prosesə aydındır ki, Azərbaycan dilçiləri də qoşulacaq. Bu məqaləni yazmaqda məqsəd də elə budur ki, buraxdığımız  səhvləri türkdilli xalqlar bilsinlər və təkrarlamasınlar. Ona görə də istərdik ki, ümumtürk əlifbası qeyri-kamil olmasın, insan düşüncəsinə zərbə vuran nöqtələr olmasın...
 
Əlifbanın kamilliyi düşüncənin kamilliyini təmin edir. Anlamalıyıq ki, biz nə qədər  gənc nəslin düşünmə tempini aşağı saldıqca elm və mədəniyyət səviyyəmizi aşağı salırıq. İndi hər şey göz qabağındadır  Qabaqlar  Azərbaycan universitetləri Avropa səviyyəl fizik, kimyaçı, bioloq, riyaziyyatçı , tarixçi, filoloq və s. hazırlayırdı. İndi bunlar yoxdur. Gənclərimizə Avropa proqramları əsasında təhsil versək də, yuxarıda sədaladığımız nailiyyətlər yoxdur. Gənc nəsil arasında yüksək bilikli, Avropa səviyyəli nə fizikimiz, nə kimyaçımız, nə bioloqumuz vardır. İnanılası olmasa da bütün bunları qeyri-kamil əlifbanın vurduğu zərbə ilə əlaqələndiririk...  
 
-Tahir müəllim, sizin fikrinizcə, əlifbamızda dediyiniz cüzi islahatı kim apara bilər? 
 
-Hesab edirəm ki,  əgər bizim təşəbbüs və fikirlərimiz ona düzgün çatdırılsa və o, bunları nəzərə alsa, həmin islahatı yalnız  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev həyata keçirə bilər...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər