Ölkələr silahlı qüvvələrini modernləşdirmək və genişləndirmək üçün uzunmüddətli planları həyata keçirdikcə mövcud nüvə silahlarının sayı artmağa başlayıb.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik təhlilində deyilir.
Araşdırmaya əsasən, 9 nüvə dövləti - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail öz nüvə arsenallarını modernləşdirməyə davam edir və 2022-ci ildə bir neçə yeni nüvə başlıqları əldə ediblər.
2023-cü ilin yanvar ayında təxminən 12,5 min ədəd olan döyüş başlıqlarının ümumi qlobal ehtiyatının təxminən 9,5 mini potensial istifadə üçün hərbi ehtiyatlarda idi ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 86 ədəd çoxdur.
Bunlardan təqribən 3,8 min döyüş başlığı raketlər və təyyarələrlə birlikdə yerləşdirilib, demək olar hamısı Rusiya və ya ABŞ-a məxsus olan təxminən 2 min ədədi yüksək hazırlıq vəziyyətində, yəni raketlərə quraşdırılmış və ya nüvə bombardmançılarının aviabazalarında saxlanılmış halda olub.