5676
26 May 2023 | 15:05

"Şıxəli Qurbanova zəng etdim və o, Mikoyanın Naxçıvanı zəbt etmək planına əngəl oldu..." 

“Ermənilər və azərbaycanlıları belə şüarlar deməliydilər: “Yaşasın yoldaş Mikoyan! Yaşasın yoldaş Axundov! Yaşasın Naxçıvan-Ermənistan birliyi! Naxçıvanlı qardaşlarımızla birləşək! Onlara da qoy şad günlər qismət olsun!”..”
 
Ermənistandakı işğalçı xislətli dairələrin Azərbaycanın digər əraziləri ilə yanaşı, Naxçıvana qarşı da daimi iddiaları olmuşdur. Xüsusən sovet dövründə onlar müxtəlif hiylələrə əl ataraq bu qədim torpağımızı zəbt etdikləri digər tarixi ərazilərimizə qatmağa çalışmışlar...
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində tanınmış ictimai-siyasi xadim, sabiq deputat mərhum Maksim Musayevin atası, sovet dövründə Ermənistan SSR-in müxtəlif rayonlarında yüksək vəzifələrdə işləmiş və 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr olunmuş  “Ermənilər və faciələrimiz” adlı kitabının “Naxçıvanı Ermənistana birləşdirmək ermənilərin çoxdankı planı idi” yarımbaşlıqlı bölməsində ermənilərin Naxçıvana aid hiyləgər planlarının özünün iştirakıyla ifşa olunmasına səbəb olmuş bir neçə hadisə haqda danışır. Aktuallığını nəzərə alıb həmin parçaları dəyərli Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
“Tarixən məlumdur ki, ermənilər 1922, 1945 və 1953-cü illərdə bir çox tədbirlərə əl atdılar ki, Naxçıvanı Azərbaycandan ayırıb Ermənistana birləşdirsinlər. Ancaq 1922-ci ildə Nərimanovun, 1945-ci ildə isə Azərbaycan hökumətinin gördüyü tədbirlər buna imkan vermədi. Lakin düşmənlərimiz yenə də bu məqsədlərindən əl çəkmədilər. 1951-1953-cü illərdə Arpa çayının suyunu kəsərək Naxçıvanı diz çökdürmək və Konstitusiyada dəyişiklik edib öz məqdəslərinə çatmaq planını ortaya atdılar...
 
Naxçıvanın  və Qarabağın Ermənistana verilməsi barədə Mikoyanın başçılığıyla ermənilərin apardığı siyasət baş tutmadısa da,  həmin dövrdə SSRİ hökumət başçısının, yəni Nazirlər Soveti sədrinin birinci müavini olan daşnak Anastas  Mikoyan öz vədinə əməl etməkdən  ötrü 1962-ci ildə Qafan rayonunda tikilmiş kombinatın açılışında iştirak etmək üçün oraya getməli idi. Aydındır ki, Qafana gedən dəmiryolu Naxçıvandan keçir. Mikoyan ermənilərlə məsləhətləşdi ki, bu təntənəli açılışda iştirak etməsi üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin(KPMK) 1-ci katibi Vəli Axundovu dəvət edib Naxçıvan sərhədinə çatan  və sərhədi keçən kimi Ermənistan sərhədində olan nisbətən çox tikintiləri, bağları və su kanalını Axundova göstərib desinlər ki, yoldaş, Axundov, görürsünüzmü, erməni kəndləri və sahələri necə şən və zəngindir.  Ancaq Azərbaycanda sizin işinizin çoxluğu nəticəsində Naxçıvana əl çatdıra bilmirsiniz. Ona görə də bu ərazilər belə geridə qalır. Buranın camaatı yaxşı, işgüzar camaatdı, torpaqlar da heyifdir. Siz  SSRİ miqyaslı adamsınız, razılıq verin, Naxçıvanı Ermənistana birləşdirək, sizin də canınız qurtarsın, bizim də. Doğrudan da Naxçıvana nisbətən onlarla qonşu olan kəndlərdə abadlıq işləri qat-qat yüksək idi... 
 
Mən o vaxt Vedi rayon icraiyyə komitəsinin sədri işləyirdim. Ermənilərin bu bəzək-düzək planlarını həyata keçirəcək adamlardan biri idim. Yəni o mənada ki,  Naxçıvanla bilavasitə həmsərhəd olan rayonun İcraiyyə Komitəsinin sədri kimi  mən dəmir yolu keçən 3 stansiyada və bir neçə kənddə təşkilati işləri aparmalı idim. Adamları, xüsusən də azərbaycanlıları hazırlaşdırmalı idim ki, həmin vaxt(Mikoyan və Axundov gələrkən)  müəyyən edilmiş sözlərdən ibarət şüarlar desinlər. Bu sözlər aşağıdakılardan ibarət olmalı idi: “Yaşasın yoldaş Mikoyan! Yaşasın yoldaş Axundov! Yaşasın Naxçıvan-Ermənistan birliyi! Naxçıvanlı qardaşlarımızla birləşək! Onlara da qoy şad günlər qismət olsun!”. Yazılı şüarlarla birlikdə çoxlu “urra” (alqış) deyən camaat, tələbə, uşaq olmalı idi.  Planlaşdırma elə aparılırdı ki, guya Naxçıvan məsələsi həll olunur. Bu kampaniya və plandan xəbərdar olan bir adam kimi düşünürdüm ki,  bu siyasətin baş tutmaması üçün nə edim.  Çox götür-qoydan və düşüncədən sonra qərara gəldim ki, Azərbaycanda tanış olduğum raykom katiblərinə zəng vurub bu hadisəni onlara çatdırım. Onlar da ermənilərin bu planını bəlkə Axundova çatdıra bilərlər. Bizim rayonda III katib işləyən Məhərrəm Bayramovla oturub dərdləşirdik. Nəhayət, Azərbaycanın 3-4 rayonunda I katib işləmiş sosialist əməyi qəhrəmanı Umud Süleymanova, Ucarın I katibi Mikayıl Nəbiyevə və s. məsələni anlatdım. Onlar bu məsələdən çox təəccübləndilər və respublika rəhbərinə bu haqda söz deməyə çəkindiklərini bildirərək məsələnin ona çatdırılmasını mənə həvalə etdilər. Təklif etdilər ki, bu barədə ən əvvəl Şıxəli Qurbanovla danışım. Mən isə Şıxəli müəllimi tanımadığımı telefonla onlara çatdırdım. Bu vaxt yanımda olan Məhərrəm Bayramov dedi ki, yoldaş Musayev, Şıxəli Qurbanov mənim elmi rəhbərimdi, çox bacarıqlı və cəsarətli insandır, onunla bağlı məsələni həll edərəm. Düzdü, o, indi böyük vəzifədə olmasa da, respublikada böyük nüfuz və hörməti var... 
 
Beləliklə, Bakıya zəng vurub Şıxəli Qurbanovla danışdıq. Məhərrəm məni telefon vasitəsilə onunla tanış etdi.  Bildirdi ki, sizinlə danışacaq Talıb Musayev yoldaş çox etibarlı, işbilən və təəssübkeş adamdır. Sonra özüm Şıxəli müəllimlə danışdım. Rəhmətlik telefonda məni çox səmimi salamlayıb dedi ki,  nə sözün var, çəkinmədən de, çalışaram, məşğul olum, köməklik edim. Mən Naxçıvanla bağlı yaranmış problem haqda ona təfərrüatıyla danışdım və bu barədə mütləq bir tədbir görməsini xahiş etdim.  Şıxəli Qurbanov “Əlimdən gələni etməyə çalışaram” dedi və bir Azərbaycan oğlu kimi məni dəyərləndirib barəmdə xoş sözlər söylədi...
 
Bu minvalla telefon danışığımızdan sonra rəhmətlik Şıxəli müəllim nə tədbir gördüsə, I katib Vəli Axundov Mikoyanın çağırışına baxmayaraq İrəvana gəlib onunla birgə Naxçıvana getmədi.  Ermənilər də kor-peşman öz dədələri(yəni Mikoyanla-S.L.) birlikdə  Naxçıvan yoluyla Qafana getdilər. Və getməzdən  bir gün əvvəl mənə zəng vurub dedilər ki, camaatı işdən ayırıb havayı yerə stansiyalara toplama, artıq xərc çəkməyə ehtiyac yoxdur.  Allah Şıxəli müəllimə rəhmət eləsin. O, bu addımıyla ilk növbədə Azərbaycan xalqına, Naxçıvan camaatına, respublika rəhbəri Axundova, eləcə də mənə böyük kömək etmiş oldu...”
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər