Dərslər niyə 15 sentyabrda başlamamalıdır? - Dünya təcrübəsi və neqativlər -TƏHLİL
Ekskluziv
4478
18 May 2023 | 18:51

Dərslər niyə 15 sentyabrda başlamamalıdır? - Dünya təcrübəsi və neqativlər -TƏHLİL

 

Problemləri kölgədə qoyan “problem”

 

İki gün öncə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinq zamanı bir çox aktual məsələlərə toxunuldu.  Onlardan biri də az qala, hər il müzakirə obyektinə çevrilən predmet – dərslərin başlanması və bitməsi qrafiki oldu.

Əvvəlcə qeyd edək ki, nazirin brifinqdə jurnalistin bu mövzuda verdiyi suala cavabı bəzi media resursları tərəfindən yanlışlıqla yozuldu, belə deyək, təhrif edilərək, yayımlandı:

“İndi şagirdlər daha az dərsə gedir. Biz 10 il oxusaq da, bir çoxumuz şənbə günü də dərsə getmişik. Məktəb günlərinin azaldılması uşaqlarımıza yaxşı nəsə vəd etmir. Tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar. Mən bir təhsil işçisi kimi inanıram ki, təhsil müddəti uzun olsa, daha yaxşı olar. Təhsil müddətini qısaltmaq təhsildən gözləntiləri də qısaltmalıdır".

Brifinqdə səsləndirilən bir çox aktual məsələləri kölgəsində saxlayan “1 sentyabr” amili iki gündür ki, mediada müzakirə olunan əsas təhsil mövzularından birinə çevrilib.

Təbii ki, tədrisin keyfiyyəti, orta ümumtəhsil müəssisələrindəki vəziyyətin yaxşıya-pisə doğru dəyişimi, dərslərin 1 ya da 15 sentyabrda başlaması ilə ölçülmür. Bu iki tarix arasında bir o qədər də ciddi fərq də yoxdur. Yalnız ən incə ayrıntılar üzərindən dərslərin sentyabrın 15-də deyil, məhz əvvəlində başlamasının faydalılıq göstəricilərini təhlil etmək mümkündür.

Sadəcə, məsələ odur ki, biz təhsil amilinə də hər şeydə olduğu kimi nostalgiyanın özü kimi baxırıq..

Tədris ili bir neçə ölkədə 1 sentyabr tarixində başlasa da, bu yanaşma əsasən sovet pedaqoji düşüncəsi ilə bağlıdır. Bu gün də Rusiyada məktəblər 1 sentyabrda açılır, 25 mayda bağlanır. Postsovet ölkələrinin bir neçəsində də bu interval saxlanılır. Dünyanın bir çox ölkələrində dərslər 1 sentyabrda, yaxud, sentyabr ayının ilk bazar ertəsində açılsa da, qapanma tarixləri tamamilə fərqlidir. Problemin bir başqa tərəfi hələ də xatirələrdə yaşayan, nostalgiyaya çevrilən 1 sentyabr-25 May intervalıdır.

 

Dərslərin başlanma və bitmə  tarixi – Dünya təcrübəsində

 

Dünyanın bir çox inkişaf etmiş təhsil ölkələrində tədris ilinin başlanma və bitməsi  tarixinə nəzər salaq:

Güclü təhsil modeli ilə fərqlənən Danimarkada məktəblər  avqust ayının əvvəlində açılır.

Yaponiyada isə tədris ili aprelin 1-də başlayır. Kanadada “Əmək günü” sentyabrın ilk bazar ertəsi qeyd edilir və yeni tədris ili başlayır.

ABŞ-da hər ştatdan asılı olaraq, yeni dərs ili avqustdan sentyabra qədər istənilən tarixdə ola bilər.

Fransada yeni dərs ili sentyabrın əvvəlində başlayır, lakin dərslərin başlanacağı gün məktəblər tərəfindən təyin edilir.

Cənubi Sudanda isə məktəblər martın 20-də açılır.

Bolqarıstanda da dərslərin başlama tarixi Azərbaycanla  eynidir.Burada da dərslər 15 sentyabr tarixində başlanır.

Avstriyada dərslər bəzi bölgələrdə sentyabrın ilk bazar ertəsi başlayır, iyunun son cümə günü isə bitir. Digər yerlərdə isə sentyabrın ikinci bazar ertəsi başlayıb, iyulun ilk cümə günü bitir.

Belçikada da dərs ili sentyabrda başlayıb,  iyunun 30-da başa çatır.

Hindistanda məktəblər iyunda başlayıb, martda bitir.

Pakistanda isə dərslərə avqustda start verilir və mayda sona çatır.

İrlandiyada tədris ili sentyabrda başlayıb, iyunda başa çatır. Polşa, Litva, İran, Sloveniyada da bu ölkəylə eynilik təşkil edir.

Braziliyada isə yeni dərs ili fevralın birinci həftəsi başlayır, dekabrda yekunlaşır. Braziliya qanunlarına görə, tətil müddəti həm orta, həm də ali məktəblərdə 200 gün olmalıdır.

Avstraliyada məktəblər yanvarda fəaliyyətə başlayır, dekabrda başa çatır.

İngiltərədə 1 sentyabrdan start götürən tədris ili 19 iyul  tarixində bitir. Bu, bütün orta məktəblər üçün eyni qaydadır. Universitetlərdə isə vəziyyət nisbətən fərqlidir. Tədris ilinin başlanma və bitmə tarixini ali təhsil müəssisələri özlərini qərarlaşdırırlar.

Böyük Britaniyaya aid digər ölkələrdə - Şimali İrlandiya və Uelsdə də tədris ili 19 iyul tarixində bitir.

Dünya təcrübəsindən təqdim olunan nümunələrdən də göründüyü kimi, tədris ilinin başlanma vaxtı əsasən sentyabr ayının əvvəllərinə təsadüf etsə də, bitmə tarixi müxtəlifdir.

Dünyanın bir çox məşhur təhsil nəzəriyyəçiləri tədris ilinin sentyabr ayının əvvəllərinə təsadüf etməsinin zehni, fizioloji, psixoloji əsaslarını hazırlamış, metodiki faydalılığını önə çəkmişlər. XXI əsrin çağdaş təhsil modeli klassik təhsil nəzəriyyələrinin bir çox dilemmalarını rədd etsə də, dərslərin başlanma tarixçəsinə qətiyyən toxunmamışdır. Bunun bir səbəbi də getdikcə artmaqda olan dərs yükünün, ağır tədris proqramının bitməsi üçün ən uyğun başlanğıc dövrünü sentyabrın ilk yarısı olaraq göstərmişlər. Bu gün dünyanın bir çox ölkələrində ağır tədris yükü prioritet məsələ sayıldığından  sentyabr ayının ilk ongünlüyündə başlanan tədris müddəti adətən, iyunun sonu, iyulun əvvəli (bəzi ölkələrdə ayın orta və sonu) bitir.

 

Hansı tarixi seçək?- 1 sentyabr, ya. 15 sentyabr?

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil Nazirliyinin ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması əmri artıq 10 ilə yaxındır ki, icra olunur. Klassik 1 sentyabr-25 May intervalı özünün nostalji gücünü o qədər qorumuşdu ki, cəmiyyət tədris ilinin  bitmə tarixi-31 Mayı hələ də qəbullana bilmirdi. Məktəblərdə keçirilən “Son zəng” tədbirlərinin də ovqatına sanki bu amil sirayət etməkdə idi. Lakin 31 Mayın birdən-birə 14 iyunla əvəzlənməsi ümumiyyətlə birmənalı qarşılanmadı.

 

14 iyun əvəzlənməsi özü ilə birlikdə bir neçə problemi də təhsilimizə gətirəsi oldu:

 

1.Dövlət İmtahan Mərkəzinin buraxılış sinifləri üçün təşkil etdiyi qəbul imtahanlarının keçirilməsi intervalında ciddi sıxlıq yaranmış oldu. Hər zaman ali məktəblərə qəbul ovqatı ilə seçilən iyun günləri buraxılış sinif şagirdlərinin parta arxasına pərçimləməli və onlara hava-su kimi lazım olan son günlərin ciddi hazırlıq qrafikindən, keçirilənlərin ümumi  təkrarına ayıracaq vaxtından etmiş oldu;

 

2.Hava şəraitinin ciddi təsiri – Aparılan monitorinqlər, eləcə də xüsusən də isti bölgələrdə çalışan müəllimlər arasında edilən sorğulara görə, havaların istiləşməsi səbəbindən uşaqların bir çox dərsdə iştirak etmir, ümumiyyətlə, məktəbə yollanmağı artıq mənasız hal hesab edirlər. Xüsusən də Mərkəzi Aran zonasında maydan sonrakı iki həftədə dərslərdə davamiyyətin demək olar ki, sıfra bərabər olduğu vurğulanır.

 

3.Formallıq -İyun ayı artıq bir psixoloji baryer olaraq tədris fəaliyyəti üçün o qədər də optimal dövr hesab edilmir. Nə şagirdlər, nə də müəllimlərin həmin psixoloji baryeri aşması demək olar ki, mümkün olmur və sonradan uzadılan iki həftə tədris prosesi üçün tamamilə formal və əhəmiyyətsiz bir mərhələ olaraq aşılır.

 

Göründüyü kimi, problemin kökü tədris ilinin başlanğıc tarixçəsi deyil,  bitmə vaxtı ilə əlaqədardır. Lakin iki səbəbdən 15 sentyabr tarixinin də Azərbaycanda dərslərin başlanma vaxtı kimi  yenidən bərpası uğursuz sayıla bilər:

1.15 Sentyabr bildiyimiz kimi, Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinin – 1918-ci ilin bu günündə Bakının işğalçılardan azad olunduğu tarixdir. Əhəmiyyətinə görə, 28 May -Respublikanın qurulması günündən heç də geri qalmayan  Bakının azadlıq tarixçəsi təəssüf ki,  eyni vaxtda “Bilik günü” kimi qeyd edilən tədbirlər silsiləsinin tamamilə kölgəsində qaldı. Bizlərə Cümhuriyyət dövrünün yadigarı, Nuru Paşanın timsalında Azərbaycan-Türkiyə qardaşlığının simvolu olan bir tarix azyaşlıların məktəbə ilk qədəm qoyması ilə bağlı tədbirlər silsiləsinin  kölgəsində qala bilməz! Məhz buna görə, biz borclu olduğumuz tarixi gənc nəslə daha qabarıq təqdim etməkdən ötrü “Bilik günü”nün tarixinin əvvəlki kimi 1 sentyabra keçirilməsinin arzusundayıq.

2.2 ay yarımlıq müddətdə bol Günəş enerjisi ilə qidalanan orqanizmə sahiblənən, qan dövranın dinamikliyi,  fiziki aktivliyi yüksək səviyyədə olan şagird (xüsusən də azyaşlılar) birdən-birə adaptasiya prosesini adlaya bilmir. Dərslərin 1 sentyabrda başlanması onlardakı bu adaptasiya prosesini maksimum 7 sentyabr tarixinədək nizamlaya bilirdi. Lakin 1 sentyabrdan məktəbə getməyən uşaq, zehni göstəricilərini nizamlamaqdan ötür 2 həftəlik durğunluq etapını da gözləməli, daha sonra 15 sentyabrda məktəbə gedərək adaptasiya prosesini orada keçməlidir. Göründüyü kimi, burada zehni, fizioloji və psixoloji baxımdan əlverişli günlər itirilir.

Ona görə də bizim üçün tədris ilinin başlanması üçün ən əlverişli tarix, 1 sentyabr, bitməsi üçün isə  31 May hesab olunmalıdır.

 

Elmin NURİ

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı

 

Link kopyalandı!
Son xəbərlər