Ermənistan qaş düzəltdiyi yerdə göz çıxarmağa davam edir. Bakının sülh təklifinə 3 ilə yaxındır destruktivlik nümayiş etdirən rəsmi İrəvanın geosiyasi və iqtisadi vəziyyəti hər ötən gün daha da dözülməz hal alır.
Aprelin 23-də Laçın dəhlizinin başlanğıcında Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin qurulması çox ciddi status-kvo dəyişikliyidir, bundan sonra münaqişənin həlli prosesi ancaq Azərbaycanın baxışına uyğun davam edə bilər. Bu mənada deyə bilərik ki, Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidir, ya da bölgəni tərk etməlidir. Seçim bu iki variant arasında aparılacaq.
Amma bu vəziyyətin Bakı ilə Moskva arasında razılaşdırılmış olduğunu iddia edənlər də az deyil. Rusiyanın Paşinyan hökumətini cəzalandırmaq üçün Azərbaycanın sərhəd-keçid məntəqəsi qurmasına imkan yaratdığı barədə şərhlərə az da olsa ara-sıra rast gəlirik.
Rusiyaya Azərbaycanın belə bir manevr edərək Qarabağdakı vəziyyəti kontrola alan addımı Moskvaya niyə sərf edir?
Yaxın keçmişə ekskursiya etsək görərik ki, bütün bu hadisələr Fransa XİN başçısının Cənubi Qafqaza səfəri ərəfəsində yaşandı. Ötən həftə Fransa XİN rəhbəri Kolonna Cənubi Qafqaza regional səfəri ilə yadda qaldı. Nəzərə alsaq ki, Fransa Rusiyanın regiondakı ənənəvi rolunun zəifləməsi fürsətindən ən yaxşı istifadə edən ölkələrdən biridir, o zaman Parisin bu regionda Ermənistanı yağlı tikə kimi görməsi normal haldır. Məhz Ermənistan üzərindən regiondakı proseslərə birbaşa müdaxilə imkanı əldə etməyə çalışan Fransanın bu cəhdləri Kreml üçün ən arzuolunmaz ssenarilərdən biri hesab edildiyindən, Moskva proseslərə mane olmaq üçün Bakının müəyyən istəklərini mütləq nəzərə almaq məcburiyyətindədir. Sərhəd keçid məntəqəsinin qurulması da belə bir istəklərdən biri idi ki, Rusiya buna görə Azəbaycana maneçilik törətməyə cəhd göstərmədi.
Artıq regionun təhlükəsizlik konfiqurasiyasına yerləşmək istiqamətində səylərini daha da intensivləşdirən Fransa demək olar ki, Ermənistan üzərində diqtəsini əhəmiyyətli dərəcədə artıra bilib. Bu, son 3 ildə ən yüksək həddir. Parisin əsas hədəfi idi. Kolonnanın səfəri çərçivəsində Fransanın Ermənistandakı səfirliyində hərbi missiya yaradılacağının da elan edildiyini nəzərə alsaq, demək ki, Fransa Ermənistanı Rusiyanın cəngindən almaq üçün bütün addımlarını artıq planlaşdırıb.
Amma Fransa bununla kifayətlənəcəkmi? Təbbi ki, elə görünmür! Görünən odur ki, Fransa Cənubi Qafqazı siyasi cəhətdən də Rusiyadan qoparmağa çalışır. Rusiya çox yaxşı anlayır ki, bu məsələdə Parisin qarşısını kəsəcək yeganə region dövləti Azərbaycan ola bilər. Bunun üçün Moskva Bakıya manevr imkanları mütləq verməlidir, əlini gücləndirəcək faktorlarla Bakıya o fürsəti qazandırmalıdır. Sərhəd keçid məntəqəmizin qurulmasında Rusiyanın ciddi narazılığının sezilməsi haradasa bu məsələlərdən qaynaqlanmış ola bilər. Rusiyaya indiki halda güclü, dayanıqlı Azərbaycan daha çox lazımdır.
İrəvan isə həqiqətən də sülhə maraqlıdırsa, Azərbaycanın Laçın yoluna nəzarəti Paşinyanın sülh müqaviləsi imzalamasını, yəni Qarabağı Azərbaycan ərazi kimi tanımasını asanlaşdıra bilər.
Laçın yolunun başlanğıcında keçid məntəqəsinin quraşdırılması həm Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, həm də Qarabağın ermənidilli əhalisinin reinteqrasiyası prosesinə müsbət təsir göstərə bilər. Bura o yoldur ki, nəinki sərhəd-keçid məntəqəsinin qoyulması, heç əsgərimizin də o yollarda olması rədd edilirdi. İndi isə fərqli mənzərə ilə qarşı-qarşıyayıq. Əgər Azərbaycan bu gün bu çətin görünən məsələnin öhdəsindən gəlməyi bacardısa, demək bizi qarşıda daha böyük sürprizlər gözləyir.
Hadisələrin sonrakı inkişafı barədə gözləntilər də ancaq müsbətdir. Çünki bu gedişlə Qarabağ ermənilərinin taleyində Ermənistanın azalmış subyektivliyi fiziki olaraq sıfra endiriləcək. Bu, eyni zamanda Paşinyana imkan vermiş olacaq ki, əl-qolunu açıb öz cəmiyyətinə bəyan etsin ki, o, əlindən gələni edib və Zəngəzur dəhlizində sərhəddə keçid məntəqəsi quraşdırmaq imkanı var.
Beləcə, bu, İranın da fəal iştirakı ilə dondurulan Zəngəzur dəhlizi məsələsinin bir anda aktiv müzakirə predmetinə çevrilməsi demək olur. Belə olan təqdirdə isə Rusiya Azərbaycanın fəal iştirak etdiyi bu proseslərdən öz payını almış olacaq. Yəni Rusiya Laçın yolunun başlanğıcında qurulan sərhəd-keçid məntəqəsinə cavab olaraq Ermənistanın Zəngəzur dəhlizində quracağı həmin məntəqələr də başda olmaqla ümumilikdə dəhlizin təhlükəsizliyi məsələsində üzərinə götürdüyü öhdəlikdən məhrum olmayacaq. Bu da üçtərəfli danışıqlar çərçivəsində prosesin qüvvədə saxlanılması mənasını verəcək. Nəticə etibarilə Azərbaycan dəhliz planını reallaşdıracaq, Rusiya de-fakto bu proseslərin müddətsiz tərəfi kimi öz iştirakını rəsmiləşdirmiş olacaq.
İstənilən halda hazırki proseslər ancaq Bakının xeyrinə cərəyan edir. Qarabağdan Ermənistan istiqamətində və əks istiqamətdə hərəkət edən ermənilərə məxsus nəqliyyat vasitələrinin Laçın yolunun başlanğıcında qurulan sərhəd-keçid məntəqəsində yoxlanılması prosesini əks etdirən kadrlardan güman etmək olar ki, çox qısa bir zamanda Qarabağın ermənidilli əhalisi anlayacaq ki, heç bir variant qalmayıb. Seçim böyük deyil: Ya hərbi xuntanın girovluğunda qalmağa davam etmək, yaxud da Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanın tərkibində yaşamağı seçmək... /Milli.az/