Ağ Ev sülh sazişi üçün gerisayıma keçdi: ABŞ Qafqazda Rusiyaya
Siyasət
3541
30 Apr 2023 | 21:12

Ağ Ev sülh sazişi üçün gerisayıma keçdi: ABŞ Qafqazda Rusiyaya "ikinci cəbhə" açdı

Ermənistanın Azərbaycanla sülh danışıqlarında "Qarabağ mövzusu" üzərindən "bazarlıq" şansları artıq qalmayıb, xarici işlər nazirlərinin Vaşinqton görüşündə yekun sülh sazişinin ilkin variantı razılaşdırıla bilər... Rusiyanın müqavimət üçün vaxtı daralıb, Kremlin Cənubi Qafqazda öz mövqelərini qorumaq üçün yeni hərbi təxribatlar törətməyə cəhd göstərəcəyi qətiyyən istisna deyil...

Cənubi Qafqazda geopolitik orbitr dəyişməyə başlayıb. Son vaxtlara qədər bu regionda orbitr funksiyalarını Rusiya yerinə yetirməyə çalışırdı. Ona görə də, Cənubi Qafqazda son 30 ildə sülh, sabitlik və əmin-amanlıqdan uzaq qalmışdı. Əsas səbəb isə Kremlin münaqişəli məsələlərin həllində yalnız Rusiyanın geopolitik maraqlarından çıxış etməsi ilə birbaşa bağlıdır.

Məsələ ondadır ki, Kreml Cənubi Qafqaza "parçala, hökm sür" modelindən başqa heç bir yeni nizamlanma prinsipi təklif edə bilmir. Üstəlik, Rusiya fərqli münasibətlər sisteminin yaradılmasında heç maraqlı da deyil. Çünki Kreml üçün regional münaqişələrin mövcudluğu daha sərfəlidir. Bu halda, Rusiya münaqişə tərəflərinə eyni vaxtda təzyiq göstərmək mexanizmlərini öz əlində cəmləşdirmiş olur.

Təbii ki, Azərbaycan və Ermənistan arasında "nə hərb, nə sülh" dövrünün 30 ilə qədər uzanmasında Rusiyanın bu zərərli orbitrlik modeli xüsusi rol oynayırdı. İndi isə Ukrayna savaşı Rusiyanı ciddi şəkildə zəiflətməyə başlayıb. Kreml dünyanın bir çox regionlarında olduğu kimi, Cənubi Qafqazda da öz təsir mexanizmlərini sürətlə itirməkdədir. Və bu səbəbdən də Kreml artıq regional orbitr statusundan da tədricən uzaqlaşır.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Düzdür, Kreml hələ də Cənubi Qafqazda Rusiyanın mövqelərini qorumaq üçün beynəlxalq rəqiblərinə müqavimət göstərməyə çalışır. Ancaq zaman keçdikcə, Rusiyanın müqaviməti də ciddi şəkildə zəifləyir. ABŞ və Qərbə uduzmaq məcburiyyətində qalır. Bu baxımdan, son vaxtlar ABŞ və Qərbin tədricən Rusiyanı regiondan sıxışdırıb, Kremlin geopolitik funksiyalarını ələ keçirtməyə başlaması qətiyyən təəccüblü deyil.

Onu da qeyd etmək lazımdır ki, II Qarabağ savaşından ötən müddət ərzində Rusiya regional sülh prosesindən xeyli uzaqlaşıb. Üçtərəfli anlaşmaların imzalanmasında və icrasında əsas vasitəçi-qarantor olan Rusiya artıq bu sənədlərin ona verdiyi mexanizmləri itirməkdədir. Halbuki, məhz həmin sənədlər Rusiyanın yaxın gələcəkdə Cənubi Qafqazda geopolitik orbitr statusunu daha da möhkəmləndirilməsinə hesablanmışdı.

Əslində, Kreml belə vəziyyətin yaranmasına səbəb olan ciddi geopolitik səhvlər buraxdı. Belə ki, prezident Vladimir Putinin imza atdığı üçtərəfli anlaşmaların pozulmasında Rusiya xüsusi rol oynadı. Həmin sənədlərin imzalanmasından ötən üç ilə yaxın bir müddətdə Kreml Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasına, erməni separatçı-terrorçuların tərksilah edilməsinə həvəs göstərmədi. Nəticədə rəsmi Bakı bu problemi Azərbaycan ordusunun üzərindən həll etmək istiqamətində müəyyən addımlar atmaq məcburiyyətində qaldı. Və bu baxımdan, indi Kremlin hər imkanda üçtərəfli anlaşmaların tam icrasının vacibliyini qabartmağa çalışması tamamilə absurddur.

Digər tərəfdən, Kreml Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını da itirmək üzrədir. Əgər, əvvəllər vaxtaşırı Kreml üçtərəfli görüşlər keçirməklə, Rusiyanın vasitəçilik missiyasını imitasiya edə bilirdisə, indi bu, olduqca çətinləşib. Hər halda, hazırda Rusiya vasitəçilik missiyasına bağlı fəaliyyətdə ABŞ və Qərbin arxasınca sürünmək məcburiyyətində qalıb. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası ilə bağlı təşəbbüs ABŞ və Qərbin əlinə keçib.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Təbii ki, bütün bunların baş verməsində ABŞ və Qərbin Rusiyanı regiondan sıxışdırmaq istiqamətində manevrləri ilə yanaşı, rəsmi İrəvanın Kremlə xəyanətinin də böyük rolu olmamış deyil. Ən azından ona görə ki, ABŞ və Qərbin Rusiyaya qarşı manevrləri məhz Paşinyan hakimiyyətinin Kremlə xəyanət edib, arxa çevirməsi üzərində qurulub. Kremlin üçtərəfli müzakirə təkliflərindən yayınan Ermənistanın Brüssel, Praqa və Münhen görüşlərinə böyük həvəslə razılıq verməsi buna ciddi örnək sayıla bilər.

Bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü barədə razılığın olduğunu bəyan etmişdi. Ancaq növbəti gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan belə bir görüş ilə bağlı razılığın mövcudluğu, ancaq onun keçiriləcəyi yerin və vaxtın məlum olmadığını bildirmişdi. Üstəlik, görüşün harada keçiriləcəyinin Ermənistan üçün elə bir ciddi əhəmiyyət daşımadığını da əlavə etmişdi. Və bu, rus diplomatiyasının təmsilçisinin görüş barədə dediklərinin dolayısı ilə təkzib olunması anlamı daşıyırdı.

Maraqlıdır ki, rəsmi İrəvanın bu qəribə mövqeyinin səbəbləri cəmisi bir neçə gün sonra məlum oldu. Belə ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün məhz Vaşinqtonda keçiriləcəyi elan edildi. Belə anlaşılır ki, erməni nazir açıqlama verərkən, əslində, görüşün yeri və vaxtı barədə əvvəlcədən razılaşma artıq mövcud olub. Yəni, ötən ilin dekabrında Rusiyada keçirilməsi planlaşdırılan görüşə qatılmaqdan imtina edən erməni nazir növbəti dəfə Kremlə qarşı hörmətsizlikdən çəkinməyib.

Bütün bunlar onu göstərir ki, Ermənistan Rusiya ilə hərbi müttəfiq olsa da, əslində, rəsmi İrəvan Ağ Evin birbaşa təsir dairəsində fəaliyyət göstərir. İndi Ağ Evdən verilən bütün təlimatlar rəsmi İrəvan üçün yerinə yetirilməsi vacib olan qanun statusu daşıyır. ABŞ isə Ermənistandan ən qısa zamanda sülh sazişinin imzalanmasını tələb edir. Və bu, indi Ağ Ev üçün prinsipial xarakter daşıyan əsas prioritetlərindən birinə çevrilib.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Qərb siyasi dairələrindən sızan məlumatlara görə, Ağ Ev Cənubi Qafqazda sülh prosesini yekunlaşdırmaqla, Rusiyaya Ukrayna savaşından sonra daha bir sarsıdıcı zərbə endirməyə planlaşdırır. Əsas hədəf Azərbaycan-Ermənistan sülh sazişi ilə Rusiyanın Cənubi Qafqazda yeganə istinad mexanizmini sıradan çıxartmaqdır. Bu, baş tutarsa, Rusiyanın Azərbaycan və Ermənistan əsas geopolitik təsir rıçaqı ləğv edilmiş olacaq. Və Rusiyanın regiondan sıxışdırılıb, çıxarılması ilə bağlı proses qarşısıalınmaz xarakter daşıyacaq.

Maraqlıdır ki, Ermənistan siyasi dairələrindəki mənbələr də bu məlumatları dolayısı ilə təsdiqləyirlər. Həmin mənbələrin məlumatına görə, Ağ Ev rəsmi İrəvanın sülh sazişini imzalaması üçün təzyiq göstərməyə başlayıb. ABŞ rəsmi dairələri Ermənistandan sülh sazişinin ilkin variantda razlaşdırılaraq, imzalanmasını tələb edir. Ağ Ev bu məsələdə beynəlxalq hüquq normalarını ön plana çıxarır. Yəni, rəsmi İrəvanın "Qarabağ mövzusu"nda hələ də davam edən provokativ iddialarının yersiz olduğuna eyham vurulur. Və Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasından sonra Ağ Evin əli daha da güclənib.

Məsələ ondadır ki, rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarında "Qarabağ mövzusu" üzərindən "bazarlıq" şansları artıq qalmayıb. Çünki rəsmi Bakı Ermənistanın mövqeyindən asılı olmayaraq, bu "mövzu" ilə bağlı öz strateji hədəfinə çatmaq üzrədir. Və indi sülh sazişi Azərbaycandan daha çox Ermənistana lazımdır.

Bütün bunlara əsasən, ehtimal etmək olar ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündə yekun sülh sazişinin ilkin variantı razılaşdırıla bilər. Üstəlik, ABŞ-ın sülh sazişinin ilkin variantının məhz may ayının sonuna qədər imzalanmasında israr etdiyi də məlum olub. Bu baxımdan, ABŞ-ın Cənubi Qafqazda siyasi-diplomatik alətlər üzərindən "ikinci cəbhə" açdığı Rusiyanın müqavimət üçün vaxtının daraldığını da düşünmək olar. Yəni, Kremlin Cənubi Qafqazda Rusiyanın mövqelərini qorumaq üçün regionda yeni silahlı toqquşmalara yol aça biləcək təxribatlar törətməyə cəhd göstərəcəyi də qətiyyən istisna deyil.(müsavat.com)

Link kopyalandı!
Son xəbərlər