“Prezidentin İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”
Gündəm
3014
27 Apr 2023 | 13:50

“Prezidentin İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”

“Prezident İlham Əliyevin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqındakı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi və bu müharibədə iştirak edən yüz minlərlə soydaşımızın göstərdiyi qəhrəmanlıqlar tariximizin bir hissəsidir və biz bu tarixə daim ehtiram göstərməyə, öz qəhrəmanlarımızın xatirəsini yad etməyə borcluyuq:

 

“İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ayrılmaz bir parçasıdır. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, 300 mindən çox soydaşımız faşizmə qarşı mübarizədə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanlılardan ibarət 6 diviziya Avropa qitəsinin faşist işğalından azad edilməsində iştirak etmiş, bu müharibədə əsl igidlik və fədakarlıq nümunələri sərgiləmişdir. Yüzlərlə soydaşımızın faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Avropa dövlətlərinin ən ali  hərbi medalları ilə təltif edilməsi bu həqiqətin isbatıdır.

 

Azərbaycan İkinci Dünya müharibəsində öz təbii resursları, iqtisadi potensialı ilə də yaxından iştirak etmişdir.  Məhz Bakı nefti faşizm üzərində qələbənin əldə edilməsinə həlledici təsir göstərmiş, bu həqiqət zaman-zaman dünyanın ən görkəmli hərbi-siyasi ldierləri tərəfindən etiraf edilmişdir.

 

Xalqımızın qəhrəman övladları müharibə dönəmində ön xətlə yanaşı, arxa cəbhədə də böyük fədakarlıqlar sərgiləmişdilər. Bu baxımdan cənab Prezidentin İkinci Dünya müharibəsində ön xətlə yanaşı, həm də arxa cəbhədə böyük əmək sərf edən, faşizm üzərində tarixi qələbəyə töhfə verən insanlara maddi yardımın verilməsi ilə bağlı Sərəncamı göstərir ki, dövlət başçısı İkinci Dünya müharibəsində hansı formada iştirak etməsindən asılı olmayaraq, hər kəsin xidmətinə ehtiramla yanaşı, onların sosial rifahını daim diqqət mərkəzində saxlayır. Biz buna görə Prezident İlham Əliyevə təşəkkür edir, minətdarlığımızı bildiririk.

 

Onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atan azərbaycanlıların ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliğ edilməsi, bu müharibədə itkin düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirilməsi və s. istiqamətdə daim ciddi iş aparırıq. Məhz Təşkilatımızın apardığı ardıcıl və koordinasiyalı fəaliyyət nəticvəsində bugünə qədər xeyli sayda itkin soydaşımızla bağl məlumatların aydınlaşdırılmasına, onların xatirəsinin müxtəlif ölkələrdə əbədiləşdirilməsinə nail olmuşuq.

 

İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqların gənclər, yeniyetmələr arasında təbliği də əsas məqsədlərimizdən biridir. Bizim üçün qürurvericidir ki, İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlar onların nəvələri, nəticələri tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağda yenidən təkrarlandı.  Nəticədə, dövlətimizin ərazi bütövlüyü təmin edildi. Bu fakt bir daha göstərir ki, Azərbaycan xalqı hər zaman-tarixin bütün həlledici məqamlarında böyük qəhrəmanlıqlar göstərməyə qadirdir və bundan sonra da öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətləndirməkdə davam edəcək”.

 

Link kopyalandı!
Son xəbərlər