Ekskluziv
7793
13 Apr 2023 | 16:01

"Putin Qerşkoviçin həbsini şəxsən sanksiyalaşdırıb" - "Bloomberg"

"Kremldə Vaşinqtonla qarşıdurmanın dərinləşdirilməsinə yönələn sərt xətt tərəfdarlarının təsiri artmaqdadır..."
 
"Putinin fikrincə, ABŞ-la sabit və etibarlı münasibətlərə dönüş yoxdur..."
 
Ruslar getdikcə daha da aqressivləşir...
 
Rusiya hakimi Vladimir Putin amerikalı reportyorun həbsini şəxsən sanksiyalaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
"Son 40 ildə ilk dəfə olaraq amerikalı reportyorun həbsinin təşəbbüsü Rusiya xüsusi xidmət orqanlarının yüksək vəzifəli məmurlarından gəlib", - nəşrin həmsöhbətləri iddia edir.
 
Məqalədə qeyd edilir ki, ölkə prezidentinin "münasib olmayan" xarici jurnalistin cinayət təqibində əli olması onu sübut edir ki, Kremldə Vaşinqtonla qarşıdurmanın dərinləşməsinə yönələn sərt xətt tərəfdarlarının təsiri artmaqdadır.
 
"Bu onu sübut edir ki, Putinin fikrincə, sabit və etibarlı münasibətlərə dönüş yoxdur. Bu, təkcə ABŞ üçün deyil, bütün Qərb üçün əsl həyəcan siqnalı olmalıdır", - Vaşinqtondakı Avropa siyasətinin təhlili Mərkəzinin prezidenti Alina Polyakova belə hesab edir.
 
O, qeyd edir ki, Amerika ictimaiyyətinin Qerşkoviçin işinə böyük diqqət göstərməsi Kremli yeni girovların ələ keçirilməsinə sövq edir.
 
"Ruslar getdikcə daha da aqressivləşir. Onlar güman edir ki, əgər ABŞ-ın məşhur vətəndaşları girov götürülərsə, bütün istədiklərinə nail ola bilərlər", - Polyakova deyib.
 
Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, bu, Putinin qərarı deyil, "xüsusi xidmət orqanlarının tam səlahiyyətidir və onlar öz işini icra edib".
 
Martın 30-da "The Wall Street Journal" qəzetinin Moskva bürosunun müxbiri Evan Qerşkoviç Yekaterinburqda saxlanılıb.
 
Amerika mətbuatının nümayəndəsi rusiyalıların müharibəyə və "Vaqner qrupu" özəl hərbi şirkətinə münasibəti barədə material üzərində işləyib. 
 
Lakin FTX tərəfindən Qerşkoviç ABŞ-ın maraqlarına uyğun olaraq dövlət sirri təşkil edən, "Rusiyanın hərbi-sənaye kompleksi müəssisələrinin birinin fəaliyyəti barədə" məlumatların toplanılmasında  şübhəli bilinib.
 
Aprelin 2-də ABŞ Dövlət katibi Entoni Blinken Rusiya XİN rəhbəri Sergey Lavrova zəng edərək, Evan Qerşkoviçin və Pol Uilanın dərhal azad edilmələrini tələb edib.
 
Aprelin 11-də ABŞ Dövlət Departamenti Evan Qerşkoviçi "qanunsuz saxlanılan" hesab edib.
 
Qerşkoviç 1986-cı ildən Rusiyada casusluqda ittiham edilərək saxlanılan ilk amerikalı jurnalist olub.
Link kopyalandı!
Son xəbərlər