“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb
Cəmiyyət
3153
12 Apr 2023 | 10:34

“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Müsabiqə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun elan olunub.

Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8 ünvanında yerləşən fabrikin nominal dəyəri 2 manat olan 15 279 018 səhmi (30 558 036 manatlıq) satışa çıxarılıb.

İddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə azı 10 milyon manatlıq investisiya proqramı təqdim etməli, yeni iş yeri yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir. Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə azı 18 milyon manat vəsait köçürməlidir.

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, həmçinin müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə //bit.ly/3Gw8Ssk linki vasitəsilə tanış olmaq olar.

İddiaçıların ərizə və təklifləri mayın 11-nə qədər, iş günləri saat 10:00-dan 17:30-a qədər ƏMDX-da (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50) qəbul ediləcək. Komissiya müsabiqə təkliflərini mayın 12-si, saat 15:00-dan başlayaraq həmin ünvanda qiymətləndirəcək.

Link kopyalandı!
Son xəbərlər