Akademik Heydər Hüseynov niyə özünü asdı? - Nəsiman Yaqublunun araşdırması
Analitika
5545
03 Apr 2023 | 11:10

Akademik Heydər Hüseynov niyə özünü asdı? - Nəsiman Yaqublunun araşdırması

Bu gün böyük alim akademik Heydər Hüseynovun doğum günü və anadan olmasının 115-ci ildğnümüdür. O,1908-ci ildə Azərbaycanın qədim şəhəri olan İrəvanda anadan olub.Sovet rejimi dövründə isə 42 yaşında özünü asaraq intihar edib.
 
... 1950-ci il avqust ayının 15-də Şüvəlanda özünü asan görkəmli alim Heydər Hüseynov haqqında mətbuatda rəsmi olaraq məlumat verilmədi. Hadisə yerinə tezliklə çoxlu milis, prokurorluq işçisi gəldi. Adamları sorğu – sual etdilər, H. Hüseynovun özünü asdığı otağın qapısını möhürlədilər. Sonra da zalımcasına üç uşağı, bir də ananı uzun – uzadı sorğu – suala tutdular. Atanın faciəsindən hələ özlərinə gəlməmiş uşaqlar da, ana da bilmirdilər nə etsinlər, necə yaxa qurtarsınlar bu sorğu – suallardan.
 
 
Sorğu – sual etməyin də bir qaydası, forması var. Bəzi hüquq işçilərinin uzun illər boyu qanunu pozduqları, davranış qaydalarını tapdaladıqları, etik normala əməl etmədikləri indi bizə yaxşı məlumdur. Həmin o dəhşətli anlarda isə “qanun keşikçiləri” mərhum ortalıqdan götürülməmiş, qəbrə qoyulmamış, psixoloji sarsıntıdan hələ ayılmayan on – on iki yaşlı uşaqları da, ananı da sorğuya tutur və söhbəti elə aparırdılar ki, sanki bu ölümün günahkarı onlardır. 
 
Körpələr də, ana da bir – birinə qısılıb ağlaşırdılar. “İstintaq aparanlar” sualları dolu kimi üstlərinə yağdırırdılar: hadisə necə oldu? Ola bilməz ki, siz bilmirdiniz. Bəs niyə vaxtında gəlib xəbər verməmisiniz? Bəlkə də özünüz şərait yaratmısınız?
 
Körpələr ağıaşırdı.
 
Ana da hönkür – hönkür ağlayırdı.
 
“İstintaq aparanlar” sorğu – sualdan əl çəkmirdilər, kiməsə “sədaqətlərini” sübut etməyə çalışırdılar.
 
Və nəhayət ki, “istintaqı” aparanlar bir kənara çəkildilər. Uşaqları da, ananı da sakit buraxdılar. Azərbaycanın görkəmli marksist filosofu, akademik H. Hüseynovun özünü asdığını müəyyənləşdirdilər. 
 
Onu Fəxri Xiyabanda yox, şəhər qəbirstanlığında dəfn etdilər. Dəfnə tanınmış adamlardan, partiya, dövlət xadimlərindən heç kim gəlməmişdi. Qəzetlərdə mərhumun ölümü haqqında da heç nə yazılmadı. 
 
1950-ci il avqustun 15-i idi...
 
... Onun istedadı qırxıncı illərdə parladı. Bu illərdə ictimai elmlər sahəsində elə bir hadisə olmazdı ki, H. Hüseynov ona biganə qalsın. Şair və yazıçılarımızın o illərdə keçirilən bütün yubiley yığıncaqlarında iştirak etmiş, ədəbi – tənqidi məqalələr yazıb çap etdirmişdi.
 
Onda yüksək iş qabiliyyəti vardı. Tükənməz bir enerji ilə elmin qaranlıqlarını işıqlandırmağa çalışırdı. 
 
1939 - 40-cı illərdə onun rəhbərliyi ilə “Rusca – azərbaycanca lüğət”, “Rusca – azərbaycanca məktəb lüğəti”, “Azərbaycanca – rusca izahlı lüğət” kitabları hazırlanmışdır.
 
1939-cu ildə 31 yaşında “M. F. Axundovun fəlsəfi görüşləri” əsərini Tbilisi Universitetində müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
 
H. Hüseynovun fəlsəfə elminin inkişafında böyük rolu olub. Bir müddət Azərbaycanın müxtəlif ali məktəblərində fəlsəfə elmini tədris edib, sonradan fəlsəfə sahəsində elmi axtarışlarını genişləndirib. 1944-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb, o vaxt H. Hüseynovun 36 yaşı vardı.
 
1945-ci ilin mart ayında Azərbaycan SSR Elmlər Akademiyası təşkil edilərkən Akademiyanın prezident müavini seçilir və ilk akademiklərdən biri olur. Bu yüksək vəzifəyə seçiləndə H. Hüseynovun 37-38 yaşı vardı. O, qeyri – adi istedad sahibi idi. Və istedadı getdikcə parlayır, onu şöhrətləndirirdi. Ədəbiyyata, fəlsəfəyə bütün varlığı ilə vurulmuşdu. Azərbaycan sənətkarlarının müvəffəqiyyətinə ürəkdən sevinirdi. C. Cabbarlı, S. Vurğun və başqaları haqqında dəyərli məqalələr çap etdirirdi.
 
... 1947-ci il idi. Azərbaycan KP Bakı Komitəsinin büro üzvü olan H. Hüseynov II çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Bu vaxtlar onun 39 yaşı vardı.
Onun ölümünə bais olan kitab belə adlanırdı: “XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən”. Əsər 1949-cu ildə yazılıb. Həcmi də böyükdür – 736 səhifə.
 
Kitab çapdan çıxan kimi ictimaiyyətin böyük marağına səbəb oldu. Bu, Azərbaycan ictimai fikir tarixində əsl inqilab idi. Ona qədər hələ heç kim Azərbaycanın şair və yazıçılarının fəlsəfi görüşlərini sistemli şəkildə öyrənməmişdi. Bunu ilk dəfə qaydaya salan, elmi cəhətdən izah edib sahmana gətirən məhz görkəmli alim Heydər Hüseynov oldu. Kitabı ortaya çıxarınca necə əziyyətlər çəkmişdi! Neçə arxivlərin tozunu udmuşdu, illərlə insan nəfəsi dəyməyən, saralmış, hərfləri görünməz olmuş kağızları, sənədləri vərəqləmişdi.
 
... Kitab haqqında ilk xoş söz deyənlərdən biri istedadlı alim Məmməd Arif oldu. “Maraqlı və faydalı kitab” adlı məqaləsində yazırdı: “Bu kitabın gözəl cəhətlərindən biri də yüksək siyasi səviyyədə və partiyalı olmasındadır. H. Hüseynov Azərbaycanda ictimai və fəlsəfi fikrin “vahid axın” yolu ilə deyil, kəskin sinfi, siyasi mübarizə şəraitində inkişaf etdiyini göstərir. O, hətta ayrı – ayrı tərəqqipərvər şəxslərin dünyagörüşündəki bəzi məhdudluqları da açıb meydana çıxarmışdır.
 
Heydər Hüseynov böyük əhəmiyyətə malik ciddi elmi iş görmüşdür...”.
 
Akademik A. O. Makovelski də kitabı yüksək qiymətləndirirdi..
 
“Kommunist” qəzeti, 8 mart 1950-ci il. Sevindirici məlumatlar var qəzetdə:
 
“SSR  İTTİFAQI  NAZİRLƏR SOVETİNDƏ
 
1949-cu ildə ədəbiyyat və incəsənət sahəsində görkəmli əsərlər üçün Stalin mükafatları verilməsi haqqında.
 
SSR İttifaqı Nazirlər Soveti 1949-cu ildə görkəmli əsərlər üçün aşağıdakılara Stalin mükafatları verməyi qərara aldı:
 
...q). Ədəbi tənqid və sənətşünaslıq sahəsində. 
 
25 min manatlıq üçüncü dərəcəli mükafat
 
1. Hüseynov Heydər Nəcəf oğluna – “XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən” kitabı üçün.
 
2. Mozalkov Yevgeni Semyonoviçə - “Yanka Kupala” kitabı üçün”.
 
Mükafat alanlar çoxdur. 200 min, 100 min, 50 min manatlıq mükafat alanlar vardır. Üç dərəcədə verilir Stalin mükafatları: birinci, ikinci, üçüncü.
 
Kitaba Stalin mükafatı verilməsi M. C. Bağırova xoş gəlmədi. Bir neçə gündən sonra Heydər Hüseynovu yanına çağırıb dedi: “Milçəyi əzəndə tozu qalır. Amma səni elə əzəcəyəm ki, tozun da qalmasın”.
 
Heydər Hüseynov hadisədən bixəbər halda, təəccüb içində evə qayıtmışdı.
 
... M. C. Bağırovun tanınmış rus yazıçısı A. A. Fadeyevlə arası yox idi. Ondan qəti xoşu gəlmirdi. Hansısa məqalədə A. A. Fadeyev onu pərt etmiş, toxunan sözlər demişdi. Bu, şübhəsiz ki, “kişi”ni (onu çoxları öz aralarında belə çağırırmış) acıqlandırmışdı. Ancaq A. A. Fadeyevə batmaq asan deyildi. Stalinlə yaxşı münasibətini də M. C. Bağırov bilirdi. Ona görə də susmuşdu. Susub fürsəti gözləmişdi.
 
H. Hüseynovun həyatına son qoyan yığıncaqda – “ziyalılarla görüş”də öz hirsini – hikkəsini saxlaya bilməyib, A. A. Fadeyevə nifrətini belə bildirmişdi: “... Yeri gəlmişkən, demək lazımdır ki, bu kitabın Yazıçılar İttifaqının (yəni A. A. Fadeyevin – kursiv mənimdir – N. Y.) işinə bilavasitə dəxli yoxdur”.
 
Heydər Hüseynova ona görə bu sözləri demişdi ki, “kişi”nin başının üstündən iş görüb. Özü də işi kiminlə görüb? – Fadeyevlə. Onun xoşlamadığı bir adamla. Belə alimlərə yaxşı “dərs” vermək lazım idi. 
 
... Onların münasibətindən Heydər Hüseynovun xəbəri yox idi. Kitabı da mükafata təqdim edilmək üçün göndərməmişdi Fadeyevə”.
 
... Partiya Tarixi İnstitutunun direktoru işləyirdi Heydər Hüseynov. Adi iş günlərindən biri idi. Həmişəki kimi səhər erkən işə gəlmişdi. Qapını açıb içəri girəndə təəccübdən yerində donub qalmışdı. Ona məxsus direktor stulunda başqa adam əyləşmişdi (həmin adam indi də yaşayır, sağdır).  Vəziyyətin nə yerdə olduğunu başa düşmüşdü. Elə həmin gün hirsindən damarlarını kəsmişdi. Bu, Heydər Hüseynovun cəmiyyətə, həyata, yaşayışa etirazını bildirən ilk intiharı idi. Xəstəxanaya aparıb, müalicə etdilər, sağaltdılar.
 
M. C. Bağırovun ilk ağır zərbəsi belə oldu.
 
M..Bağırov rəqibini məhvə aparan planlarını yavaş – yavaş hazırlayırdı. İlk növbədə ona çox mane olan kitabı aradan götürməliydi. Kitab Stalin mükafatına layiq görülmüşdü. Bu, güclü maneə idi. Tezliklə M. C. Bağırova bu işdə kömək edən “dəstə” (burada partiya işçiləri, alimlər də vardı) fəaliyyətə başladı. Kitabı  ələk – vələk etdilər, hər sözünü, kəlməsini süzgəcdən keçirdilər, mikroskop altına saldılar. Böyük ustalıq və dahiyanəliklə yazılmış kitabda nəhayət ki, axtardıqllarına nail oldular. Kitabda Dağıstanın qəhrəman oğlu, uzun müddət dağlıların milli – azadlıq hərəkatına başçılıq etmiş Şeyx Şamilin adı çəkilmişdi. 736 səhifəlik əsərin cəmi ikicə vərəqində ondan yazılmışdı. Burada da hərəkat haqqında dövlətə, xalqa ziyan gətirən söz işlənməmişdi. Sadəcə olaraq Mirzə Kazımbəyin Şeyx Şamil hərəkatı haqqında fikirlərinə münasibət bildirilirdi. H. Hüseynov Şamili haqlı olaraq xalq arasından çıxan el qəhrəmanı hesab edirdi.
 
M. C. Bağırov Azərbaycanda stalinizmin dəhşətli yayıcısı olduğu kimi, Stalinin zəif və güclü cəhətlərini də yaxşı bilirdi. Bilirdi ki, Stalinin dağıstanlılara, xüsusən də çeçenlərə münasibəti pisdir. Deməli, Stalinin Şamil haqqında da fikri yaxşı deyildi. Elə bundan da istifadə etmək lazım idi. Heydər Hüseynova zərbəni elə “Şamil söhbəti”ndən vurmaq olardı.
 
“Canfəşanlıq” edən elm adamları az deyildi. Şamillə bağlı məlumatlar toplamağa başladılar. Leninqrad arxivlərinə də üz tutdular. Şamilin adı olan hər şeyi tapıb gətirdilər. Arayıb, səliqə - sahmanla düzdülər. Faktlar çox olmalı idi. Dayaz məlumatlarla işə girişmək, görkəmli bir adamı yıxmaq olmazdı. Əks – təqdirdə özlərini gülünc vəziyyətdə qoyardılar. Hər şey dəqiq ölçülüb – biçilməliydi.
 
Nəhayət, böyük bir “cəhənnəm maşını”nın işlədiyi məruzə (M. C. Bağırovun Heydər Hüseynovu “ittiham” etmək istədiyi çıxış) hazır oldu. Həmin məruzəni “o”, iyulun 14-də Bakı ziyalılarının yığıncağında oxumalı idi. Bununla da Heydər Hüseynova sonuncu zərbə vurulacaqdı.
 
... “Kommunist” qəzetində M. C. Bağırovun “Azərbaycan ziyalılarının növbəti vəzifələri” haqqında məruzəsi verilmişdi.
 
... M. C. Bağırov tənqid edirdi: “H. Hüseynovun “XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən”  kitabı respublikamızda tarixi fəlsəfə sahəsində vəziyyətin əsla yaxşı olmadığını göstərir”.
 
M. C. Bağırov tənqid atəşinə tuturdu: “H. Hüseynovun kitabı marksizm nöqteyi – nəzərindən yazılmamışdır, burada Azərbaycanda ictimai fikir tarixinin işıqlandırılmasında kobud siyasi və nəzəri səhvlər vardır”.
 
M. C. Bağırov ittiham edirdi: “Hüseynov öz kitabında müridizmə düzgün siyasi qiymət vermir. O, müridizmi tərəqqipərvər hərəkat, milli – azadlıq hərəkatı kimi təsvir etməklə müridizm haqqında burjua obyektivistlərinin, panislamistlərin, pantürkistlərin və sovet xalqına düşmən olan başqa adamların fikirlərini təkrar edir və yeridir”.
 
M. C. Bağırovun ittihamı: “... Müridizmə və Şamil hərəkatına düzgün qiymət vermək üçün bilmək lazımdır ki, müridizm dini cərəyandır, İslamın ən mürtəce və qaba təzahürüdür...”.
 
Daha yaşamağa qüvvəsi qalmamışdı.
 
Avqust ayının 14-dən 15-nə keçən gecə görkəmli alim Şüvəlandakı bağında özünü asdı...
 
Həyat yoldaşı  Talə xanımın dedikləri: “Mən Heydərə təsəlli vermək istədim. Dedim ki, O, sənə heç nə etməz. Yəqin elə acıqlı vaxtına düşüb. Bir də o, bilmirmi xidmətlərini? Fikir etmə, heç nə olmaz. 
 
O, astadan başını tərpədib etirazını bildirdi. Üstünə düşdüyü adamın axırına çıxmayınca əl çəkmir. Ruhulla Axundov kimi adamı məhv eləyən cəllad, məni də sakit buraxmayacaq. Elə o gündən Heydərin yeyib - içdiyi dönüb oldu zəhər. Hər gün bir şeylə yazığın qanını qaraldırdılar. Düz altı ay nə yeyib - içdiyini bilmədi Heydər. Bax, o şam kimi saralmışdı. Vəzifədən də çıxarmışdılar. Özü də necə çıxarmışdılar? Heç bir xəbərdarlıq, filan etməmişdilər. Səhər - səhər işə gedir, görür ki, başqa adam oturub onun yerində. Həmin adam Heydərə deyir ki, bəs onun heç bir günahı yoxdur. M. C. Bağırov belə göstəriş verib. Sonra da hirsindən damarlarını kəsmişdi.
 
Yığıncaqdan sonra halı lap pisləşdi. Düz bir ay ölümlə çarpışdı. Uzanırdı sakitcə çarpayıda. Fikirli - fikirli baxırdı tavana. Səsləyirdim: Heydər, Heydər. Dinmirdi. Nə qədər çalışırdımsa, könlünü ala bilmirdim. Danışanda da elə bircə bu sözləri deyirdi. Deyirdi mən heç, amma o namərd uşaqları səni sakit buraxmayacaqlar. Son günləri lap ağır keçirdi. Deyirdi mən olmasam sizi incitməzlər. Sizə mənə görə əziyyət verirlər. Mən o vaxt başa düşmürdüm bu sözlərin mənasını. Həmin sözləri tez - tez təkrar etməyinin səbəbini sonradan, o dəhşətli hadisədən sonra başa düşdüm. Sən demə, o, ən çox bizi - uşaqlarını xilas etmək üçün dəhşətli ölümü qəbul etdi.
 
Son günlər yanından ayrılmırdım. Şüvəlandakı bağımızda yaşayırdıq. Yayın yaxşı vaxtları idi. Heydəri gözdən qoymurdum. Bir də hiss edirdim ki, bizim özümüzü də izləyirlər. Hər addımımıza göz yetirirlər. Bu, hamımıza pis təsir eləyirdi. Xüsusilə də Heydərə. Əsəbiləşirdi. Bir gün evdə oturmuşduq. Avqustun 14-ü idi. Dedi ki, qayçını götür, saçlarımı düzəlt. Sonra da bir az su qızdır, yuyunacağam. Saçlarını  qayçı ilə düzəltdim. Xoşuna gəldi. Hələ mənimlə zarafat etdi. Dedi ki, səndən yaxşı dəllək çıxar. Güldüm. Özü də güldü. Sonra yuyundu. Sən demə... (Talə xanım bu sözləri  deyəndə özünü saxlaya bilmədi, ağladı). Sən demə hazırlıq aparırmış. Saçını düzəltməyi də, yuyunmağı da əvvəlcədən edirmiş ki, sonradan kimsəyə əziyyət verməsin.
 
Həmin gün əhvalı da başqa idi. O qədər fikirli görünmürdü. Uşaqlarla mehribancasına deyib - danışırdı. Ümumiyyətlə, heç birimizdə şübhə yeri qoymurdu. İndi fikirləşirəm ki, diqqətimizi yayındırmaq üçün edirmiş. Bir də uşaqları qorxutmamaq üçün. 
 
Gecəni ayıq yatıram. Bir də hiss etdim ki, Heydər qalxdı ayağa. Asta addımlarla keçdi o biri otağa. Hələ qalxmadım. Çağırmadım da. Bir neçə dəqiqə keçdi. Saat olardı 5-6 arası. Birdən otaqdan tappıltı səsi eşitdim. Eşidən kimi qalxdım ayağa. Tez işığı yandırıb keçdim o biri otağa. Və gördüm ki... (Talə xanım burda da ağladı). Elə qışqırdım ki, səsim bütün Şüvəlana yayıldı. Səsimə bütün Şüvəlan camaatı tökülüb gəldi. Başımıza çox oyunlar gəlib, çox. Deməknən, danışmaqnan qurtaran deyil...”.
 
 
 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər