Bizi sosial şəbəkələrdən izləyin:
“Fransa kimi “demokratik” ölkələr isə dolayısıyla deyir ki, siz yolları tamamilə açıq qoyun ki, ermənilər silah toplayıb sizi öldürsünlər...”
“Artıq 4 aya yaxındır ki, Azərbaycan ictimai təşkilatlarının “eko-fəallar” adlanan yüzlərlə nümayəndəsi Şuşa-Laçın yolunda soyuqda, qarda, yağışda, şaxtada, küləkdə əzab-əziyyət çəkib fəadakarlıq göstərərək xalqımızın haqlı tələblərini səsləndirirlər. Ancaq axı məsələ yalnız ermənilərin işğal altındakı torpaqlarımıza vurduğu ekoloji zərərlərlə bitmir”.
Bunu Moderator.az-a açıqlamasında 1988-ci ildən başlanmış milli azadlıq hərəkatının fəallarından biri, keçmiş Laçın alayının komandiri Arif Paşa söyləyib.
“Ermənilər Rusiya “sülhməramlı”larının himayəsi altında konkret olaraq Qarabağa - Azərbaycan torpaqlarına silah-sursat daşıyırlar. Həm 10 noyabr üçtərəfli bəyanatı imzalanandan bəri keçən iki ildən çox müddətdə Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla, hazırda isə həm də Xankəndinə gedən məlum alternativ torpaq yollarla... Belə olan halda biz niyə Laçın-Şuşa-Xankəndi yolundakı aksiyada yalnız ekoloji şüarlar səsləndiririk. Niyə konkret tələblər qoymuruq ki, Azərbaycan ərazilərinə silah-sursat daşınmasına son qoyulmalıdır. Məgər biz kimdənsə ehtiyat edirik? Düşmən Azərbaycan ərazisinə silah, texnika toplayır ki, yenidən bizə qarşı, işğal, soyqırım əməllərini davam etdirsin. Fransa kimi “demokratik” ölkələr isə dolayısıyla deyir ki, siz yolları tamamilə açıq qoyun ki, ermənilər silah toplayıb sizi öldürsünlər... Əvvəla, biz heç vaxt Qarabağa humanitar yüklərin daşınmasının əleyhinə olmamışıq. Hər gün Şuşa-Xankəndi yolundan neçə humanitar yüklü və içərisində mülki şəxslər olan avtomobil keçməsi haqda aksiyanın hesabatı verilir. İkincisi, əgər bu gün Qarabağdakı ermənilər birxətli qaydada yalnız İrəvanla əlaqə saxlayrlarsa, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmirlərsə, Bakını, Gəncəni tanımırlarsa, Azərbaycana inteqrasiya etmirlərsə, bu, artıq separatizmdir. O halda sual olunur: Azərbaycanın ərazi bütövlüyünü tanımayan erməni, sən bizim ölkədə nə gəzirsən?!.. Və əgər belədirsə, biz niyə öz ərazimizdəki separatizmə qarşı qanuni tədbirlər həyata keçirməkdən çəkinirik?”-deyə sonda polkovnik sual edib.
Sultan Laçın