İranda məcburi hicabla bağlı müzakirə və mübahisələrin yenidən qızışdığı bir vaxtda böyük ayətullahlardan sayılan müctəhid Nasir Məkarim Şirazi bu mövzuda geniş diqqət çəkən bir fətva verib.
“Azad İran” “YouTube” kanalı mövzu ilə bağlı videosüjet hazırlayıb.
Nasir Məkarim Şirazinin martın 28-də açıqlanan fətvasında bildirilir ki, qadınlar müəyyən hallarda hicaba riayət etməyə bilərlər.
“Əgər müsəlman və dindar qızlar ali təhsil almasalar, hədd-hüdud bilməyən və dinsiz şəxslər mühüm postları ələ keçirərlər. Buna görə dindar şəxslərə icazə verilir ki, zəruri olan hallarda hicaba riayət etməsinlər, amma digər hallarda hökmən riayət etsinlər”, - deyə o qeyd edib.
Bu fətvanın izahında bildirilir ki, hər bir hökmün zəruri məqamlarda istisnaları ola bilər. Məsələn, bir qadın lazımi təhsili almadığı halda onun özü və ya müsəlman cəmiyyəti problemlə üzləşərsə, ona bir zərurət kimi hicabı tərk etmək icazəsi verilir. Amma zəruri olan həddə, yəni onun hicabı tərk etməsinə qəti lüzum varsa, o, dərs aldığı məkana qədər hicablı getməli, orada hicabını açmalı, geri qayıdarkən yenidən hicabı qorumalıdır.
Şiə aləminin nüfuzlu ruhanilərindən sayılan Məkarim Şirazinin bu fətvası əslində məcburi hicab mövzusunda İranda yaranmış mürəkkəb şəraitdə kompromis axtarışının təzahürü kimi dəyərləndirilə bilər.
Daha ətraflı videosüjetdə: