Heydər Əliyevdən Molla Pənah Vaqif irsinə böyük ehtiram
3632
22 Mar 2023 | 22:06

Heydər Əliyevdən Molla Pənah Vaqif irsinə böyük ehtiram

Heydər Əliyevin yaradıcılığına xüsusi diqqət yetirdiyi böyük şairlərdən biri də Molla Pənah Vaqif olub.

 

Ulu öndərin Molla Pənah Vaqifin yaradıcılığına məxsusi diqqət yetirməsinin, onu Azərbaycan ədəbiyyatının görkəmli nümyəndələrinin biri kimi dəyərləndirməsinin bir neçə səbəbi mövcud olub ki, bunlardan da biri Vaqifin təmiz ana dilində qiymətli sənət əsərləri yaratmasıdır. Vaqifin Azərbaycan dilində yaratdığı gözəl poetik nümunələr qeyri-adi ədəbi inci olmaqla yanaşı, həm də ana dilinin təbliği, onun qüdrətinin təcəssümü idi. Nu şeirlər Azərbaycan dilinin təbliği, onun əzəmətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

 

Molla Pənah Vaqifin yaratdığı əsərlərin daha bir özəlliyi, bu əsərlərin sadə dildə - xalqın dilində qələmə alınması idi. Belə ki, Vaqif irsinə məxsus olan hər bir poetik nümunə təhsil səviyyəsindən, dünyagörüşündən, sosial statusundan asılı olmayaraq, hər kəs tərəfindən aydın başa düşülür, sevilirdi. Sadə və yaddaqalan olması bu şeirlərin xalq arasında yayılmasının əsas səbəblərindən biri idi.

 

Vaqifin şeirlərinin xalq arasında populyarlaşmasının digər bir səbəbi bu şeirlərdə xalqın problemlərinin, onun arzu və istəklərinin yer alması idi. Şairin “Hayıf ki, yoxdur” şeiri buna nümunədir. Şair məlum şeirində xalqın acınacaqlı, ağır həyatına diqqət çəkir, onun problemlərinə işıq salır.

 

Vaqifin şeirlərinin aydın və sadə dildə yazılması həmin şeirlərin sürətlə yayılması ilə yanaşı,  Azərbaycan dilinin təbliğinə də təkan verir, bu dilin fars, ərəb və digər dillərin qarışığından təmizlənməsinə kömək edirdi. Məhz bu faktor Heydər Əliyevin Vaqif yaradıcılığında yüksək qiymətləndirdiyi məqamlardan biri idi.

 

Molla Pənah Vaqifi Heydər Əliyevə sevdirən digər bir amil isə dahi şairin həm də görkəmli dövlət xadimi kimi fəaliyyət göstərməsi idi. Qarabağ xanlığının vəziri kimi mühüm vəzifə daşıyan Molla Pənah Vaqif xanlığın idarə edilməsində yaxından iştirak etməklə yanaşı, onun xarici hücum və təhdidlərdən qorunmasında da ciddi fəallıq sərgiləyirdi. 1795-ci ildə İran hökmdarı Ağa Məhəmməd Şah Qacarın Şuşaya hücumu zamanı Vaqifin ortaya qoyduğu cəsarət və uzaqgörənlik bunu bir daha sübut edir. Məlumat üçün qeyd edək ki, həmin vaxt Şah Qacar Qarabağ xanlığını qorxutmaq üçün İbrahim xana hədə dolu məktub göndərmişdir. Məktubda yazılırdı: “Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan?” Ağa Məhəmməd Şah Qacarın bu hədəsinə Molla Pənah Vaqif aşağıdakı məzmunla cavab vermişdir: “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar”. (//az.wikipedia.org/wiki/Molla_P%C9%99nah_Vaqif ).

Məhz bu cəsarətli cavabı Ağa Məhəmməd Şah Qacarı qəzəbləndirmiş, İran hökmdarı 1797-ci ildə Şuşanı işğal edən zaman şairi həbs etdirmişdir.

 

İtmiş məzarın axtarışında...

 

Molla Pənah Vaqif bir şair kimi hələ öz zamanında məşhurlaşsa da, onun ədəbi irsinin və şəxsiyyətinin geniş şəkildə araşdırılması Heydər Əliyevin adı ilə bağlıdır. 1967-cı ildə Şuşada olarkən Molla Pənah Vaqifin məzarını ziyarət etmək istəyən Heydər Əliyevə məlum olur ki, böyük şairin məzarının yeri məlum deyil. Bundan sonra Ulu öndərin tapşırığı ilə Molla Pənah Vaqifin itmiş məzarının axtarışına start verilir. Ümummilli liderin göstərişi ilə aparılan axtarış tədbirləri nəhayət ki, öz nəticəsini verir. Molla Pənah Vaqifin məzarı tapılır. Şairin yararsız vəziyyətdə olan məzarımı ziyarət edən Heydər Əliyev böyük şairin adına layiq abidənin inşasına qərar verir. Bəlli bir müddətdən sonra Molla Pənah Vaqifin məzarı üstündə abidə  və türbənin tikintisinə başlanılır. 1982-ci il yanvarın 14-də Şuşada Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin türbəsinin, o cümlədən Poeziya Evinin açılışı baş tutur. (//www.azerbaijan-news.az/az/posts/detail/vaqif-turbesi-qedim-susada-tariximizin-remzidir-1642884155 ).

 

Vaqifin türbəsinin inşası böyük şairə olan ictimai diqqət və marağın artmasına səbəb olur. Bu hadisədən sonra Molla Pənah Vaqiflə bağlı ədəbi tədqiqatlar əhəmiyyətli dərəcədə genişlənir. Orta məktəb dərsliklərində Molla Pənah Vaqif, onun həm şair, həm də dövlət xadimi kimi fəaliyyətinə yer verilir. Vaqifin əsərlərinin nəşrinə, bu əsərlərin xarici ölkələrdə çapına maraq artır. Vaqif yaradıcılığı azərbaycançılıq ideologiyasının əsas təbliğati vasitələrindən birinə çevrilir. Heydər Əliyev Molla Pənah Vaqifin məzarını müəyyən etmək, onun məqbərəsinin inşasına nail olmaqla Azərbaycanın ədəbiyyat tarixinə, doğma ana dilimizə və azərbaycançılıq ideologiyasına böyük töhfə verir.

 

Heydər Əliyevin təşəbbüsü ilə azərbaycançılıq ideologiyasına ucaldılan məqbərə

 

Heydər Əliyevin göstərişi ilə Molla Pənah Vaqifə ucaldılan abidə əslində, həm də azərbaycançılıq ideologiyasına, bu ideologiyanın təntənəsinə ucaldılan abidə idi. Bu abidənin ucalmasından sonra Molla Pənah Vaqifin qəbirüstü abidəsi bütün poeziya sevərlər üçün əsl and yerinə, müqəddəs bir məkana çevrilməyə başladı.

 

Ötən əsrin 90-cı illərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti 1992-ci ildə Şuşanın işğalı ilə nəticələndi. İşğal səbəbi ilə şəhərdəki bütün abidələr kimi Molla Pənah Vaqifin qəbirüstü abidəsi də erməni faşizmi tərəfindən böyük dağıntılara, amansız vəhşiliklərə məruz qaldı.

 

2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində bütün torpaqlarımız kimi,Şuşa şəhəri də erməni işğalından azad edildi. 2021-ci ildə yanvarın 14-də Prezident İlham Əliyev Şuşa şəhərinə səfər əsnasında Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib, məqbərədə təmir-bərpa işlərinin görülməsi ilə bağlı göstəriş verib. Təmir işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. 2021-ci il avqustun 29-da Şuşada Mola Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı baş tutub. (//president.az/az/articles/view/52876 ).

 

Molla Pənah Vaqifin məqbərəsinin ilkin açılışından – 1982-ci ildən düz 39 il sonra məqbərə ikinci dəfə ictimaiyyətə açıq elan edilib.

 

Prezident İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsini təmir etməklə tariximizə  və mədəni irsimizə növbəti qayğı göstərməklə yanaşı, həm də Heydər Əliyev ənənəsinə, azərbaycançılıq ideologiyasına sadiqliq sərgiləyib. İlham Əliyev bununla sübut edib ki, Azərbaycan xalqı öz keçmişinə, dəyərlərinə, mədəni irsinə bağlıdır, bu irsi yaşatmaq üçün heç bir fədakarlıqdan çəkinmir.

 

Molla Pənah Vaqifin məqbərəsi erməni yalanlarının ifşa abidəsidir

 

1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan Molla Pənah Vaqifin məqbərəsi zaman-zaman ermənilərin ölkəmizə qarşı ərazi iddialarına qarşı da önəmli arqumentlərdən biri rolunda çıxış edib.

 

Məlumat üçün qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddialarından biri də Şuşa şəhəri ilə bağlı olub. Bu şəhərin tarixən guya onlara məxsus olduğunu bildirən ermənilər, bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışıblar. Uydurma erməni iddialarına cavab olaraq Azərbaycan tərəfi bir çox faktlarla yanaşı, Ulu öndərin təşəbbüsü ilə ucaldılan Molla Pənah Vaqifin məqbərəsini əsas gətirərək Şuşanın tarixi Azərbaycan şəhəri olduğunu sübut edib, bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

 

Prezident İlham Əliyev 2021-ci ilin 30 avqust tarixində Şuşada Vaqif Poeziya Günlərinin açılışı zamanı bu fakta diqqət çəkib, maraqlı məqamlara toxunub:

 

“Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

 

Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur.

 

Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”. (//president.az/az/articles/view/52881 ).

 

Bu gün Molla Pənah Vaqifin məqbərəsi əzəmətli Şuşada tariximizin, milli kimliyimizin, azərbaycançılıq ideologiyasının möhtəşəm abidəsi kimi ucalmaqdadır. İllər, əsrlər keçəcək, Molla Pənah Vaqifin məqbərəsi Azərbaycan insanının, ədəbiyyatsevərlərin ziyarət yeri olaraq qalacaq, uşaq və gənclərə öz milli kimliklərini, xalq olaraq böyüklüklərini xatırladacaq.

 

Seymur ƏLİYEV

Moderator.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.9. istiqaməti üzrə (azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”) hazırlanmışdır. 

 

Link kopyalandı!
Son xəbərlər