"Ağıllı insan açıqlanması lazım olan bir haqq, yox etməsi lazım olan bir batil, yayması lazım olan bir xeyir, izah etməsi lazım olan bir elm və ya təşəkkür edilməsi lazım olan bir lütf olmadıqca səssiz qalmağı seçər..."
Gözəl Söz...
Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun. Çünki Allahdan haqqı ilə qorxmaq (təqva) ən gözəl azuqə və ən gözəl sondur. «Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!» (Hud, 49)
Ey Müsəlmanlar! Söz insanı tərif edər və qəlbində olanlara tərcüməçi olar, onun əslinə və ağlına dəlalət edər. Ağıllı insanın ağzı bağlıdır. Bir şey danışmaq istəsə, çəkinər. Cahilin ağzı isə açıqdır, hər istədiyini söyləyər. Ağıllı insan açıqlanması lazım olan bir haqq, yox etməsi lazım olan bir batil, yayması lazım olan bir xeyir, izah etməsi lazım olan bir elm və ya təşəkkür edilməsi lazım olan bir lütf olmadıqca səssiz qalmağı seçər. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Kim Allah və axirət gününə iman edirsə, ya xeyirli danışsın, ya da sussun» Bu hədisi Buxari və Muslim rəvayət etmişlər.
Lazımsız şeyləri tərk etməklə ağıllar kamilliyə doğru gedər. Dilsiz olmaq batil söyləməkdən və ya yalan danışmaqdan daha xeyirlidir. İnsanların ən pisi sözü əyri, dili əyri olan və batil danışandır. Sözün ən pisi isə Allahın Kitabına və Rəsulallah (s.ə.s)-in sünnəsinə tərs olan, pozulmamış təbiətlərin qəbul etmədiyi və qulaqların eşitmək istəmədiyi sözdür...
Ey Müsəlmanlar! Yanlış söz söyləmək insanı peşmanlığa aparır. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Şübhəsiz qul yaxşıca anlamadan bir pis söz danışar və bu səbəblə cəhənnəmdə şərq ilə qərb arası məsafədən daha uzağa duşər» Bu hədisi Buxari və Muslim rəvayət etmişdir. Tirmizi də bu rəvayəti gətirir: «Şübhəsiz, insan bir kəlimə danışar və onda çəkinilməsi lazım olan heç bir şey görməz, bu söz səbəbilə cəhənnəmdə yetmiş il məsafə aşağı düşər» Bilal bin Haris (r.a) dedi: Peyğəmbər (s.ə.s)-in belə dediyini eşitdim: «Şübhəsiz, sizdən biri Allahın razı olacağı bir söz söylər və onun, çatdığı dərəcəyə çatmadığını zənn edər. Allah o kəliməsinə görə ona Onunla qarşlılaşacağı günə qədər razı olacağını yazar. Yenə sizdən biri Allahı qəzəbləndirəcək bir söz söylər və onun, çatdığı dərəcəyə çatdığını zənn etməz. Allah o söz səbəbilə ona Ona qovuşacağı günə qədər qəzəbini yazar» Bu hədisi Tirmizi və İbn Macə rəvayət edir. Muaz (r.a) deyir ki : «Ey Allahın Rəsulu! Biz danışdıqlarımıza görə cavabdeh olacağıqmı?» Buna cavab olaraq Peyğəmbər (s.ə.s) belə buyurur: «Anan səni itirsin, ey Muaz! İnsanlar dilləri ilə əldə etdiklərindən başqa bir şey səbəbi iləmi Cəhənnəmə üzü üstə atılırlar?» Bu hədisi Tirmizi rəvayət edər.
Ey Müsəlmanlar! Gözəl söz bir qazancdır. Çirkin söz isə günahdır. Allah o ikisi üçün bir misal verərək belə bənzətmişdir: «Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə – Allah dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.» (İbrahim, 24-26)
(Davamı var)
İslamevi.az