Analitika
3252
18 Feb 2023 | 10:54

"Prezidentin Konfransda iştirakı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir"

 

Prezident İlham Əliyevin Konfransda iştirakı Azərbaycanın Avropa üçün mühüm əhəmiyyət kəsb etməsini göstərir.

 

Yarandığı tarixdən əsas şüarı “Dialoq vasitəsilə sülh” olan Münhen Təhlükəsizlik Konfransının builki, 59-cü sessiyası öz işinə başlayıb.

 

Konfransın məqsədi dövlət və hökümət başçılarının, siyasətçilərin və beynəlxalq təşkilatların iştirakı ilə əlaqələrin qurulması və dialoq yaratmaqla etimad formalaşdırmaqdır. Münxen Təhlükəsizlik Konfransının hər il keçirilməsi çox vacib bir tədbir kimi qiymətləndirilir və burda səslənən fikirlər, müzakirə olunan məsələlər dünyanın siyasi mənzərəsinin formalaşmasında öz təsirini göstərir.

 

Hər il keçirilən müzakirələrdə daha çox dünyanın başqa yerlərində baş verən münaqişələrdən danışılırdısa, bu dəfəki görüşlərdə əsasən Avropa qitəsində gedən Rusiya-Ukrayna müharibəsi və onun yaratdığı nəticələrdən çıxış yolları müzakirə olunur.

 

Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər rəsmi şəxslər səviyyəsində fəal iştirak edir.

 

Prezident İlham Əliyevin qatıldığı builki görüşdə 40-dan çıx dövlət və hökümət başçısı, xarici və müdafiə nazirləri, Avropa İttifaqının və Avropa Komissiyasının Prezidenti, BMT, NATO, ATƏT və digər beynəlxaql təşkilatların nümayəndələri də iştirak edirlər.

 

Dövlət başçısının Konfransda iştirakı Azərbaycanın Avropa üçün mühüm əhəmiyyət kəsb etməsini göstərir. Həmçinin də Konfransda iştirak imkan verir ki, Prezident görüşlər və çıxışlar vasitəsilə Azərbaycanın baxışlarını daha geniş auditoriyaya çatdıra bilsin. Azərbaycan üçün əsas aktual məsələlər enerji təhlükəsizliyi, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, “Orta Dəhliz” kimi məsələlər və  Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasıdır.

 

Dövlətimizin başçısının Konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, habelə ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun da maraq dairəsindədir.

 

Münxen Təhlükəsizlik Konfransının 2020-ci ildə keçirilən görüşünü Azərbaycan xalqı yaxşı xatırlayır. Konfrans çərçivəsində keçmiş Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında canlı debat keçirilmişdi. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi.

 

Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu.

 

Heç şübhəsiz, o tarixi debatda Prezident İlham Əliyevin iştirakı elə həmin ilin sonunda Azərbaycanın Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını geri qaytarmasının əsasını qoydu.

 

Link kopyalandı!
Son xəbərlər