Əlil qadınlarla bağlı fəaliyyat planı hazırlanır.
Yoxsul ailələrdən, o cümlədən, məcburi köçkün əlilliyi olan qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən "Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi" layihəsi çərçivəsində ilk dəyirmi masa keçirilib.
Toplantıda müxtəlif dövlət, qeyri-hökümət və biznes təşkilatlarının nümayəndələri iştirak edib.
Dəyirmi masada əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi, zorakılıq hallarının azaldılması və qarşısının alınması, onlar üçün ictimai xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahəsində işlər müzakirə edilib.
Müzakirələr bu sahədə yerli fəaliyyət proqramının hazırlanmasını da əhatə edib. Eyni zamanda müvafiq ekspertlərin iştirakı ilə dövlət və digər qurumların nümayəndələrindən ibarət Koordinasiya Şurası da yaradılıb. Məqsəd layihənin əsas benefisiarları olan əlilliyi olan qadın və qızların ictimai dövlət xidmətlərinə çıxışının asanlaşdırılması üçün birgə fəaliyyətlərin müəyyən edilməsi, koordinasiyası və icra edilməsidir.
Qeyd edək ki, layihə Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyi tərəfindən icra olunur. Layihənin tərəfdaşı "Ümid Yeri" Xeyriyyə Cəmiyyətidir. Növbəti dəyirmi masanın Quba şəhərində keçirilməsi planlaşdırılır.