49 nömrəli “İntellekt” məktəb-liseyində müəllimin valideynlərdən pul tələb etməsi ilə bağlı paylaşım sosial şəbəkələrdə ajiotaja səbəb olub.
Məlumata əsasən, liseyin ingilis dili müəllimi Könül Həsənova rəhbəri olduğu sinifdən pul istəyib. O, bu haqda sinfin valideyn qrupuna səs atıb:
“Mən pul üçün məcbur etmirəm. Amma siz bilirsiniz ki, şagirdlər istədikləri vaxt dərsdən qaçır, istədikləri vaxt qalırlar. Bunlara nə hesabına hörmət olunduğunu nəzərə almırsınız? Gücünüz çatan məbləği verin və siyahı tutulsun”.
Paylaşımda K.Həsənova bütün siniflərin pul verdiyini bildirib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Moderator.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair səs yazısı ilə bağlı məlumat bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olub:
“Bununla əlaqədar müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə müvafiq olaraq görüləcək qanunauyğun tədbirlər haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
Rəna Nəbi