M.Ə Rəsulzadə: ”Müasir İranın həqiqi çöhrəsi” - Nəsiman Yaqublunun təqdimatında...
Ekskluziv
4900
28 Jan 2023 | 10:32

M.Ə Rəsulzadə: ”Müasir İranın həqiqi çöhrəsi” - Nəsiman Yaqublunun təqdimatında...

Azərbaycanın  böyük siyasi xadimi M.Ə.Rəsulzadənin İranla bağlı çoxlu sayda yazıları vardır.Həmin yazılardan mühacirət dövrünə aid olanları toplayıb kitab olaraq nəşrə hazırlayıram.Uzun illər İranda yaşamış, İranda “İrani-nov”(Yeni İran) qəzetini nəşr etmiş,İran Demokrat Partiyasının yaradıcılarından olan,Səttar xanla yaxın münasibət yaradan və ilk olaraq “İran türkləri” kitabını yazıb 1911-ci ildə nəşr etdirən  M.Ə.Rəsulzadə İran mühitini çox yaxşı tanıyırdı.Güneyli, quzeyli Azərbaycanın bu görkəmli şəxsiyyətinin  1924-cü ildə dekabrın 1-də İstanbulda “Yeni Qafqasiya” jurnalında çap etdirdiyi məqalə çox aktualdır.Bu gün İranda baş verən prosesləri, xüsusən Azərbaycana qarşı olan düşmənçilik yanaşmasını görəndə acı təəssüf hissləri keirirsən.Və  yazının elə başlığının bügünkü İranın əsil xarakterini açdığının şahidi olursan. 
                                        
 
Rəsulzadə Məhəmməd Əmin
 
Müasir İranın həqiqi çöhrəsi
 
Bu çöhrə, bəzilərincə tərif olunduğu kimi, pək də kərih(yaraşıqsız)  deyildir. Bir məmləkətin həqiqi çöhrəsi məhud(dostluq)  metodla(üsulla) zatən kəşf ediləməz. “İç üz” deyə İrana ətf olunan məyub(nöqsanlı)  sifətlərdən bir çoxu, maələsəf, bütün Şərq millətlərini gəmirən illətlərdəndir ki(xəstəliklərdən), ifşası, üzləri qızartdığı zaman bizim də yanaqlarımıza az qırmızılıq verməz!...
Bir məmləkətin həqiqi üzünü tamamilə görə bilmək üçün bulunduğu halını yalnız statistik bir şəkildə deyil, dinamik bir tərzdə də tədqiq etməlidir, statistik bir təsniflə biz, cəmiyyətdə mövcud müxtəlif qüvvət və amillərin kəmiyyətini təsbit edərik, dinamik bir təhlil isə, bizə, bu kəmiyyətlərin keyfiyyətlərini kəşf ilə hərəkətlərini və mütəqabil təsirlərini göstərir. Yalnız böylə bir təsnif və təhlil nəticəsindədir ki, biz bir cəmiyyətin vəchi-istiqamətini kəşf edər və o vasitə ilə məzkur(yaxşı) cəmiyyətin (təbiri digərlə millət və ya məmləkətin) hansı mərhəleyi-tarixiyyədə bulunduğunu həqqi ilə dərk edəriz.
Tarix dediyimiz zaman, bittəbii(təbii olaraq), miladi və ya hicri, şəmsi və ya qəməri sənələri(illəri) qəsd etmirik. Cəmiyyətlər, bünyei-ictimaiyyələri nöqteyi-nəzərindən müxtəlif dövrlərdə bulunurlar. Bu dövrlər bir cəmiyyətin tabe bulunduğu iqtisadi sistemlərə görə dəyişir. Bir məmləkət kəndinə hakim olan iqtisadi sistem nöqteyi-nəzərindən hansı bir dərəcəyi inkişafda isə, ictimaiyyat, əxlaqiyyat və mənəviyyatına aid “üzü də” onunla mütənasib olur. Şəhərləri, kiçik əsnaf(ticarət) bazarından ibarət olub müstəqil birər iqtisadi vahidi təşkil edən feodal məmləkətlərin üzü başqa, sənayei-cəsiməyə sahib olub istehsalatı artıq kəndi hüdudi-millisinə sığamayan kapitalist məmləkətlərin üzü də başqadır.
Millətlərin kəndilərinə məxsus mənlikləri, harsi xüsusiyyətləri vardır. Bu mənliyin mühafizəsi naminədir ki, milliyyətpərvərliyi təqdir və istiqlalı milli qayəsini təqdis edərik. Fəqət hadisatı-ictimaiyyəyi, bilatədqiq aldığımız zaman biz, əksəriyyət yanılırıq. Müəyyən bir dövrü tarixdə hər hansı bir millət üçün ümumi və müştərək olan hadisələri milli bir rəngdə görürük. Şərq ilə Qərb arasındakı müqayisəmizdə bu üsul yanlışlığına qapıldığımız kimi, Şərqdəki qonşularımız haqqında mühakimə yürüdürkən bu qəflətə bilxassə(xüsusilə) tutulmuş oluruq.
Müasir İranın üzünü görə bilmək üçün biz Tehrandakı əmrazi(cinsi) zöhrəviyyə xəstələrinin ədədi, tiryək çəkənlərin miqdarı və yaxud kiçik yaşında “siğə olan” qızların faciələrinə fəzlə(artıq) əhəmiyyət verir və bunları qonşumuza məxsus “milli bir sifət” deyə tələqqi edərsək, yanılır, həqiqəti görəməyiz. Həqiqi üzünü görə bilmək üçün İranın hansı dövrü tarixdə, nə kimi iqtisadi zümrələrə malik və bu zümrələrin hansı münasibəti mütəqabilədə olduqları ilə vəcheyi istiqamətlərinin nə kimi inkişaf və təkamül təmayülləri göstərdiklərini tədqiq etməliyik.
Bu metodla(üsulla) İranın və yaxud hər hansı bir məmləkətin iç üzünü öyrənmək, təqdir etməlidir ki, pək çox tədqiqat və təhqiqata mütəvəqqif(əlaqədar) bir məsələdir. Kiçik bir qəzetə məqaləsində mövzunun ciddiyyətilə mütənasib vəqayi və həqayiq zikr etmək imkanı olmadığından ixtisar və icmal təriqini iltizam etmək zərurətində bulun-duğumuzu möhtərəm qarelərimizin nəzəri-müsəmməhlərinə(qiymət vermək)  ərz edəriz. İlk məqaləmizdə müasir İran haqqında mükəmməl bir fikir söyləyə bilmək üçün aşağıda yürütdüyümüz mühakimələrin kafi gələcəyini ümid ilə irəlidə İrana aid yazacağımız məqalələrdə qareləri əlaqədar edəcək məlumat verməyə də çalışacağıq.
                                                            
                                                             ***
İran yaylasının nə qədər nüfus ehtiva eylədiyi çox ixtilaflı(fikir ayrılığı,ziddiyyət) bir məsələdir. İxtilaf(ziddiyyət) 7 milyon ilə 15 milyon arasındadır. Biz bunu 8-9 milyon miqdarında təxmin edərsək, ehtimal ki, həqiqətə pək o qədər qarşı gəlməyiz. Bundan 3-4 milyonu köçəbədir(köçəridir). Mütəbaqi qismin əksəriyyəti əziməsini köylü təşkil edib digər qismi isə şəhərlərdə əsnaflıq(kiik ticarətlə məşğul olmaq) və ticarətlə yaşarlar.
Almaniyanın 3 misli 42.470 fərsəng(ağac) vəsi(geniş)  bir məsaha(ərazi) üzərinə yayılan bu nüfus hər yerdə eyni kəsafətdə(sıxlıqda)  deyildir. İran yaylasının qismi-mühümmi, bilxassə(xüsusilə) mərkəzi qismi geniş qum səhralarından, əkinə yaramayan vadilərindən ibarətdir. Məmləkətin məskun qismi, əksəriyyən dağ ətəkləri ilə sahillər və dərələrdir. İran şəhərləri yekdigərindən ya böyük dağlar və ya vəsi(geniş)  səhralarla ayrılmışdır.
İran sənət və sənayeinin məhsulu deyə tanıdığımız əmtəə, başlıca birər vəhəb(hədiyyə)  mərkəzini təşkil edən bu şəhərlərdən yetişdiyi kimi, “İran mədəniyyəti” deyə bəllədiyimiz şeylər də yalnız buralara münhəsirdir(bağlıdır).
Şəhərlərin kəndi başına müstəqil birər əsnaf bazarından ibarət olması əfkari-ümumiyyənin(ictimaiyyətinin) bütün məmləkətə aid olmayıb hər şəhərin kəndi mühitinə məxsus pək bariz intibalar vücuda gətirdiyi, yaxın zamana qədər müxtəlif vilayətlərin kəndilərinə məxsus eyzən məqadir(miqdarları)  hətta sikkəyə belə malik olmaları feodalizmin şəhərlərə aid bir xüsusiyyətini təşkil eylədiyi kimi, vilayətlərin hakimi-mütləqi olan xanların, kiçik bir hökmdar kimi hər növi səlahiyyət və iqtidara malik birər əmiri-mütləq halında olduqları da bunu göstərməkdə idi.
Bir vilayət daxilində, rəyasət eylədiyi əşirətin çıxardığı müsəlləh qüvvətə istinadən, dərəbəyliyi edən xan, bulunduğu məmləkətin “kiçik bir şahı” idi. İran bu qəbildən mütəhəddid(idarəçi) “şahlıqlara” bölünmüşdü. Nitəkim(gerçəkdən) mərkəzi məmləkətdə yaşayan şaha da “Şahənşah” deyilirdi.
Paytaxtın nüfuzu və şahın iqtidarı tam olduğu zamanlarda belə, onların bu böyük xana biəti İran vəhdətini üzvi deyil, süni bir tərzdə təmin edirdi.
Kapitalist Avropa ilə ilk təmas və münasibətə gəldiyi zamanlarda İran xanlıqları iqtisadən cins mübadiləsi ilə məşrut ibtidai bir tərzi-istehsal dövründə idilər. İndi belə İran iqtisadiyyatında bu üsulun pək çox müəssir olduğunu qəbul etməliyik. Bu üsulun icabca “xanlıq”larda İran milliyyətpərvərliyindən ziyadə vilayət hiss və əxlaqları mövcud idi. Şah kəndi nüfuzunu icra və məmləkətin vəhdətini təmin üçün xanlar və ellər (əşirətlər) arasındakı rəqabəti “hüsni-idarə” etmək siyasətini bilməli, böyük ərazi sahibi xanlarla əşirət rəislərinə, köylü ilə tüccar üzərindəki təhəkkümlərinə(zülmlərinə) göz qapayaraq istinad etmək hikmətini dərk etməliydi. Bu şərait daxilində köylü hər hankı bir hüquqi-bəşəriyyədən məhrum olduğu kimi, tüccar qismi də heç bir zaman kəndisini amanda görəmirdu. O, sənələrlə yığdığı sərvətini xanın “qəzəbinə” və ya tamahına uğrayıb bir anda qeyb etmək təhlükəsindən heç bir zaman əmin deyildi.
İran qapıları Avropayı fabrika əmtəəsinə açıldıqdan və xariclə mübadilə çoxaldıqdan sonra cins mübadiləsinə müstənid və məhəlli bazara çalışan əsnaf şiddətli bir zərbə yemiş oldu. Avropanın təzyinat(bəzək şeyləri) əşyasına məclüb olan xanların israf və məsrafları daha ziyadə artdı. Bunun ağırlığı da bittəbii köylüyə yükləndi. İran Türkiyə kimi deyildi. Tüccarı başqa cinsdən deyil, kəndindən idi. Ermənisi, rumu yox kimi idi. Cənubda ingilislərin, şimalda rusların təşəbbüsü ilə olsa da, yapılan şose yolları İran mübadilatına az-çox inkişaf verirdi. Para tədavülü üzərinə inkişaf edən mübadilədə tüccar sinfi kəsbi-əhəmiyyət etməyə başlıyırdı. Getdikcə iflas edən mülkdar feodal sinfi hesabına kəsbi-sərvət edən fəal bir burjua sinfi təşəkkül edirdi. Bu sinif dəröhdə eylədiyi mübadilə vəzifəsi ilə İran “yəhva”larının(allahlarının)  yekdigərinə ittisalarını(birləşmələrini) təmin etmək istedadını göstərdiyi kimi, feodalizmin icab etdiyi hər növi məhəlli təhdidatın ilğası(məhvi ilə) ilə qüdrətli bir hökumət təşkilinə və ehkamı hər tərəfdə söylənən cari olan qəvanın vəzinə(yerləşdirilməsinə,qoyulmasına) tərəfdar olur. İran hərəkati tərəqqi-pərvanəsi vücuda gəlirdi.
İrandakı məşrutiyyət hərəkatı, pək maddi düşünürsək, İran tüccarının hərəkatı idi. İran hərəkatı məşrutiyyət-pərvəranəsi tədqiq olunursa, bu hərəkata ən fəal və zi-şüur bir rol oynayan sinif mühüm mərkəzlərdəki tüccar olmuşdur. Müzəffərəddin şahı qəvanini-əsasiyyə ətasına icbar edən qüvvət Tehran bazarının qrevi(tətili) olmuşdur. İstibdada qarşı aylarla və bəlkə sənələrlə müqavimət edən Təbriz mücahidinin ön səflərini bazarlılar təşkil eyləmişlərdir. İxtilal məfkurəçiləri belə qismən İstanbul və Qafqasiyaya mühacirət edən tüccar arasından yetişmişdir. Nəsirəddin şahı qətl edən Mirzə Rza bu sinifdən yetişdiyi kimi Atabəyi öldürən fədai Abbas Ağa da Təbrizli bir əsnaf idi. Məşrutiyyət hərəkatının gömrük tarifəsi üzərinə bilxassə infilaq(pərakəndəlik,partlama) etdiyi bu hərəkatın İran ticarət burjuaziyası ilə nə dərəcədə mərbut olduğunu göstərir. İran ixracatının zərərinə tərtib olunan gömrük tarifəsini Tehran bazarı qanlı nümayişlərlə protesto(etiraz) etmişdi.
Məmləkətdəki zində(həyati ruhlu) və tərəqqipərvər ənasiri(ünsürləri)  içinə alan bu hərəkat sinifi olmaqla bərabər milli idi. Çünki vəchəyi-istiqaməti feodalizm iftiraqını  ortadan qaldırmaq əsri və vahid bir məmləkət vücuda gətirmək idi. O, ədalət istəyir, qanun istəyir, ordu istəyir, əmniyyət istəyir, istiqlal istəyirdi. Fəqət bu məqsədin istehsalı üçün sənələrcə(illərcə) davam edən qanlı mücadilələr İrana məşruti bir hökumət şəkli vermək müvəffəqiyyətinə nail olduysa da, əcnəbi müdaxiləsi, bu mücadilələri nəticəyi məntiqiyyəsinə varmaqdan mən etdi(qadağan etdi). Feodallarla şəhər burjuası arasında davam edən bu cidal demokrasinin təmini-hakimiyyəti ilə olmasa da, qüvvətli bir hökumət təsisi ilə nəticələnəcək, yeni bir dövlət vücuda gətirəcəkdi. Diqqət edilsin, dövlət vücuda gətirəcəkdi, deyirik. Çünki, sözün əsri mənasilə, feodal İranda nə bir millət vardı, nə də dövlət...
Əvət(bəli), İran məşrutiyyət namını(adını) qazandıysa da, tamamilə təşəkkül etmiş əsri bir dövlət halına daha gələmədi.
Bu natamam halıyla İran Hərbi-Ümumiyi dərk eylədi. Hərb əsnasında felən müharib, rəsmən bitərəf bir vəziyyət içərisində qalan məmləkət müharibənin xitamında(sonunda), bir hökumət olaraq yalnız sözdə qalmışdı. İştə(həqiqətdə) isə məmləkət tamamilə bir hərcü-mərc içində puyan(yeriyən)  idi. Hər vilayət bir dərə bəyinin əlində və yaxud sərkeş(itaətsiz) bir komitənin təhdi-idarəsində bulunurdu. Bir tərəfdən ingilis əskəri, digər tərəfdən də bolşevik çetələri məmləkəti çeynəməkdə idilər. Bu sırada, qazaqxanə nəfərliyindən yetişmə Rza xan Tehran üzərinə yürüməkdə olan bolşevik hücumunu dəfilə şöhrət qazanmış və nəticədə yekdigərini təvali(ara verməyən,davamlı) edən İran kabinələrində, mövqei sarsılmaz hərbiyə naziri sifətilə 3-4 sənə mütəəssil çalışmış 30-40 min miqdarında müntəzəm əskəri bir qüvvət vücuda gətirməklə məmləkətin hər tərəfində zühur edən təcərrüd(ayrılma)  davalarını və əskidən bəri mövcud olan feodaloizm sərkeşliklərini birər-birər tənkil eyləmiş(uzaqlaşdırmış), məmləkətə bu vaxta qədər görmədiyi bir əmniyyət və mərkəziyyət vermişdir.
Bir tərəfdən Avropa imperyalizminin daxili bir çox qayələrlə məşğul olması, digər tərəfdən də Rusiya çarizminin çökməsi ilə Şimal müdaxiləsinin daha bir neçə sənə üçün bərtərəf İran olması qüvayi-ictimaiyyəsinə sərbəsti hərəkətini təmin eyləmişdir. Rza xanın başlıca İran qüvəyyi-əskəriyyəsini tənzim ilə işə başlaması əldə edilən bu fürsətdən ciddi bir surətdə istifadəyə başladığını göstərir.
İranın indiki halda ərz eylədiyi çöhrə Hərbi-Ümumi əsnasında və sonunu mütəaqib günlərdə göstərdiyi çöhrəyə qətiyyən bənzəməz. Hərbi-Ümumi zamanında məmləkət yabançı qüvvətlərin cövləncahı olub, fərdayi(ertəsi gün) müharibədə də felən İngiltərənin himayəsinə girmiş, istiqlalını qeyb etmişdi. İngiltərənin bu fürsətçiliyinə qarşı bütün hiddət və ciddiyyətilə qarşı qoyan ünsür yenə tüccar(tacir) sinfi olmuşdu. Bazar İngiltərədən qurtulmaq üçün hətta bolşeviklərə belə meyl etmişdi. Fəqət Şimali İrana girən Qızıl Ordu Rəşt bazarına yapdığı müamiləsi ilə İran burjuazisini qorxutduqca qorxutdu. İki atəş arasında qalan İran üçün yeganə çareyi-nicat tarixi fürsəti qaçırmayaraq kəndi qüvvətilə meydana atılmaq, milli nicat və səadətini kəndi təmin eyləməkdi. Bu hərəkatın ələmdarı isə sövqi tarixlə sərdar Rza xan olurdu.
Göstərdiyi fövqəladə yararlıqla sərdari-sipəh rütbəsini qazanan və sədrəzim məqamına yüksələrək bütün iqtidarı kəndi əlində mərkəzləşdirən Rza xan yeni İran burjuaziyasının can və dildən istədiyi vəzifəyi ifa eyləmiş, feodallar əlində parçalanan İrana bir dövlət şəkli verdirmək əzmini göstərmişdir.
Şəkil etibarı ilə bir diktator kimi görünsə də, Rza xanın icraatı tərəqqi və irəliyə doğru atılmış bir qədəmdir. Müxtəlif feodalların qal(mübahisə)  və kamı(istəyi)  bahasına təəssüs edən müqdədir bir hökumət hər hansı bir şəkil alsa da, İran üçün bir faydadır. Qəribədir ki, mürtəce olduqları şübhə götürməyən bir çox zəvat, Rza xanın diktaturasına qarşı nifrət etdikləri məşrutiyyət və qəvanini-əsasiyyə tərəfdarlığı ilə müqabilə edirlər.
Fərzən kəndisinə əcir(muzdur)  olaraq çalışan köylüyü əski ixtiyarat üzərinə, ağaca bağlatdıraraq ölüncəyə qədər döydürən vilayət mütəğəllibələrindən(hakimlərindən)  bir xanın məzkur vilayətdəki qarnizon komandanı tərəfindən tövqif(sürgün) və cəzalandırılmasını Tehran əyan və əşrafı “Va-məşrutiyyata!” yayqarası ilə qarşılayırlar. Halbuki “dəvairi-əskəriyyənin ümuri-mülkiyyəyə qarışmasını” protesto surətində, şəklən, haqlı görünən bu nara(dərd,qəm)  həddizatında heç də səmimi deyildi. Çünki köylü ağaca bağlandığı zaman xilafi-məşrutiyyət olduğu mühəqqəq olan bu hala qarşı işbu zəvati-möhtərəm qətiyyən bir səs və səda çıxarmamışlardı.
İşbu məsrudatımızdan(izahımızdan)  görüləcəyi vəchilə(surətilə), İranın bu günlərdə ərz eylədiyi çöhrə, az-çox bir fərqlə, bütün Şərq məmləkətlərini istila edən bir hərəkat çöhrəsidir. Bu hərəkatın həqiqi üzü isə iki kəlmə ilə tərsim oluna bilir:
Feodalizmdən kapitalizmə!...
 
“Yeni Qafqasiya”, 1 qanuni- əvvəl 1340 / 8 cəmadiyələvvəl 1343,
 il:2, №5, s. 4-7
 
Red: 1 qanuni - əvvəl 1340 / 8 cəmadiyələvvəl 1343   - 1  dekabr 1924
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər