Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Avropanın yararlana biləcəyi əla şansdır”.
Bu barədə “Modern Diplomacy” nəşrində dərc olunmuş məqalədə deyilir.
Bildirilir ki, Avropa mümkün qədər tez təmiz enerji mənbələrinə keçməlidir və bu da ona enerji müstəqilliyinə nail olmağa, Azərbaycan kimi ən yaxşı strateji tərəfdaşlara arxalanaraq enerji tələbatını ödəməyə imkan verəcək.
Beləliklə, Qara dəniz sualtı elektrik kabelinin çəkilməsini nəzərdə tutan sözügedən sazişin layihəsini genişləndirməklə Azərbaycan təkcə Macarıstan və Rumıniyanı deyil, digər Avropa ölkələrini də “yaşıl enerji” ilə təmin edə bilər.
Məqalədə qeyd olunur ki, İsrail də Azərbaycana lazımi infrastrukturun genişləndirilməsində kömək edə bilər.
“Həm günəş, həm də külək enerjisi baxımından geniş imkanlara malik olan Azərbaycandakı mövcud ekoloji şəraiti nəzərə alsaq, İsrailin texniki yardımı ilə bu ölkə bütün Avropaya “yaşıl enerji” nəql edə və bununla da, qitədə enerji böhranının aradan qaldırılmasına yardım edə bilər”, - məqalədə vurğulanır.
Xatırladaq ki, ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.