Baş həkimin şok əməlləri: 
Kriminal
3187
24 Jan 2023 | 16:37

Baş həkimin şok əməlləri: "DİN-ə işə düzəltmək üçün 100 min istədi"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Könül Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baxılıb.
 
Könül zərərçəkmiş şəxs Rəfiqə Seydovaya vəzifəli şəxslər arasında olan yaxın tanışları vasitəsilə 105 000 manat müqabilində övladı Mirasəfi daxili işlər orqanlarında təhqiqatçı vəzifəsinə, kürəkəni Rəşadı isə 100 000 manat müqabilində Bakı şəhəri Nizami və ya Xətai rayonları üzrə Rabitə qovşağının rəisi vəzifəsinə təyin etdirmək, ərinin isə məhkumluğunun 30 000 manat müqabilində Daxili İşlər Nazirliyinin bazasından çıxarması imkanı olması barədə yalan məlumat verib.
 
Könül Rəfiqəni inandırıb və oğlunun işə düzəldilməsi üçün ona 2020-ci ilin noyabrın 16-17 tarixlərində “Milan” hospitalında ilkin olaraq 25 000 manat, 2021-ci ilin mart ayının 15-16 tarixlərində 75 000 manat, mart ayının 28-də 5000 manat alıb.
 
Bundan başqa, Könül Rəfiqənin kürəkəni Rəşadı Rabitə qovşağına rəis təyin edilməsi üçün 2021-ci ilin aprel ayının 25-də Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında 50 000 manat, 2021-ci ilin may ayının 6-da Nərimanov rayonu ərazisində 1 saylı ASAN xidmətin qarşısında 50 000 manat almağa nail olub.
 
Daha sonra Könül tanışı Samir Hüseyngilin vasitəsi ilə Rəfiqənin əri Fətullanın Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya idarəsində məhkumluğunun olmaması və hazırda olmadığı barədə qanınsuz hazırlanmış 30 000 manatı ələ keçirib.
İstintaq orqanı tərəfindən Könülün barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Könül ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Rəfiqəni 2020-ci ilin sonunda kürəkəni Mehdinin vasitəsilə tanıyıb: “Həkim işlədiyim müddətdə Rəfiqə fəaliyyət göstərdiyim klinikaya gəlib. Bizim çox gözəl münasibətlərimiz olub. Bizneslə bağlı da aramızda söz-söhbət olub. Təbii ki, işlədiyim müddətdə çox adamları tanımışam. Rəfiqə xanımı heç vaxt aldatmaq fikrim də olmayıb”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, onun barəsində Lənkəran rayonunda olan işi ilə bağlı Samir deyib ki, müəyyən rüsum ödənilməlidir: “Samirə bu işimlə bağlı pul verdim. Samirə çox inanmışdım. Elə bir an olmuşdur ki, həmin rüsum ödənilməmişdi. 8 il müddətə azdlıqdan məhrum edildim. Həmin vaxt Rəfiqə xanımın işi ilə də bağlı Samirə demişdim. Rəfiqə xanıma da demişdi ki, bu işləri bilmir. Lakin Samirlə görüşdürə biləcəyimi dedim. Onları görüşdürdüm, hər ikisi danışdılar. Onların söhbətində olmamışam. Samir özü nə lazımdırsa Rəfiqə xanımla danışıb. Sadəcə Samir pulu mənim vasitəmlə aldığından Rəfiqə xanım da dedi ki, səni tanıyıram”.
 
Könül ittiham üzrə özünü özünü qismən təqsirli bilməsinin səbəbini belə açıqlayıb: “Pulu inanaraq alıb Samirə vermişəm. Bu gün həbs edilmişəmsə, Samir məni aldatdığına görədi. Samir hər iki tərəfdən mənə çox böyük zərər vurub. Mən əsassız həbs edilmişəm. Ali Məhkəməyə şikayət verəcəm. Tutulduğum üçün də Rəfiqə xanımın işi ilə məşğul ola bilməmişəm. Özümü də Samir tərəfdən zərərçəkmiş şəxs hesab edirəm. Həm mənim Samirə verdiyim 50 000 manata görə, həm də Rəfiqə xanımın mənim vasitəmlə Samirə verdiyi pula görə. Samirlə bütün danışıqlarda Rəfiqə xanım özü də olub. ASAN xidmətin qarşısında alınan pul da Samirə verilib. Nərimanov rayonunda iş gedərkən də dedim ki, mənim 50 000 manatım da Samir də var. İş üzrə şahidlər Əli və Vüqar da biliblər ki, Lənkəranda olan işimlə bağlı Samirlə Lənkərana getmişəm. Samirlə mənim çox böyük mübahisələrim, davalarım olub. Rəfiqə xanımdan da götürdüyüm pulların hamısını Samirə vermişəm. Samir də öz dilindən yazıb ki, pulun hamısı ondadır”.
 
Cinayət işi üzrə zərərçəkmiş Rəfiqənin sözlərinə görə, bu işlə bağlı çox əsəb keçirib, depressiyadadır, səhtətində problemləri yaranıb: “Ona görə də ola bisin ki, ifadəmdə ardıcıllıqla tam fikrini ifadə edə bilməyəcəm. Təqsirləndirilən şəxs kürəkəni Mehdini oğlum Mirasəf tanıyıb. Mehdi oğlumun işləmədiyini bilərək qaynanasının oğlunu istədiyi yerdə işə düzəldə biləcəyini dedi. Bunu biləndən sonra Könül ilə tanış oldum. Könüllə görüşəndə mənə oğlumu agentliyinə hüquqşünas vəzifəsinə düzəldə biləcəyini, bunun müqabilində də 20 000 manat istədi. Mən də razılaşdım, Könülün işlədiyi “Milan” klinikasına getdim. 20 000 manatı ona verdim”.
 
Zərərçəkmiş qeyd edib ki, səhəri gün Könül ona zəng edib və əlavə 5000 manat da lazım olduğunu bildirib: “Mən də 5000 manat götürərək yenə Könülün işlədiyi klinikaya getdim. Pulu Könülə verdim. Pandemiya səbəbindən bu iş 2021-ci ilin yanvar ayına qədər uzandı. Sonra Könül mənə oğlunmun hüquqşünas olduğundan onu Daxili İşlər Nazirliyininə təhqiqatçı vəzifəsinə düzəldə biləcəyini söylədi. Bu işə görə məndən 100 000 manat istədi. Oğlumun işə düzəlməsinə görə onun mənzilini 205 000 manata satdıq. Əvvəlcə 25 000 manat, sonra da 75 000 manatı Könülə verdim. Bu işlə bağlı Könülün işlədiyi klinikaya getdim və söhbət əsnasında Könüldən kürəkənimi də işə düzəltməsini xahiş etdim. Könül kürəkənim Rəşadı Nizami və ya Xətai rayon telefon qovşağına rəis vəzifəsinə düzəldə biləcəyini dedi. Buna görə 100 000 manat lazım olduğunu söylədi. Əvvəlcə 50 000 manat, sonra isə qalan 50 000 manatı Könülə verdik. Həyat yoldaşım Fətullanın məhkumluğu olub. Könül ərimin məhkumluğuna görə oğlumun Daxili İşlər Nazirliyinə işə düzəlməsində problem yarandığını bildirdi, ərimin məhkumluğunun bazadan silinməsinə görə 30 000 manat istədi. Həmin pulu Samir adlı şəxslə Könülə göndərdim”.
 
Rəfiqə qeyd edib ki, ona 235 000 manat maddi ziyan dəyib: “Lakin mülki iddiamda təqsirləndirilən şəxsdən 113 000 manat tələb edirəm. Ona görə ki, qalan məbləğ Samirin barəsində olan cinayət işi üzrə ona ittiham verilib və həmin pul vəsaitini Samirdən tələb edəcəm”.
 
Məhkəmənin hökmü ilə Könül 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, bundan əvvəl 2022-ci ilin aprelində Könül Lənkəran Ağır Cinayətlər Məhkəməsində də mühakimə edilib və 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun hər iki cəzası birləşdirilib və ona qəti olaraq 9 il 6 ay cəza təyin olunub.
 
Rəfiqənin təqsirləndirilən şəxsə qarşı 113 min manatlıq mülki iddiası təmin olunub və həmin məbləğ təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul edilib.
 
Könül Abbasova Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub ondan ötürü ki, Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda ümumilikdə 10 şəxsdən müxtəlif məbləğlərdə olmaqla cəmi 16 min manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq həmin şəxsləri Mərkəzdə müxtəlif vəzifələrə işə götürüb.
 
Həmçinin Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində müxtəlif vəzifələrdə işləmiş 26 nəfər işçidən hədə-qorxu tətbiq etməklə məcburi qaydada onlara müvafiq bayramlarla əlaqədar mükafat qismində təyin edilib ödənilən cəmi 4 min 593 manat məbləğində bayram pullarını xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə rüşvət qismində qanunsuz olaraq tələb edərək alıb.
 
Bununla yanaşı, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Mərkəz əməkdaşlarından 1 nəfər işçinin 4 aylıq, cəmi 602 manat pulunu da onun bülletenə çıxmasına şərait yaradılmasına görə qanunsuz olaraq rüşvət qismində tələb edib alıb.
 
Qeyd edək ki, Samir Hüseyngilin barəsində cinayət işi ayrıca icraatda araşdırılır. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər