Azərbaycan iki mühüm sənədi dəyişdirə bilər: Bakının xarici siyasətindəki beş “düyün” - TƏHLİL
Analitika
2714
05 Jan 2023 | 13:57

Azərbaycan iki mühüm sənədi dəyişdirə bilər: Bakının xarici siyasətindəki beş “düyün” - TƏHLİL

2023-cü ildə Azərbaycanın xarici siyasət prioritetlərinin məzmununa yeni forma və ölçü verilə bilər. Bu, Cənubi Qafqazda yaranan postmünaqişə reallıqları və həmin gerçəkliklərin gətirə biləcəyi risklərlə əlaqədar olaraq inkişaf edəcək.
 
Azərbaycan dövlət olaraq qlobal, regional şəraitdə baş verən dəyişikliklər səbəbilə milli təhlükəsizliyə təhdidlərin aradan qaldırılmasını və ya onu nəzarətdə saxlamağı qarşıya məqsəd qoyur.
 
Fərz etmək olar ki, Azərbaycan təhdidlərin mahiyyətcə dərinləşən temperamentini, praktiki cəhətdən artan xarakterini yeni şəraitə uyğun olaraq təhlil etmək üçün Hərbi Doktrinaya və Milli Təhlükəsizlik Konsepsiyasına dəyişiklik etməyi planlaşdırır.
 
Hələlik bu barədə heç bir rəsmi açıqlama yoxdur, amma nəzərə alaq ki, təhlükəsizliyin və təhdidlərin sərhədlərini göstərən bu iki mühüm sənəddə postmünaqişə dövrü kontekstində bir çox redaktəyə ehtiyac duyulur.
 
Ona görə ki, həmin iki sənəd Qarabağ münaqişəsi dövründə işlənilib-hazırlanıb və cari vəziyyətə adekvat cavab verən postulatlara malik olsa da, bəzi mətləblər postmünaqişə şəraitində qiymətləndirilməlidir.
 
Azərbaycan hüquqi olaraq hələlik bu sənədləri yeni redaksiyada təqdim etməsə də, əməli müstəvidə mövcud gerçəkliklər və onların hansı fəsadlar törədəcəyini nəzərdən keçirərək siyasət yürüdür.
 
Yəni Azərbaycan xarici siyasətində balanslı kökdən qopmayıb və qopması da gözlənilmir, çünki ölkənin yerləşdiyi coğrafiya, onun təbii sərvətləri qlobal oyunçuların nəzərlərini itiləşdirir. Bakı itilənən diqqətlərdə küt davrana bilməz və bu çevikliyə əsaslanan məharətini ara-sıra hərbi güclə nümayiş etdirir.
 
Türkiyədən strateji müttəfiqlik ruhuna uyğun olaraq böyükmiqyaslı dəstək alması, Qərblə münasibətlərindəki dərinləşən əməkdaşlıq (Fransa istisna olmaqla), İsraillə münasibətlərində yeni səhifələrin açılması, Rusiya ilə əlaqələrində dinamika, müsəlman dünyasına xitabən verdiyi xoşməramlı bəyanatlar Azərbaycanı daha da ruhlandırır.
 
Azərbaycan 2023-cü ildə çoxşaxəli xarici siyasət kursunu daha da təkmilləşdirəcək və regionda toqquşan maraqları öz faydasına çevirmək üçün manevrlərini davam etdirəcək.
 
Ölkənin xarici siyasətində beş istiqamət üzrə çətinliklər mövcuddur və bu il onların düzəldilməsi istiqamətində qarşılıqlı səylər göstərilə bilər.
 
Birincisi, Azərbaycan-Rusiya əlaqələrinin nizamını sarsıdan mərhələ yoxdur və belə bir zəmin də mövcud deyil. Ancaq Bakı Kremlin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki erməni kartı ilə oynamaq cəhdlərini zərərsizləşdirmək üçün danışıqlar aparır. Nəticə hasil olmayanda isə Moskvanın oyunlarını başqa manevrlərlə pozur.
 
Deməli, Azərbaycanla Rusiya, əsasən, sülhməramlıların müvəqqəti xidmət zonasındakı proseslərdə eyni nöqtəyə vura bilmirlər. Moskva Ruben Vardanyandan tuz kimi istifadə etmək istəyir, məqsədi Cənubi Qafqazdakı milyarderlər layihəsi ilə boz kardinallıq institutunu inkişaf etdirmək və prosesi tamamlamaqdır.  
 
Amma Azərbaycan Moskvanın oyununu poza bildi və Vardanyan üzrə Kremlin manevrlərini məhdudlaşdırdı.
 
Bu il həmin istiqamətdə müzakirələr davam edə bilər və ehtimal vermək çətindir ki, Moskva Azərbaycanı Vardanyanın badına versin.
 
İkincisi, ABŞ Azərbaycanla münasibətlərindəki bəzi mübahisəli tezislərə rəğmən, Bakıya dəstəklər nümayiş etdirir, onun Avropanın enerji bazarlarındakı artan roluna alqış sədaları ilə cavab verir.
 
Digər tərəfdən, Azərbaycan ABŞ-nin diqqətlərini cəmlədiyi Xəzər regionu və onun təhlükəsizliyi məsələsində Vaşinqtonla yeni əməkdaşlıq təcrübəsi üçün müzakirələri intensivləşdirməyi vacib sayır.
 
Azərbaycanın bir-birinə rəqib olan ABŞ və Rusiya ilə münasibətlərdəki tarazlayıcı yerinin qorunması qarşılıqlı maraqlar platformasındakı razılıqlara dayanır.
 
Üçüncüsü Bakı-Tehran əlaqələrindəki gərginlikdir. Azərbaycanın bir-birinə rəqib olan ABŞ və Rusiya arasındakı rəqabətdə tutduğu tarazlayıcı mövqeyi onu təhlükələrdən sığortalayır. Bu, qarşılıqlı maraqların önə çəkilərək müzakirələrin qabardılmasını aktuallaşdırsa da, Bakının İranla münasibətləri haqqında eyni sözləri demək çətindir.
 
Çünki İranın səfi Azərbaycana qarşıdır və hədsiz qərəz, şiddətli hədə ritorikasına əsaslanır. Azərbaycan isə təklif verir, praqmatik üsullarla əlaqələrin yaxşılaşdırılmasını istəyir, ancaq qarşı tərəfin qopardığı tozanaq prosesi zədələyir.
 
Üstəgəl, Bakı İran qarşısında böyük strateji üstünlüklərə malikdir, ona görə də İran Azərbaycanla münasibətlərin yoluna qoyulmasını istəyirsə, Bakıya minnətçi düşməlidir.
 
Dördüncü problematik prioritet Fransa ilə əlaqəlidir, Parisin yanaşmasındakı cığallıq Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki rolunu da sual altına qoyur. Fransa yenidən cəhdlər edərək özünü Avropa İttifaqı formatındakı danışıqlara pərçim etməyə cəhdlər göstərə bilər, hərçənd ki, Bakı buna imkan vermir.
 
Beşincisi qonşu Ermənistanın regional bəlaya çevrilməsi ilə əlaqədardır. İrəvan Azərbaycanın münasibətlərində mübahisəli məqamlar və bəzi ölkələri öz səfinə çəkərək revanşizm müstəvisinə ayaq basmaq istəyir. Amma Azərbaycanın cazibəsi, gücü və potensialı həmin ölkələri Ermənistandan qaçırır, hələlik isə üç ölkə bu xətdən ayrılmayıb – Fransa, İran və Hindistan. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər