"Rəcəb Tayyib Ərdoğan bu məsələdə Putinə təsir göstərə bilər..."
"Ukrayna vətəndaşı Saakaşvili Putinin düşmənidir və ən tez qərar onu rusiyalı əsirlərə dəyişməkdir"
"Bu proses Rusiya DTK-nın təmiz əl işidir..."
"Bu gün biz gerçək zaman rejimində Saakaşvilinin qətlinin xronikasını görürük..."
"O, çətinliklə hərəkət edir, çətinliklə ünsiyyətdə olur, onun demensiya əlamətləri var və hafizəsi pozulub..."
"Gürcüstan rejimi Saakaşvilini tədricən öldürür və bunu riyakarcasına nümayiş etdirir..."
"Rusiyalılar Saakaşvilinin hansı vəziyyətdə olduğunu görəndə sevinc içərisində olub..."
"Bu prosesi idarə edənlər sistemə qarşı etiraz edən, imperiyaya qarşı çıxan liderlərin aqibətini nümayiş etdirmək istəyir..."
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin silahdaşı və Gürcüstanın müxalif "Vahid milli hərəkat" partiyasının rəhbəri vəzifəsinə namizəd Nona Mamulaşvili Saakaşvili ilə həbsxanada necə davranılması, onun fiziki vəziyyəti, məhkəmənin uzanması, bu məhkəmə prosesinin şəxsən Rusiya prezidenti Putin üçün mənfəəti, habelə Qərbin münasibəti və siyasətçinin xilas edilməsi üsullarından danışıb.
Moderator.az xəbər verir ki, bu barədə o, "QORDON" internet nəşrinə müsahibəsində bəyan edib.
Saakaşvilinin həbsxanada halı pisləşəndə onu klinikaya köçürüblər və orada müalicə almalı olub. Lakin orada onun vəziyyəti daha da pisləşib
- Siz Saakaşvili ilə həbsxanada olduğu müddətdə ünsiyyətdə ola bilmisinizmi?
- Təəssüf ki, mən Gürcüstan parlamentinin yeganə deputatıyam ki, Mixail Saakaşvilinin yanına həbsxanaya buraxılmırdım. Mən onunla yalnız ailəsi və vəkilləri vasitəsilə əlaqə saxlaya bilirdim.
Siz hamınız hökumətimizin göstərdiyi kadrlarda Saakaşvilinin hansı halda olduğunu görmüsünüz. Onlar bunu publikaya göstərməməyə çalışır, bunun üçün müxtəlif səbəblər düşünüb. Məsələn, deyirdilər ki, onun kompüteri yoxdur ki, qoşula bilsin. Siz bu prosesin nə qədər riyakar olduğunu anlayırsınız? Bu, Rusiya DTK-nın təmiz əl işidir!
- Saakaşvilinin vəziyyəti necə qiymətləndirilir?
- Bizim əlimizdə bir sıra beynəlxalq medianın açıqladığı rəy var- Mixail Saakaşvili ağır metallarla zəhərləndirilib. Təəssüf ki, daha çoxunu etmək və zəhərləyici maddəni müəyyən etmək kifayət qədər çətindir. Beynəlxalq ekspertlərin tibbi rəyi də var və oradan anlaşılır ki, Saakaşvilinin sağlamlıqla bağlı ciddi problemləri var. Üstəgəl, onu nə iləsə zəhərləməkdə davam edirlər. Onun sağlamlıq vəziyyəti artıq kritikdir. O, çətinliklə hərəkət edir, çətinliklə ünsiyyətdə olur, onun demensiya əlamətləri var-keçmişdə baş verənlər hafizəsində olsa da, son zamanlar baş verənləri yadda saxlaya bilmir. Bu fonda artıq ağırlaşan anoreksiya inkişaf edib.
- Saakaşviliyə indi hər hansı dərman preparatları verilirmi?
- Ona çoxlu müxtəlif, o cümlədən psixotrop preparatlar verilir. Heç kim bu dərmanların bu miqdarda nədən verildiyini və bunun onun sağlamlığına hansı effekt verəcəyini bilmir. Saakaşvilinin həbsxanada halı pisləşəndə, onu klinikaya köçürdülər və orada müalicə almalı idi. Lakin əsində klinikada olduğu müddətdə onun halı daha da pisləşib. Yəni Gürcüstan hökumətinin təklif etdiyi müalicə variantı vəziyyəti daha da pisləşdirir. İnsanın halı günü-gündən ağırlaşır. Düşünürən ki, biz bu "müalicənin" fəsadlarının nəticələrini görürük, madam ki, Saakaşvili hərəkət edə və normal ünsiyyətdə ola bilmir.
Gürcüstan rejimi göstərib ki, hər şeyə getməyə hazırdır, Saakaşvilini tədricən öldürür və bunu nümayiş etdirir
- Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan prezidentinə Saakaşvilinin Ukraynaya təhvil verilməsi xahişi ilə müraciət edib. Necə düşünürsünüz, bu, prosesi ölü nöqtədən tərpədə bilərmi?
- Saakaşvili Rusiya prezidenti Vladimir Putinin bir nömrəli düşmənidir. Bu, faktdır. Gürcüstan hökuməti Putinin oyuncaq rejimidir. O, yalnız Kremldən göstərişlər alandan sonra qərarlar qəbul edə bilər. Bu da faktdır. Ona görə də heç nəyi müstəqil həll edə bilməyən Gürcüstan hökumətinə müraciət etmək havayı vaxt itkisidir.
Bu gün biz gerçək zaman rejimində Saakaşvilinin qətlinin xronikasını görürük. Prinsipial olaraq onu fiziki cəhətdən xilas etməkdir. Gürcüstan rejimi göstərib ki, hər şeyə getməyə hazırdır, o, Saakaşvilini tədricən öldürür və bunu nümayiş etdirir. Bu mənzərə təkcə gürcü publikası üçün deyil. Bu, həm də Rusiyanın Ukraynada etdiklərinin kifayət etmədiyini və daha çox qurbanlar lazım olduğunu düşünən rusiyalılar üçündür. Bu publika Saakaşvilinin bu gün hansı vəziyyətdə olduğunu görəndə sevinc hissi içərisində olub.
Onun Ukrayna vətəndaşı olduğunu, Putinin bir nömrəli düşməni olduğunu və Putin rejiminin əsirində olduğunu nəzərə alsaq, düşünürəm ki, burada yeganə tez həll variantı onu əsir rusiyalılara dəyişməkdir. Başqa cür bu iş, sadəcə, uzanacaq, Putin rejimi Saakaşvilini Gürcüstanda öldürəcək və biz hamımız bunu müşahidə edəcəyik. Daha məsələnin siyasi deyil, humanitar həllindən söhbət gedir-insanı fiziki cəhətdən xilas etmək lazımdır. Düşünürəm ki, bunu həqiqətən edə biləcək, Kreml ilə əsirlər mövzusunda danışa biləcək yeganə adam prezident Zelenskidir. Düşünürəm ki, Rusiyanı maraqlandıran əsirlər var və Rusiya onları Saakaşviliyə dəyişməyə razı olacaq.
Gürcüstanda Saakaşviliyə qarşı bir neçə cinayət işi açılıb. Məhkəmə araşdırmaları bir ildən artıqdır davam edir
- Məhkəmə əbədi davam etməməlidir. Əgər hökm olarsa, o zaman həm mübadilə, həm təhvil vermə, həm də əhv barədə danışmaq olacaq. Proses necə gedir? Məhkəmənin qərarı nə zaman olacaq?
- Düşünürəm ki, prosesi uzatmaq istəyirlər. Saakaşvilinin halı günü-gündən pisləşir. Bu, Gürcüstan hökumətinin məhkəmə vasitəsilə bizə göstərdiyi ölüm xronikasıdır və ona hesablanıb ki, imkan daxilində zamanla çox uzansın və nə qədər riyakar səslənsə də, daha çox nəticə əldə olunsun. Bu prosesi idarə edən adamlar bütün digər etiraz edən liderlərə onların sistemə qarşı, imperiyaya qarşı çıxmağa cəsarət etsələr, onları nələr gözlədiyini əyani şəkildə nümayiş etdirməlidir. Bu, Putinin sadist metodlarından biri-öz düşmənlərini necə cəzalandırdığını göstərməkdir.
Qərb Gürcüstan rejiminin nə qədər qəddar olduğunu və Rusiya imperiyasına xoş gəlmək üçün nəyə getməyə hazır olduğunu hələ sonadək anlamayıb
- Qərbin Saakaşvili ilə baş verənlərə münasibəti Sizi qane edirmi?
- Qərb liderləri artıq öz səhvini etiraf edib. 2008-ci ildə Saakaşvili sonradan nələrin baş verəcəyini söyləyəndə, onu dinləmədilər, Qərb Rusiyanı Gürcüstan müharibəsinə görə cəzalandırmadı. Bu, onuna nəticələndi ki, 2014-cü ildə Putin Ukraynaya soxulmağa və 2022-ci ildə Avropa qitəsində tammiqyaslı müharibə törətməyə özündə cəsarət tapdı. Bu səhvləri artıq etiraf ediblər.
Xəbərdarllq edən adam indi həbsxanada ölüm ayağındadır. Və bizim üçün Qərb tərəfdən adekvat reaksiyanın olmamasını anlamaq çox çətindir. Bir çox liderlər artıq öz növqeyini ifadə edərək Gürcüstan hökumətinə müraciət edib. Biz Avropa Parlamenti və ABŞ-ın konkret senatorlarının Saakaşvilinin əfv edilməsi və ya humanitar mülahizələrlə başqa ölkənin klinikasına köçürülməsi ilə bağlı bəyanatlarını eşitmişik. Lakin Moskva tərəfindən idarə edilən oyuncaq rejimdən danışanda cavabında Gürcüstan hakimiyyətinin humanist olacağını və tezliklə Saakaşvilini azad edəcəyini düşünmək sadəlövhlük olardı.
Qərb Gürcüstan rejiminin nə qədər qəddar ola biləcəyini və Rusiya imperiyasına xoş gəlmək üçün nəyə hazır olduğunu hələ sonadək anlamayıb. Qərbin reaksiyası olub, amma kifayət qədər olmayıb. Düşünürən ki, orada Mixail Saakaşvilinin vəziyyətinin nə qədər ağır olduğunu və onu nə qədər tez xilas edilməli olduğunu yalnız indi anlamağa başlayıblar.
- Necə düşünürsünüz, ABŞ və ya, başqa bir ölkə, məsələn, siyasi məhbuslar və hərbi əsirlərin azad edilməsində iştirak edən Türkiyə Saakaşvilinin azad edilməsi prosesini sürətləndirə bilərmi?
- Təbii ki, sürətləndirə bilər. Onlar oliqarx Bidzina İvanişviliyə, o cümlədən indi danışmağa başlanılan sanksiyalar vasitəsilə daha çox təzyiq göstərə bilərlər. Və bu, Qərb tərəfdən çox böyük kömək olardı. Təəssüf ki, belə qərarın verilməsi, onu müşayiət edən bürokratiya bizə Saakaşvilini xilas etməyə zaman saxlamır. Sanksiyaların tətbiq edilməsini, onların qüvvəyə minməsini gözləmək imkanımız daha yoxdur. Biz Saakaşvilini, sadəcə, itirə bilərik.
Türkiyəyə gəldikdə, düşünürəm ki, Rəcəb Tayyib Ərdoğan Putinə təsir göstərə bilər. Bir daha deyirəm: hamı anlayır ki, Gürcüstan hökuməti ilə danışmaq mənasızdır. O, qərar qəbul edə bilməz, qərarlar Kremldə qəbul edilir. Ona görə də Kremlin sahibi ilə birbaşa danışan və Saakaşvilinin azadlığına çalışan adamların sayı nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Bu gün bu, ən tez həll variantıdır. Bütün başqa həll variantları zaman alacaq və ölümlə nəticələnə bilər.
Yelena Poskannaya, jurnalist, redaktor