Xankəndində separatçılar tərəfindən növbəti mitinq keçirilib. Aksiyada kütləvi xarakter yaratmaq üçün bütün inzibati orqanlara konkret tapşırıqlar verilib, ətraf kəndlərdən sakinlərin gətirilməsi üçün avtobuslar təşkil edilib, maşın sürənlərə pulsuz yanacaq paylanıb. Üstəlik, mitinqdə iştiraka görə hər bir erməniyə 30-40 dollar vəd edilib, hadisə yerindən çəkiliş üçün pulsuz internet paketi paylanıb.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında bildirib ki, sözügedən aksiya Rusiyanın hazırladığı layihədir:
“Çünki Rusiya Ruben Vardanyanı Paşinyanın yerinə gətirmək istəyir. Ona görə də Putin fərman verərək, Vardanyanın Rusiya vətəndaşlığından çıxmaq üçün müraciətini təsdiqlədi. Halbuki, Vardanyan neçə vaxtdır Qarabağda idi. Məhz Azərbaycanın tələbindən sonra bu addımı atdılar”.
“Görünən odur ki, Rusiyanın kəşfiyyat orqanları yeni layihə hazırlayıb. Layihənin də əsas məqsədi dinc əhalini bir-biriylə üz-üzə gətirmək və təxribata yol açmaqdır. Bununla da məqsədlərinə nail olmaq istəyirlər”-deyə, Nuriyev vurğulayıb.
Professorun sözlərinə görə, aksiya iştirakçılarının çoxu əli silah tutan insanlardır:
“Azərbaycan uzun müddətdir tələb edirdi ki, silahlı birləşmələr Qarabağdan çıxarılsın, buna baxmayaraq, orada hələ də minlərlə qeyri-qanuni silahlı birləşmənin üzvü var. Onları mülki formada geyindirib salıblar ortaya, adını da qoyublar dinc əhalinin aksiyası. Onların təqdim etdiyi görüntülərdən də görmək olur ki, təxminən 1000-2000 nəfər mitinq iştirakçısı var. Onlar da ehtimal ki, separatçılardır”.
“Rusiya isə buna paralel olaraq azərbaycanlılarla ermənilər arasında açıq-aşkar qarşıdurma yaratmaq istəyir. Rus sülhməramlılarının Laçın yolundan çadırları yığışdırması da özü bir nömrəli təxribatdır. Bununla hər iki tərəfi qarşı-qarşıya gətirmək istəyirlər. Bunu gərək Azərbaycan tərəfi bəyan etsin. Əgər, onlar sülhü qoruyurlarsa, Azərbaycanın tələblərini də nəzərə almalıdırlar. Çünki BMT nizamnaməsinə görə, sülhməramlının missiyası tərəflər arasında sülh yaratmaqdır. Amma Rusiyanın qoşunları vasitəçilik əvəzinə tərəf tutur, birmənalı şəkildə ermənilərin mövqeyindən çıxış edir. Ona görə də biz həddən artıq ehtiyatlı olmalıyıq və çalışmalıyıq ki, bizim gənclər ermənilərin təxribatına uymasınlar”-deyə, müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib