Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq qurumlara müraciət edib
Gündəm
3517
19 Dec 2022 | 18:16

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq qurumlara müraciət edib

Moderator.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti beynəlxalq qurumlara müraciət ünvanlayıb. Müraciətdə deyilir:

 

“Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində  xalqımıza məxsus təbii sərvətlər erməni separatçıları tərəfindən vəhşicəsinə istismar olunub, ekologiyaya böyük ziyan dəyib. 44 günlük Vətən müharibəsi erməni işğalına son qoysa da, son iki ildə erməni separatçıları tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki sərvətlərimizin talanması prosesi davam etməkdədir. Təbii resurslarımızdan qanunsuz istifadə təbiətin amansızcasına məhv edilməsi prosesi ilə paralel həyata keçirir ki, bu da məlum problemi sadəcə Azərbaycan üçün deyil, bütün dünya üçün aktual edir.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Azərbaycana məxsus təbii sərvətlərin talanmasına, təbiətin məhv edilməsinə son qoyulmasını tələb edir, bütün beynəlxalq təşkilatları, dünya birliyini bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

 

Nəzərinizə çatdırırıq ki, sərvətlərimizin talanmasına, təbiətimizin sistemli şəkildə məhv edilməsinə etiraz əlaməti olaraq dekabrın 12-dən etibarən Şuşada ekoloji fəalların, media nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, sadə vətəndaşların  iştirakı ilə fasiləsiz aksiyalar keçirilməkdədir. Aksiyada məqsəd bəşəriyyətin sağlam gələcəyi, ekoloji təhlükəsizliyi naminə ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq, bölgədə separatizmin inkişafını önləmək, Azərbaycanın suveren ərazilərində Azərbaycanın nəzarətini təmin etməkdir. 

 

Ekologiyanın sərhəd tanımadığını nəzərə alsaq, bu gün ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən ekoloji terroru, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilən cinayət hesab edirik. Hesab edirik ki, bu cinayətin qarşısının alınmasında bütün dünya ciddi həmrəylik sərgiləməli, bu terrorun davam etməsinə, onun fəsadlarının daha da ağırlaşmasına yol verməməlidir.

 

Ümid edirik ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq üçün Azərbaycanın səylərini praktiki şəkildə dəstəkləyəcək, bu terrora son qoymaq üçün rəsmi İrəvana ciddi təzyiqlər göstərəckdir. Dünyanın harasında baş verməsindən asılı olmayaraq, ekoloji terrorun qarşısını almağı bütün bəşəriyyətin mənəvi borcu hesab edir və bir daha planetimizin hər bir üzvünü bu borca sadiq olmağa səsləyirik”.

 

Link kopyalandı!
Son xəbərlər