Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əməkdaşlığı, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) dəstəyi ilə “Cənubi Qafqazda aztəminatlı yerli əhalinin və məcburi köçkünlərin sosial-iqtisadı inkişafı” layihəsi həyata keçirilir. Həmin layihə çərçivəsində Bərdə və Mingəçevirdə Beynəlxalq Zorakılığın Aradan Qaldırılması Uğrunda Mübarizə Günü münasibətilə BMT-nin elan etdiyi “Gender zorakılığına qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş ictimai müzakirə və forum-teatr təşkil olunub.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə gerçəkləşdirilən tədbirlərdə Dövlət Komitəsinin məsul əməkdaşları və GİZ-in nümayəndələri, yerli sakinlər və mütəxəssislər iştirak ediblər.
Bərdədə yerləşən, Ağdam 1 saylı tam orta məktəbdə gender zorakılığına qarşı mübarizə mövzusunda keçirilən müzakirələrdə müəllim və şagirdlər Dövlət Komitəsinin gender komandası üzvlərinin, Gənc Psixoloqlar İctimai Birliyinin psixoloq-mütəxəssislərin çıxışlarını maraqla dinləyiblər, müzakirələrdə fikir və mülahizələrini bildiriblər.
Tədbir başa çatdıqdan sonra Dövlət Komitəsinin nümayəndələri Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 42 saylı Qalayçılar Kənd Kitabxanasına 1 ədəd kompüter dəsti və 154 nüsxə kitab ianə ediblər.
Sonra Mingeçevir şəhərindəki 504 məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə “Dünyanı Narıncıya Boyayaq” adlı forum-teatr təşkil olunub. Həvəskar gənclərin təqdim etdiyi iki tamaşada məqsəd ictimaiyyətin diqqətini gender zorakılığına qarşı fəallığa cəlb etmək olub. Formata uyğun olaraq məcburi köçkünlər də forum-teatrda fəal iştirak ediblər.
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş tədbir fəal iştirakçılara sertifikatların verilməsi, həmçinin GİZ-in məcburi köçkün gənclər arasında keçirdiyi fotomüsabiqənin qaliblərinin mükafatlandırılması ilə yekunlaşıb.